“Nazirlər Kabinetinin xalqdan, onun dərdindən, problemindən xəbəri yoxdur ” – Tural Abbaslı  

image-1614098309_tur-2backend

“Nazirlər Kabineti insanların həyatına təsir edəcək qərarlar verməlidir”

Son günlər çıxışları ilə sosial şəbəkələrdə daha çox müzakirə obyektinə çevrilib. Ağ Partiyanın sədri, gənc siyasətçi Tural Abbaslı  suallarımızı cavablandırıb.

– Bir vətəndaş olaraq ölkədəki karantin qaydaları sizi nə qədər qane edir və hansı qaydaların tətbiq edilməsini əsassız hesab edirsiniz?

– Artıq koronavirus infeksiyasının vaksinasiyası da başlayıb, yəni ölkədə yoluxma əvvəlki templə davam etmir. Bu səbəbdən tətbiq edilən karantin qaydalarında bəzi yumşaldılmaların edilməsi vacibdir. Hansı ki, həmin qaydaların xeyrindən çox, ziyanı var.
Misal üçün açıq havada maskadan istifadəyə qoyulan qadağanın əleyhinəyəm. Çünki açıq havada bu maskaların istifadə edilməsinin heç bir mənası yoxdur. Təsəvvür edin ki, parkda, hər hansı istirahət məkanında, ara məsafəsi 5-10 metr olan yerdə insan nə üçün maskasını çıxarıb, təmiz hava qəbul etməsin? Maskanın qapalı məkanlarda istifadəsi məcburi olmalıdır. Açıq havada maskadan istifadə etmədikdə cərimə yazılaraq vəzifədən sui istifadə edilir. Belə ki, əgər maska vətəndaşın burnundan aşağı olarsa o zaman hüquq mühafizə orqanları ona cərimə yazır. İnsanlar onsuz da qayğı içindədirlər, müxtəlif problemləri ilə mübarizə aparırlar. Bəzən olur ki, şəxsiyyət vəsiqələrini götürməyi belə unudur, hətta o qədər düşüncəli olurki, yaşı, adı da yadından çıxır, nəinki maskanın burundan aşağı olması. Belə hallarda vətəndaşa 200 manat cərimə yazılır. İlk növbədə bu qaydalar ləğv edilməlidir.
İkinci əsas məsələ isə metronun açılmasıdır. Avtobusların hərəkətində insan sıxlığı var, 80 nəfəlik avtobusa 120 nəfər doldurulur. Onsuz da orada heç bir sosial məsafə qorunmur. Metro açılmalıdır ki, yerüstü nəqliyyatın yükü azalsın, insan sıxlığı minimuma ensin. Bu yenə də insanların cibinə təsir edir. Həftə sonları nəqliyyat vasitələri işləmir. Axı həmin günlər işləyən müsəssisələr var, insanların şəxsi işləri olur. Bütün bunlar hazırki reallığa cavab verməyən şərtlərdir.

– Metronun açılması üçün ilk növbədə orada havalandırma sisteminin bərpa edilməsi vacibdir. Görünür bu bir qədər problem yaradır.

– O zaman vaqonların havalandırma sistemini təkmilləşdirmək lazımdır. Bu bilirsiniz nəyə bənzəyir? Pasiyent gedir həkimə ki, başım ağrayır, həkim də deyir ki, gətir o başı kəsək ağrısı keçsin.

– Sosial şəbəkələrdə də bu məsələlər müzakirə mövzusuna çevrilir. Təəssüf ki, öz həllini hələ də tapa bilməyib.

– Məsələ tək metro və maska ilə bitmir. İbadətxanaların, məscidlərimizin hələ də açılmaması inanclı şəxslər arasında xeyrli narazılıq yaradır. Bir ilə yaxındır ki, insanlar cümə namazı qıla bilmirlər. Hansı ki, islam aləmində cümə namazlarının xüsusi yeri var. Heç kimin yadına düşmür ki, ölkədə inanclı şəxslər var.
Bundan başqa şadlıq saraylarınına açılması vacib məsələlərdəndir. Gənclərin ailə qurmaları şadlıq saraylarına görə yubanır. Bu yubanma bizim gələcəyimiz üçün problemlər yaradacaq. Bu qərarlar yenidən dəyərləndirilməlidir. Görünür qərarı kim verirsə onun bəzi məsələlərdən xəbəri yoxdur?

– Məsələn, kimin?

– Məsələn, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xalqdan, onun dərdindən, problemindən xəbəri yoxdur. Şadlıq saraylarında aşbazından, ofisiantından, musiqiçilərindən, sənətçilərindən, fotoqraflarından, video çəkənlərindən, saraylara qida məhsulları satan müəssisələrindən xəbəri yoxdur. Demir ki, bir ildir toylar yoxdur, bu insanlar necə dolanır? Şadlıq saraylarının fəaliyyətinin dayandırılması böyük bir iqtisadiyyatı iflic vəziyyətinə salıb. Deyirlər toy olsa insanlar daha çox yoluxar. Hazırda işləyən istənilən restorana gedin, görəcəksiniz ki, sosial məsafəni qorumaq şərti ilə hər stolda 6 nəfər oturub, onların da çoxunun içərisi müştəri ilə dolu olur. Eyni anda restoran 150-200 nəfər müştərini qəbul edir. Elə həmin anda restorana gəlin və bəy paltarı ilə biri girsə anındaca cərimələnəcəklər. Bu məntiqsizlikdir axı. Belə olan halda niyə şadlıq saraylarını açımırsınız?
Avtobusda insanlar bir-birinin belində gedir. Guya metro açılsa sıxlıq olacaq, yoluxma halları çoxalacaq. Sizin bu arqumentiniz bəhanədir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Nazirlər Kabineti insanların həyatına təsir edəcək qərarlar verməlidir. Yoxsa elə “Babam mənə kor deyib, gəlib gedəni vur deyib” prinsipi ilə yaşamaq olmaz. İnsanların bank öhdəliyi var, komunal ödənişlər etməlidir, ipoteka kreditlərini, təhsil haqqlarını və başqa xərclərini ödəməlidir. Vətəndaşların öhdəsinə düşən bütün öhdəliklər olduğu kimi qalır, amma vətəndaşların hüquqları hələ də bərpa olunmayıb.

– Sizcə bu koronavirus böyük şirkətlərin məhsullarının daha çox tələbatın olması üçün ortaya atılan bir şoudurmu?

– Pandemiya dönəmində müxtəlif korporasiyalar gəlirlərini artırdılar, bəzi şirkətlər sıradan çıxdı, bəziləri daha çox aktual oldu. İnsanları yeni yaşayış tərzini təlqin etdilər. İçi biz qarışıq yeni yaşam forması təqdim olundu və bizə qəbul etdirildi. Yeni yaşam adətləri formalaşdırıldı. Hər yeni formanın yeni bazarı, yeni məhsulu var.

– Söhbət hansı yaşam tərzindən gedir?

– Misal üçün internet istifadəçilərinin, onlayn satışın sayı artdı, onlayn təhsilə keçid edildi. Çox məhsullar öz əhəmiyyətini itirdi, başqa məshullar dəyərə mindi.

– İndiki halda əsas məsələ sözügedən rejimə öyrəşməkdirmi?

– Əsas məsələ sənin bu vəziyyətdən necə çıxmağındır. Hər bir dövlət öz təhlükəsizliyini qoruya bilməli, özünün elmi, sosioloji araşdırma mərkəzləri olmalıdır. Dünya nə istəyir edə bilər. Əlbəttə ki, gəlib bizdən nə istədiyimizi soruşmayacaqlar. Biz özümüz özümüzə cavabdeh olmalıyıq.

– İndi deyirsiniz ki, bizim sosial araşdırmalar mərkəzimiz, elmimiz yoxdur?

– Yox səviyyəsindədir. Elmimizə cavabdeh olan ən böyük təşkilat Milli Elmlər Akademiyasıdır. Amma bu gün Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin şəxsi obyekti kimi fəaliyyət göstərir. Hətta bu Akademiyanın mətbuat xidməti Ramiz Mehdiyevin şəxsi dətərxanası rolunu oynayır, yalnız şəxsinə olan fikirlərə cavab verir. Bir soruşan da yoxdur ki, ay Elmlər Akademiyası koronavirusla bağlı heç olmasa vaksin hazırlanması istiqamətində bir fikir, ilkin addımlar atdınızmı? 3 həkim bir araya gəlib bu mövzunu müzakirə etdimi? Virusla mübarizə üçün labaratoriya quruldumu, alimlərimiz tərəfindən hər hansı təkliflər verildimi, gələcəkdə anonsu verilən virusla bağlı hansısa profilaktik təkliflər, mülahizələr oldumu? Olmadı… Onlar bütün günü vəzifədə oturub bina təmir edirlər. Bağ evlərinin alış-verişi ilə məşğuldurlar. O boyda Elmlər Akademiyası dönüb olub böyük bir jek. Siz onların bu istiqamətdə hər hansı bir layihəsini gördünüzmü?

– AMEA-nın alimlərinin koronavirusa həsr olunmuş şeir müsabiqəsi keçirirək istedad axtarışına çıxdıqlarını daha çox xatırlayıram, nəinki vaksin axtarışına.

– Görürsünüz? Doğrudan da bu faciədir, tragikomik bir vəziyyətdir. Bir müddət ölkədə maska çatışmamazlığı yaranmışdı. Xarici dövlətlər onların ərazisindən keçən maskalara əl qoyurdular. İndi bir anlıq düşünün ki, Çin, Almaniya, Amerika bizə vaksini satmasaydı nə olacaqdı? Əgər desəydilər ki, mənim alimimin ixtira etdiyi peyvəndi satmıram, məhdud saydadır, o da mənim vətəndaşlarıma ancaq çatacaq. Onda biz oturub məhv olmalı idik ki, bizim elmimizə cavabdeh olan adamlar şərab istehsal edir? Yaxud da Azərbaycan Dövlət Tibb Universitetimiz bazarxanaya çevrilib? Bütün bunlar nəzərə alınmalıdır.

– Belə çıxır ki, pandemiya bizə medalyonun digər üzünü göstərdi.

– Əlbəttə ki… Bu boşluqlar pandemiya dönəmində bariz şəkildə üzə çıxdı. Axı biz niyə Çindən asılı olmalıyıq? Hanı bizim təhlükəsizlik konsepsiyamız? “Covid-19”-a minnətdar olmalıyıq ki, bizim boşluqlarımızı göstərdi. Amma bu boşluqlardan necə nəticə çıxarmışıq? Təəsüf ki, bu da göz qabağındadır.moderator

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90