Koronavirusdan bu yolla qurtula bilərik – Rəşad Mahmudov detalları açdı

image-128290941_216976213173339_7843610448149000296_obackend

Ürək-damar və şəkərli diabet xəstəlikləri olan, həm də əməliyyat olunan insanları bu gün narahat edən əsas məsələ vaksinasiyadır. Bu xəstələrdən niyə peyvənd olunmadığını soruşanda deyirlər ki, xəstəliyimiz var, həkimlər də, özümüz də riskli ola biləcəyini düşünürük.

Təəssüf ki, bəzi insanlar, hətta tibb işçiləri terminologiyada bəzi məsələləri hiss etmədən qarışdırırlar. Halbuki vaksinasiya proqramı başlananda Ümumdünya Səhiyyə Təşkilatı ilk növbədə kimlərin vaksin vurdurması barədə siniflənmə ortaya qoymuşdu. Bildirilmişdi ki, riski yüksək xəstəliyə sahib olan insanlar ilk sırada vaksinasiya olunmalıdır.

Busaat.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov deyib. Həkim bildirib ki, riski yüksək olan insanlar hamıdan əvvəl peyvənd olunmalıdır:

“Bu insanlar real koronavirus ilə qarşılaşdıqları zaman ağciyər tutulması ilə birlikdə digər orqanların da bu prosesə zəncirvari qatılma və ağırlaşma ehtimalı yüksəkdir və daha çox ölümə səbəb olur. Dünyada statistik olaraq artıq sübuta yetirilib. Odur ki, cəmiyyətdə vaksinlə bağlı bilinən səhv düşüncəni düzəltmək istərdim.

Yüksək təzyiq və ya ürək-damar xəstəliklərindən əziyyət çəkən, buna bağlı olaraq açıq ürək əməliyyatı olunan və stent qoyulmuş insanların birinci peyvənd olunması xüsusilə vacibdir. Bizdə isə səhv yanaşma var, həmin insanlar peyvənd olunmaqdan çəkinirlər. Bəzi klinikalarda həkimlər də əməliyyat olunmuş insanların peyvəndlənməsinə qarşı çıxırlar. Bu, qətiyyən qəbul olunmayan səhv yanaşmadır. Həm ölkəmizdə, həm də dünyada ən çox ölümə səbəb olan bir nömrəli xəstəlik ürək-damar xəstəlikləridir. Bu xəstəlikdən əziyyət çəkən insanın peyvəndi hamıdan tez vurdurması məsləhətdir. Ümid edirəm ki, icra strukturları qısa müddətdə bu məsələ ilə əlaqədər konkret addımlar atacaq”.

R.Mahmudov qeyd edib ki, dializə gedən xəstə peyvənd olunmazsa, koronavirusa yoluxduğu zaman ciddi fəsadlarla üzləşə bilər:

“Bu xəstələrin ağırlaşma ehtimalı yüksəkdir. Bəzi həkimlər tiroid xəstələrinə peyvənd vurulmasını doğru hesab etmir və bunu ümumi immun sisteminin zəifləməsi ilə əlaqələndirir. Bu zaman məntiqi sual yaranır. Əgər immun sistemi nəzarətli şəkildə bədənə yeridilən zəiflədilmiş virus modelinə dözə bilmirsə, o halda virusun canlı və daha təhlükəli versiyası ilə qarşılaşdığımız zaman nə olacaq?

Xüsusi immun xəstəliklər var ki, əhali arasında bəzən çaşqınlığa səbəb olur. İnsanlar deyir ki, ailəmizdə filankəsin immuniteti zəifdir. Elə bir şey yoxdur. İmmun sistemi xəstəliyi diaqnostikası ən çətin olan diaqnozlardan biridir. O insanlar xəstəxanalardan ümumiyyətlə küçəyə çıxa bilmirlər”.

Psixoloji baxımdan çox çətin bir il keçirdiyimizi deyən həkim əlavə edib ki, koronavirus sadəcə səhhətimizdə deyil, sosial həyatımızda, insan haqlarında əngəllər yaratmağa davam edir. Lakin ona qalib gəlmək öz əlimizdədir:

“Ötən il maddi problemlərlə yanaşı, sosial çətinliklərlə yadda qaldı. Ümumbəşəri problemin həllində bu gün ölkələrin və qurumların verdiyi qərarlara bəhanələr ortaya qoymaq qəbul olunan yanaşma deyil. Bu, kimsənin arzuladığı vəziyyət deyil. Bu, bəşəriyyətin ortaq bəlasıdır. Odur ki, üç sadə qaydaya riayət etməklə ən azından həmrəy olduğumuzu göstərə bilərik. Bununla da dünya ilə birlikdə bu bəladan addım-addım qurtula bilərik”.

Publika.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90