“Özəlləşdirmə çeklərinizi satmayın” – Çağırış

image-cekbackend

Artıq müəyyən müddətdir ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ cəmiyyətin marağındadır. Hətta əlində çeki qalan vətəndaşlar aidiyyatı qurumlara müraciət etməkdə davam edirlər. Çünki zamanında özəlləşdirmə çekləri 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, mülkiyyət hüququna malikdir. Yəni, vətəndaş bu çek hesabına mülkiyyət hüququna malik olur. Bu baxımdan əlində özəlləşdirmə çekləri qalan 33 000 ailə baş nazir Əli Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin sədri Sahibə Qafarova və parlament üzvlərinə açıq məktub yazaraq müraciət edib.

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən Milli Məclisinin sabiq deputatı Gülər Əhmədova bildirib ki, ölkə iqtisadiyyatında dövlətin rolunun azaldılması və özəl investisiyaların artırılması işləri çərçivəsində özəlləşdirmə siyasətində də dəyişiklik edilməsi gözləniləndir.

image-8ad21aeb-e76f-4e9f-9e99-0c0c0c9a5b38

Bu dəyişikliyə özəlləşdirmə çeklərinin yenidən tədavülü kimi proses də əlavə olunarsa, sosial və iqtisadi vəziyyətə müsbət təsirləri qaçılmaz olacaq:

“”Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun lahiyəsində keçmişdə baş vermiş səhvlərin və Konstitusiyaya zidd maddələrin analiz edilərək aradan qaldırılmasına ehtiyac var. Çünki özəlləşdirmə çekləri 1996-cı ildə, tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən, 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. Sadəcə olaraq o vaxtı əllərində çekləri qalan vətəndaşlara çox böyük haqsızlıqlar edilib. Bəzi şəxslər vətəndaşların məlumatsızlığından istifadə edərək əllərində olan çekləri kiçik məbləğli vəsait hesabına əllərinə keçirdilər.

Bu yaxınlarda əllərində çeki qalan vətəndaşların müvafiq qurumlara ünvanladığı müraciətlə tanış oldum. Müraciət müəllifləri “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun lahiyəsində keçmişdə baş vermiş səhvlərin və Konstitusiyaya zidd maddələrin analiz edilərək aradan qaldırılmasına diqqət göstərilməsini istəyirlər. Eyni zamanda tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri və hüquqşünaslar hökumətə çağırış edərək, çekləri əllərində qalmış vətəndaşların problemlərinin həll edilməsinin vacibliyini ifadə edirlər. Fikrimcə, özəlləşdirmə çekləri qiymətli dövlət kağızı olduğuna görə tədavül müddəti yenidən artırılmalıdır. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) nominal dəyərinin qiymətli kağızlar ilə bağlı beynəlxalq sistemdə qəbul edilən qaydalara uyğun olaraq qanunla müəyyən edilməsi zəruridir. Əgər özəlləşdirmə çeklərinin tədavülü bərpa olunarsa, insanların hüquqlarının pozulması ilə yanaşı, digər problemli məqamlar da öz həllini tapacaq. Ona görə ki, vətəndaşın itkilərə məruz qalması və hüquqlarının tapdanması ilk növbədə dövlətin özünə ziyandır. Bu gün əllərdə yüzminlərlə özəlləşdirmə çekləri qalıbsa, onların taleyinə aydınlıq gətirilməlidir.

Qeyd edim ki, “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Qanunun 18.1-ci maddəsinin “Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisələri fərdi layihələr üzrə özəlləşdirilir və bu zaman həmin müəssisəyə strateji investor cəlb etmək məqsədi ilə satışa onun səhmlərinin 51 faizi və ya daha çox hissəsi çıxarılır” qaydası, dövlət özəlləşdirmə payları (çekləri) sahibi olan vətəndaşların yuxarıda qeyd edilən mülkiyyət hüquqlarını pozur, həmin hüquqdan istifadənin qarşısına sədd qoyur, onların gəlirli müəssisələrdə iştirak hüququna mane olur. Qanunla eyni dəyərə malik çeklərin müxtəlif qiymətlərlə ifadə edilməsi üçün dövlət özəlləşdirmə çeklərinin qiymətinin müəyyən edilməsi ilə bağlı II Dövlət Proqramının 4.2.4-cü bəndinin nəzərdə tutduğu sistemin münbit olduğunu rahatlıqla görmək olar. Həmin bənddə deyilir ki, “Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin işçilərə güzəştli satışı məqsəd ilə son 2 çek hərracında satılmış dövlət əmlakının dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə çeklərinin sayına bölünməklə bir özəlləşdirmə çekinin qiyməti müəyyən edilir”. 1993-cü il tarixli Qanun ilə bütün Azərbaycan vətəndaşlarına verilmiş dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət hüququnun 1995-ci ildə qəbul edilmiş Qanunla (I Dövlət Proqramı ilə) qiymətli kağız olan dövlət özlləşdirmə çekinə bağlanması, həmin çekin isə tədavül müddətinin 3 il (sonradan 2011-ə qədər uzadıldı) ilə məhdudlaşdırılması yolu müddətli olduğunu hesab etmək mülkiyyət hüququ ilə bağlı qəbul edilmiş bütün universal qaydalara, konstitusion normalara ziddir.

Sonda əlində çeki qalan vətəndaşlara demək istəyirəm ki, çeklərini satmasınlar. Çünki Cənab Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə yeni özəlləşdirmə qanunu ən geci 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində qəbul olunacağı gözləniləndir”.

Qeyd edək ki, özəlləşdirmə payı və özəlləşdirmə çeklərinə aid müqayisəli hüquqi təhlil ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

https://ayna.az/ozellesdirme-ceklerinizi-suya-atmayin

https://ayna.az/diqqet-ozellesdirme-cekleri-qanunla-quvvededir

https://ayna.az/dovriyyede-qalan-ozellesdirme-ceklerinin-qanuni-ve-faktiki-qiymeti

https://ayna.az/dovlet-ozellesdirme-ceklerinin-qiymeti-ve-manipulyasiyalar

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90