Paşinyan hələ də münaqişənin diplomatik yolla həllini istisna edir

Paşinyan hələ də münaqişənin diplomatik yolla həllini istisna edirbackend

Ermənistan ordusunun məğlubiyyəti ilə barışa bilməyən Nikol Paşinyan daha bir təxribatçı açıqlama verib.

Busaat.az  xəbər verir ki, işğalçı Ermənistanın rəhbərliyi Almaniyanın “ARD” telekanalına müsahibəsində müharibə şəraitində danışıqlar barədə danışmağın normal, lakin real olmadığını deyib.

O, Moskva razılaşmasından da danışıb: “Əslində danışıqların şərtləri 10 oktyabr tarixli Moskva bəyanatında müzakirə edildi və razılaşdırıldı, daha sonra təsdiqləndi. Moskva bəyanatı Rusiya prezidentinin vasitəçiliyi ilə qəbul edildi, daha sonra Fransa və ABŞ prezidentlərinin vasitəçiliyi ilə təsdiqləndi”.

O, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin bu məsələnin müzakirə ediləcəyi və həll ediləcəyi yeganə format olduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, bundan öncə də N. Paşinyan bu tip qərəzli bəyanatlar səsləndirib. Belə ki, o, ötən ay feysbuk səhifəsində canlı yayımda Qarabağdakı münaqişənin diplomatik yolla həlli barədə danışmağın mənasız olduğunu bildirmişdi.

Daha sonra Prezidentin köməkçisi Hikmət Hacıyev onun açıqlamasına münasibətində qeyd etmişdi ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir:

“Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır.  Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur”.

Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanat vermişdi: “Ermənistan Baş naziri N.Paşinyan münaqişənin diplomatik həlli yoxdur deyə açıqlama ilə çıxış edərək, Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş oldu”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90