“Ermənistana qazın ötürülməsi Bəyanata əməl etdikdən sonra reallaşmalı idi”

image-gazoprovodbackend

Azərbaycan Dövlət Neft Şirkəti və “Qazprom” şirkəti martın 16-da Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb.

Müqaviləyə görə,  Rusiya “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri apardığına görə Azərbaycan Dövlət Neft Şirkəti 3 həftə ərzində Ermənistandakı istehlakçılara qaz tədarük edəcək. Yayılan məlumatda bildirilir ki, işlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla–Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.

Bəs, Rusiyanın bu istəyini necə anlamaq olar? Xüsusən də Ermənistanın üçtərəfli Bəyanatlara tam əməl etmədiyi vaxtda, bu prosesi necə dəyərləndirmək olar?

Sualları Busaat.az-a cavablandıran “Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullzadə bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti arasında Ermənistana qazın Azərbaycan üzərindən ötürülməsi ilə bağlı bağlanan saziş regionda Ermənistan-Azərbaycan münasibətlərinə necə təsir edəcəyini əvvəlcədən dəqiqləşdirmək lazım idi: “Təbii ki, bu saziş birbaşa Kremlin iradəsindən irəli gəlir və Moskva belə bir proses yaradır ki, artıq iki ölkə arasında münaqişə yoxdur və bu qazın Azərbaycan üzərindən Ermənistana ötürülməsində heç bir problemdən söhbət gedə bilməz”.

“Amma biz bilirik ki, Azərbaycanla Ermənistan arasında hər hansı bir sülh müqaviləsi bağlanmayıb, Ermənistan 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar Bəyanatlarının bir neçə bəndini həyata keçirmir və Ermənistanda hələ də revanşist əhval-ruhiyyə qalmaqdadır. İlk növbədə Nikol Paşinyan Qarabağın status məsələsini də artıq ortaya atır, Qarabağdakı ermənilərin “hüquqlarından” danışır və çalışır ki, Qarabağ problemi hələlik gündəmdə qalsın. Belə olan təqdirdə, Azərbaycanla Ermənistan arasında hər hansı bir sülh sazişi, yaxud komunikasiyaların açılışı və əməkdaşlığın edilməsi qeyri-mümkündür. Onsuz da Azərbaycan Ermənistansız da Qərbə açılır, öz komunikasiya, nəqliyyat dəhzlilərini həyata keçirir və inkişaf edir. Dalana dirənən və iqtisadi blokadada olan Ermənistandır. Biz nə üçün Ermənistanı bu iqtisadı blokadadan çıxarmalı, ona əl uzatmalıyıq? Ona görə də rəsmi Bakı müəyyən dərəcədə bu kimi tələskənliklərə yol verməməlidir”-deyə, politoloq vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Bakı ilə Moskva arasında müəyyən razılaşmalara uyğun olaraq Bakı Ermənistana qazın verilməsinə razı olub: “Amma fikir verməliyik ki, qazın Azərbaycan üzərindən Ermənistana ötürülməsi, Ermənistanın bizə qarşı məlum mövqeyinin dəyişəcəyi anlamına gəlib, gəlməməsi ilə bağlı sual yaradır. Düşünürəm ki, hələ uzun müddət bu dəyişiklik baş verməyəcək. Amma Azərbaycan Ermənistana göstərməlidir ki, belə bir jest edir və Ermənistan da qarşılığında Mehri dəhlizi və Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirsin. Hesab edirəm ki, Azərbaycan tərəfi tələskənliyə yol verib və bu razılaşmaya gedilməməli idi. Bu razılaşmaya o vaxt gedilməli idi ki, Mehri dəhlizi açılmalı, erməni silahlı birləşmələri Rusiyanın məsuliyyət zonasında olan Qarabağ ərazilərindən çıxarılmalı və bundan sonra Ermənistana enerjinin ötürülməsinə icazə verilə bilərdi. Görünən odur ki, Azərbaycn bu məsələləri qabaqlayıb və mənə görə, bu proses bizim maraqlarımıza uyğun deyil”.

“Lakin o da ola bilər ki, hansısa pərdəarxası diplomatik danışıqlar olub və Azərbaycan hakimiyyəti bu danışıqlara əsasən, Rusiyadan qazın tranzitinə icazə verib. Düşünürəm ki, Ermənistan bununla müəyyən qədər əlini gücləndirəcək və Paşinyan daxili auditoriyaya mesaj verəcək ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırma çalışır. Lakin Paşinyanın bu günki, ritorikası, yəni, Qarabağın statusunu qaldırması, Qarabağ ermənilərinin özünüidarə hüququnun, yəni, “müstəqilliyinin” tanınmasını tələb etməsi Azərbaycanın jetsləri ilə ziddiyyət təşkil edir. Hesab edirəm ki, Azərbaycan Cənubi Qafqazda regional güc olduğunu bir daha isbat elədi və Ermənistana göstərdi ki, Ermənistan Azərbaycansız heç nədir və səfalətə düçar olan bir ölkədir”-analtik əlavə edib.

Əsədullzadə yekun olaraq Azərbaycanın bu prosesdə heç nə itirməyəcəyini diqqətə çatdırıb: “Sadəcə olaraq, rəsmi Bakı tələskənliyə yol verir və düşünürəm ki, Ermənistana enerji təchizatının tranzit edilməsi yalnız Ermənistan öhdəliklərə əməl etdikdən sonra reallaşmalı idi”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki