Texnologiya əsrində yaşamaq insanlara rahatlıqla yanaşı, gözlənilməz problemlər də yaşadır. Yaşadığımız texnoloji dövr kiber risklərini və kiber təhdidlərini də aktual edir. Müxtəlif niyyətli hakerlər, yaxud haker qrupları nəinki vətəndaşların bank kartlarına, hökumət qurumlarının datalarına, qurumların arxivlərinə, KOB-lara, klinikikalara və bir çox quruma, təşkilata zərər verə bilər.
Yaxın keçmişə nəzər salaq; 44 günlük Vətən müharibəsi dönəmində Ermənistan hakerlərinin Azərbaycanın müxtəlif dövlət qurumlarının və xəbər agentliklərinin saytlarına kiberhucum təşkil etməsi geniş yayılmışdı. Ermənistanın kapitulyasiyasından sonra həmin kibercinayətkarlar fərqli yollara əl atmağa başlayıblar.
Belə ki, son bir il ərzində müxtəlif ölkələrin (Rusiya, ABŞ, Hindistan) şirkətləri tərəfindən Azərbaycanın rəsmi saytlarının poçt ünvanına mərc oyunları ilə bağlı təkliflər gəlir. Göndərilən təkliflərdə çox vaxt ssenari eyni olur. İstifadəçiyə hiperlink göndərilir. Hakerlər hiperlinkdə göndərdiyi kazino oyunlarının altında yatan müəyyən kodlar vasitəsilə bizim kompüterlərimizə və telefonlarımıza yerləşir. Bununla da qarşı tərəf gündəlik həyatımızda yazışmalarımız, səs fayllarımız, şəxsi arxivimiz, hətta telefonumuzun yaddaşındakı bütün materiallara qədər ələ keçirir. Bununla da həm jurnalistlərin, həm blogerlərin, sıravi vətəndaşların gündəlik həyatlarında baş verən bütün hadisələr asanlıqla izlənilir. Əksər Azərbaycan seqmentində jurnalistlərinin və blogerlərin dataları bu yolla ələ keçirilir. Bu təkliflərin bir çoxu saxta ad və başlıqlar altında göndərilsə də, bəzilərində göndərən şəxsin kimliyi və milliyyəti görünür.
Busaat.az-ın da elektron poçt ünvanına bu kimi məktublar gəlməkdədir. Onlar arasında biri xüsusilə seçilir ki, o da Ermənistan vətəndaşı David Qriqoryan adlı şəxs tərəfindən göndərilib. O, saytımıza mərc oyunlarının təbliği ilə bağlı məqalə dərc etmək üçün müəyyən məbləğ təklif edib, redaksiyanın cavabını gözlədiyini vurğulayıb.
Qeyd edək ki, sözügedən kiberhücumçular iz itirmək üçün çoz vaxt kriptovalyuta və yaxud Webmoney, Payoneer, PayPal kimi ödəniş üsullarından isifadə edirlər.
Azərbaycanda qeyri-qanuni mərc oyunlarının rəsmi yayımının qadağan olması fonunda redaksiyadaxili siyasətin Azərbaycan qanunvericiliyinə tam uyğunlaşdırılması bizi ermənilərin yeni tələsinə düşməkdən qorusa da, həmkarlarımızı, həmçinin vətəndaşları bu məsələdə diqqətli olmağa çağırırıq.
Məsələyə hələlik burda nöqtə qoysaq da, araşdırmalarımız davam edir. Növbəti yazımızda dəqiq statistik məlumatlar, məsləhətlər geniş yer alacaq.