Fransa Senatı qondarma qurumu tanımaqla bağlı qətnaməni müzakirəyə hazırlaşırbackend

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. 

Busaat.az  xəbər verir ki, qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onun tanınmağa ehtiyacı olduğunu iddiasının lobbiçiliyi üzərində qurulub. Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən bu, yalnız bir qətnamədir və onun icrası məcburi deyil. Ümumilikdə Fransanın Vətən müharibəsinin başladığı gündən etibarən ATƏT-in həmsədr ölkələrindən biri kimi Azərbaycana qarşı sərgilədiyi mövqedə nümayiş etdirdiyi qərəz hər kəsə məlumdur. Şübhəsiz ki, bu qətnamə də erməni lobbisinin ciddi cəhdləri sayəsində ərsəyə gəlib və onu növbəti təxribat adlandırmaq olar. Məlumdur ki, bu ölkədə bəzi siyasətçilər, parlament üzvləri erməni lobbisinin təsir dairəsindədirlər. Ermənilər onların vasitəsilə öz niyyətlərini həyata keçirməyə çalışırlar.

Qondarma qurumu tanımaqla bağlı qətnaməni irəli sürənlərin nəzərinə Ali Baş Komandan, Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirləri bir daha xatırlatmaq yerinə düşər. Ölkə başçısı müsahibəsində bildirmişdi ki, əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər: “Marsel şəhərində ermənilərə Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları, Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.

Qeyd edək ki, Senat Fransanın xarici siyasətinin müəyyənləşdirilməsində son söz sahibi olan təsisat deyil. Qətnamələr yalnız hökumət icazə verdiyi təqdirdə, səsverməyə çıxarıla bilər.

Bildirək ki, qətnamənin təşəbbüskarları senatorlar Bruno Retailleau, Patrick Kanner, Hervé Marseille, Mme Éliane Assassi və Guillaume Gontarddır.

Sözügedən senatorlar Makron hökumətinə qarşıdır. Bu fakt hökumət və  onun senatdakı opponentləri arasında ziddiyyətlərin növbəti təzahürüdür. Digər bir versiya isə ondan ibarətdir ki,  Prezident E.Makron sənədi öz rəqiblərinin vasitəsilə Senata çıxarmağa çalışır.  Hər bir halda bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirmir.

Fransa Senatı erməni lobbisinin maraqlarını əsas götürür. Halbuki Senat Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır.

Məsələn, İtaliya Deputatlar Palatası  Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib. Sənəddə həmçinin münaqişənin tarixi və hüquqi çərçivəsi haqqında məlumat verilərək 1991-1994-cü illərdə hərbi əməliyyatlar nəticəsində 30 min insanın həlak olduğu, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyü, 1993-cü ildən etibarən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi ətraf rayonunun Ermənistanın nəzarəti altına düşdüyü, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə öz mövqeyini bəyan etdiyi vurğulanır.

Fransada isə belə ziyanlı təşəbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışır.

Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər.  Fransanın 10 noyabrdan əvvəlki vəziyyətin davam etməsində maraqlı olduğu görünür. Ən əsası isə hər dəfə vasitəçilik missiyasından kənar olaraq Ermənistanın tərəfindən çıxış etməsi təəssüf hissi doğurur.

Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasətini Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir. Ona görə də Azərbaycan ictimaiyyəti Fransanın Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yönəlik cəhdlərini qəti şəkildə pisləyir.