Jalə Əhmədova: ““Şuşa Bəyannaməsi” iki ölkənin münasibətlərinin gələcəyini müəyyən edir”

image-media-jale-149tl8a6yqk5nx0ruzwh-620x326-4backend

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu Bəyannamə Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj olmaqla yanaşı, həm də müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir.

Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Belə ki, ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir, həmçinin əhatəli sülhə və inteqrasiyaya yol açır.
Şuşa Bəyannaməsi həm də əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq bir sənəddir. Onun sayəsində regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq, Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkələrimizin beynəlxalq nüfuzunu da artırır.
Bu bəyannamə iki ölkə arasında münasibətlərin gələcəyini müəyyən edir, bu əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Ulu Öndər Heydər Əliyevin isə “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarına istinad olunması siyasi ənənələrə ehtiramın göstəricisidir.
Sevindirici haldır ki, bu gün Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir və bu, geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək digər bir məsələ ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır və inteqrasiyanı dərinləşdirir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin də Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrimizin hərbi qüdrətini artıracaqdır. Azərbaycan İkinci Qarabağ müharibəsində böyük rol oynamış pilotsuz uçuş aparatlarının istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Bəyannamə həm də Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Belə ki, beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan məsələlər də bəyannamədə öz əksini tapıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki