Məlum olduğu kimi, Türkiyənin Rusiya istehsalı olan “S-400” zenit raket komplekslərini alması NATO-da gərginlik yaratmışdı. Artıq Almaniya donanmasında da Rusiya istehsalı olan cihazlardan istifadə olunduğu üzə çıxıb. Belə ki, NATO üzvü Almaniyanın Baltik dənizindəki sualtı qayıqlarında 2005-ci ildən bu yana Rusiya istehsalı naviqasiya cihazlarından istifadə etdiyi məlum olub. Türkiyənin Rusiya istehsalı S-400 zenit raket komplekslərini almasının NATO-da gərginlik yaratdığı bir şəraitdə bu xəbər Avropada böyük səs-küyə səbəb olub.
Bəs, bu fonda proseslər necə cərəyan edə bilər? Baş verənlər NATO daxilində gərginlik yarada bilərmi?
Prosesləri Busaat.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Türkiyənin Rusiya istehsalı “S-400” zenit raket komplekslərini alması NATO daxilində olan ziddiyyətlər və fikir ayrılıqlarından sonra baş verib: “”S-400” zenit raket komplekslərinin alınması Türkiyənin öz ərazi bütövlüyü və təhlükəsizliyini qorumaq səbəbindən meydana gəlib və Türkiyə ona görə bu addımı atıb. Lakin Türkiyənin bu addımı heç bir halda NATO-ya qarşı olmayıb. Eyni zamanda, “S-400”lərin alınması Türkiyəyə vəd edilən Amerika Birləşmiş Ştatları istehsalı “Patriot” raketlərinin verilməməsindən sonra olub. Həmçinin, bölgədə kürd separatizminin Türkiyə sərhədlərinin yaxınlığında müxtəlif təxribatlar və diversiya hərəkətləri həyata keçirməsi, ölkə daxilində formalaşmış separatçı meyillərin artan təhlükəsi və Türkiyənin ərazi bütövlüyünə təhdid yaratması Türkiyəni bu addımı atmağa vadar edib. Bununla yanaşı, “S-400” raketləri hava hücumundan müdafiə sistemi kimi öz effektivliyini göstərib və müxtəlif sınaqlardan çıxaraq yüksək nəticələr əld edib. Türkiyə də öz ərazisini qorumaq üçün zenit raket komplekslərini əldə edib”.
“Son dövlər isə Almaniya donanmasında da Rusiya istehsalı olan naviqasiya qurğuları və s. bu tipli cihazlardan istifadə olunduğu üzə çıxıb. Lakin bu o demək deyil ki, Almaniya silah arsenalında Rusiya istehsalı olan avadanlıqlardan geniş şəkildə istifadə edilir. Çünki Almaniyanın kifayət qədər özünəməxsus səmərəli müasir texnologiyası və müdafiə sənayesi kompleksləri var və Rusiya istehsalına ehtiyac duyulmur. Lakin buna baxmayaraq, bu cihazın meydana çıxması Almaniyada böyük səs-küyə səbəb olub”-deyə, politoloq vurğulayıb.
Hüseynov onu da əlavə edib ki, Şimali Atlantika alyansı daxilində sakit şərait olsa da gərginlik davam edir: “Belə ki, müttəfiq ölkələr arasında müxtəlif məsələlərdə bir sıra fikir ayrı-seçkiliyi özünü birzə verir. Bu ayrıseçkilik NATO-nun iştirakı ilə həm Yaxın Şərq, həm də Avropa İttifaqının sərhədləri çərçivəsində baş verir və alyansın hərbi-siyasi mövcudluğu ilə bağlıdır. Ki, biz bu ayrıseçkiliyi Türkiyəyə qarşı da görür, ittifaqda əsas rolu oynayan ABŞ-ın Türkiyə ilə Yunanıstan arasında revaranslar etdiyinin şahidi oluruq. Həmçinin, Almaniya və Fransa tərəfindən də Türkiyəyə qarşı müxtəlif təzyiqlər həyata keçirilir. Çünki Türkiyənin regionda həyata keçirdiyi siyasətdən NATO bloku daxilində narahatlıq keçirən qüvvələr var. Bu gərginlik NATO-nun çətiri altında nizamnaməsinə uyğun olaraq müəyən mənada aşağı salınsa da, bəzi hallarda ritorikanın sərtləşdiyini və eskalasiyaya gətirib çıxaran müxətlif bəyanatları müşahidə edirik. Bu gərginliklərin aşağı salınması üçünsə siyasi danışqları və dialoqları bərpa etmək lazımdır”.
“Ümumilikdə isə son dövrlər “Soyuq müharibə” ilə bağlı çağırışların olduğunu müşahidə edirik. Hətta, “Soyuq müharibə” dövrü ilə bağlı kəskin fikirlərin səsləndiyini də görürük. Həmçinin, Rusiya istehsalı olan naviqasiya cihazlarının Almaniya donanmasında mövcud olması, Türkiyənin Rusiyadan “S-400” raketləri alması NATO daxilində böyük təşvişə və həyacana səbəb olur. Lakin düşünürəm ki, müharibəyə və gərginliyin artmasına səbəb olan açıqlamaları və sərt ritorikanın aşağı salınması üçün əməkdaşlıq formatlarını yenidən işə salmaq lazımdır”-deyə, müsahibimiz fikrini yekunlaşdırıb.
Müəllif: Mərahim Nəsib