Paytaxtın narkoman sürücüləri: nəqliyyat sektorundakı xaosun səbəbləri – araşdırma

image-cd1c47dee58b75308a21eae18c5c219bbackend

Ekspert: “Bu məsələdə çox ehtiyatla davranmaq lazımdır, çünki…”

Son günlər narkotik istifadə edib sükan arxasında oturan sürücülərin sayının artması cəmiyyəti narahat edən əsas mövzulardan birinə çevrilib. Hətta bu sürücülər arasında avtobus idarə edənlər də var. Bu kimi hallar hər gün taksidən və marşrut avtobuslarından istifadə edən minlərlə insanın həyatına ciddi təhlükə deməkdir.

Xüsusilə taksi xidmətlərində bir nəzarətsizlik və xaos hökm sürməkdədir. Əgər əvvəllər bəzi taksi şirkətləri heç olmasa işə götürdükləri sürücülərlə üzbəüz görüş keçirirdilərsə, indi onlayn qaydada işə qəbul həyata keçirilir ki, bu da qətiyyən yolverilməzdir.

Məsələn, Bakıda daha çox istifadə edilən “189″, ”Bolt”, “Uber” kimi taksi şirkətlərdə işləmək üçün onlayn qaydada  sürücülük vəsiqəsini göndərib qeydiyyatdan keçmək kifayət edir ki, sürücü olasan. Bir çox sürücülər ümumiyyətlə, rayonlardan gəlib Bakıda sürücülük edirlər ki, onların da əksəriyyəti paytaxt yollarını tanımır, yalnız “naviqator”a güvənərək taksi xidməti göstərirlər. O səbəbdən heç bir tibbi yoxlanışdan keçməyən, bəlkə də əqli cəhətdən zəif, zorakılığa meylli olan bəzi şəxslər Bakı küçələrində hərəkət edir, həm sərnişinlərin, həm də digər yol hərəkət iştirakçılarının həyatını riskə qoyur.

Qeyd edək ki, yaxın vaxtlarda sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin qadın sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər də paylaşılmışdı.

Daxili İşlər Nazirliyindən isə bununla bağlı araşdırma aparıldığı bildirilib: “Qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in ”102 Zəng Mərkəzi” xidmətinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə qadın vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır. Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzunu “Yeni Müsavat” a belə şərh edib: “Azərbaycanda bu gün formalaşan taksi xidməti əlçatandır. Çünki qiymətlər də münasibdir və bugünkü taksi xidməti Azərbaycanda sırf bazar iqtisadiyyatı əsasında formalaşıb, tələb-təklif əsasında formalaşıb. Bu gün bizim vətəndaşların seçim imkanları var. Taksi operatorlarının çoxluğu, əlbəttə, ki, burada rəqabəti artırır və rəqabət artdığı təqdirdə də istehlakçıya, bu nəqliyyatdan istifadə edən sərnişinlərə daha xeyirlidir. Bu gün Azərbaycanda taksi üç istiqamətdə formalaşıb. Birincisi, özünün avtomobil parkı olan taksi şirkətləri, üçünjüsü avtomobil parkı olmayan taksi operator şirkətləridir. Bu şirkətlər sürücü ilə sərnişin arasında kontakt yaradır və burdan öz faizini, komissiyasını əldə edir. Üçüncü istiqamət isə fərdi qaydada hər bir vətəndaş öz avtomobili ilə vergi ödəməklə taksi xidməti ilə məşğul ola bilir. Bu yaxşı haldır. Çünki bəzən bizim işsiz olan vətəndaşlarımız da bu taksi xidmətində çalışmaqla, taksidə çalışmaqla öz fərdi avtomobili ilə müəyyən müddət ərzində öz sosial rifahını dayanıqlı saxlaya bilir”.

Ekspert qeyd edib ki, ölkəmizdə sürücülərin narkotik vasitə istifadə edərək və ya spirtli içki içərək nəqliyyatda çalışması artıq böyük bir problemə çevrilib: “Artıq cəmiyyət bu problemin həllini tələb edir. Amma bu məsələdə bir qədər ehtiyatlı davranmaq lazımdır. Çünki avtobusda və taksidə çalışan belə məsuliyyətsiz sürücülərlə yanaşı, peşəkar sürücülər də var. Ailəsinə çörək qazanan, başqa işi olmayan vətəndaşlarımız var. Bu iş elə görülməlidir ki, onlara zərər gəlməsin. Ona görə də sərxoş olan və yaxud da narkotik vasitə qəbul etmiş sərxoş sürücülərin aşkarlanması, tapılması, cəzalandırılması və nəqliyyat vasitəsindən onların istifadə etməsinin qarşısı alınması birbaşa olaraq Dövlət Yol Polisinin səlahiyyətindədir. Bu işləri Dövlət Yol Polisi həyata keçirir. Lakin burada cəmiyyətimizin üzərinə də böyük məsuliyyət düşür. Biz ictimai qınaqla yanaşı, həmçinin özümüz də ictimai nəqliyyatın istifadəçisiyik. İctimai qınaqla yanaşı, insanlar mütləq həmin sürücüləri aşkarladıqda, hətta yuxulu vəziyyətdə sükan arxasında əyləşən sürücüləri gördükdə mütləq bu məsələləri ictimai müzakirəyə çıxarmalıdırlar. Hətta lazımi qurumlara, Dövlət Yol Polisinə ”102″  xidmətinə mütləq xəbər versinlər ki, baş verə biləcək faciələrin qarşısı alınsın”.

Eldəniz Cəfərov: "Təkrar avtomobil bazarında qənaətcil avtomobillərə  tələbat daha çox artıb" » www.newscafe.az - Sizin xəbər kafeniz!

Eldəniz Cəfərov

Ekspert əlavə edib ki, son dövrlər taksi şirkətlərinin məsuliyyətsiz davranışları müşahidə edilir: “Bəzi taksi sürücülərinin istismar etmək halları da müşahidə edilir. Beynəlxalq taksi operator şirkətləri var ki, bu gün Azərbaycanda komissiya haqqını təxminən 20 faiz civarında alır. Misal üçün, sərnişinə görə o taksi sürücüsünün qazancının iyirmi faizini tələb edir və alır. Bu isə mən düşünürəm ki, birbaşa olaraq həmin taksi sürücülərinin də elə hüquqlarının pozulmasıdır. Bu faiz olduqca yüksəkdir, halbuki həmin taksi operator şirkətləri  digər ölkələrlə də çalışırlar. Amma digər ölkələrdə nədənsə onlar sürücüdən komissiya faizini təxminən 10 faiz civarında alırlar. Amma Azərbaycanda bu, 20 faiz təşkil edir. Düşünürəm ki, bu da qanun pozuntusudur, bu taksi şirkətləri komissiya faizini azaltmalıdırlar. Lakin bu heç bir halda bizim vətəndaşların, sərnişinlərin hesabına olmamalıdır, taksi xidmətlərinin qiymətləri indiki qiymətlə yüksəldilməməlidir. Çünki taksi xidmətlərinin qiymətlərinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin də qərarı var. Bu xidmətləri təşkil edən beynəlxalq qurumların qarşısında da bizim dövlət qurumlarımız tələb irəli qoymalıdır ki, onlar komissiya haqqını mütləq azaltsınlar. Komissiya haqqını azaltmayan beynəlxalq taksi şirkətləri, yerli taksi şirkətlərinə qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir. Əgər sanksiyalarla bu şirkətlər öz fəaliyyətlərini düzəltməyəcəklərsə, ümumiyyətlə, Azərbaycanda belə taksi operator şirkətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər.

Mənim hesablamalarıma görə, Azərbaycana təxminən 40-50 min vətəndaş taksi xidməti ilə məşğul olur. Biz bu gün həmin taksi xidməti ilə məşğul olan sürücülərə qarşı müəyyən məhdudiyyətlər tətbiq etsək, ola bilər ki, bu zaman həmin vətəndaşların böyük əksəriyyəti işsiz qala bilər. Çünki orda artıq müəyyən tələblər tətbiq olunacaq. Eyni zamanda, taksilərin sayı azaldıqca burada qiymətin yüksəldilməsi baş verə bilər. Ona görə də bunlar bir qədər riskli məsələlərdir. Burada çox ehtiyatla davranmaq lazımdır. Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sosial rifahına xələl gətirməməklə taksi xidmətini təşkil edən şirkətlər qarşısında müəyyən tələbləri mütləq qoymalıyıq”.

Məsələ ilə bağlı “8555″ Taksi Xidməti ilə də əlaqə saxladıq. Şirkətin səlahiyyətli nümayəndəsi bizimlə söhbətdə bəzi məqamlara aydınlıq gətirib: ”Bizə də ara-sıra şikayətlər daxil olur. Bunu sonuna qədər  araşdırırıq. Hər iki tərəfi dinləyirik. Bəzən müştərilər də var ki, xırda bir məsələni qabardır. Müştəri var ki, sürücü ilə 100 manata xırdanın olmaması ilə bağlı problem yaradır. Gün ərzində 50 manat gəliri olan sürücünün üzərində 100 manat olmaya bilər, buna görə problem yaratmaq nəyə lazım?! Düzdür, biz də sürücülərə belə problemlər olan zaman aqressiv yanaşmamağı tapşırırıq. Amma  sadalanan qeyri-etik şikayətlər barədə bizə şikayət daxil olmayıb. Çünki bizim ən çox önəm verdiyimiz məsələlərdən biridir. Sürücülərə xüsusi tapşırıqlar verilir. Həftədə bir dəfə maşınlar dezinfeksiya olunur. Ofisimizdə normal şərait var.

Bəzi şirkətlər yalnız ofis açır, sürücüləri qeydiyyatdan keçirir. Ofisimizin arxa tərəfində böyük qaraj var, oradakı maşınlara texniki baxış keçirilir. Hər cür şərait yaratmışıq. Balaca ofis açıb, sürücü qeydiyyatdan keçirməmişik. Bizdə qeydiyyat üçün iki ofis var, baş ofis Günəşlidə, ikinci ofisimiz də Yasamalda yerləşir. Sürücülər sağlamlıq haqqında arayışı sürücülük vəsiqəsi alanda təqdim edirlər, bir də taksi fəaliyyəti göstərmək üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət olunanda təqdim edirlər. BNA həm də onların avtomobillərinin xidmətə uyğun olub-olmadığını yoxlayır. Bundan sonra sürücülərə taksi fəaliyyəti üçün fərqlənmə nişanı verir. Artıq o fərqlənmə nişanı ilə bizə müraciət edən sürücü dövlətin hər bir yoxlanışından keçmiş sürücü sayılır. Biz sadəcə həmin sənədlərə baxırıq, hər şey qaydasındadırsa, müsahibə edirik. Uyğundursa, xidmətə qəbul edirik. Xidmətdə olan nöqsanlara görə isə  müştərilər üçün “xidmətimizi dəyərləndirin” linkini göndəririk. Oradan daxil olan məlumatlara da, zənglə daxil olan məlumatlara da baxırıq, baş vermiş nöqsanları da aradan qaldırırıq”.

Taksi Xidmətinin rəsmisi onu da əlavə edib ki, onlayn formada qeydiyyatdan keçirilən bəzi şirkətlərdə fərqlənmə nişanı vacib sənəd kimi qeyd olunmayıb.

Oxu.az - Polisdən küçələrə zibil atan sürücü və sərnişinlərə XƏBƏRDARLIQ -  FOTO

BDYPİ-nin şöbə rəisi: “Taksi xidmətləri ilə bağlı konkret qaydalar olmalıdır”

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Dövlət Yol Polisinin əməkdaşları tərəfindən bu cür sürücülər aşkarlanır, ictimailəşdirilir. Amma burada tək hər şeyi polisdən gözləmək lazım deyil.  Cəmiyyət olaraq vətəndaşlarımız özləri sərnişin qismində avtobusda oturarkən sürücünün hərəkətlərində şübhəli nə isə hiss edirlərsə, düşünmədən aidiyyəti qurumlara bu barədə məlumat versinlər. Narkotiklər ümumbəşəri bəladır. Bu işdə hamımız birlikdə mübarizə aparmalıyıq. DYP həmin sürücüləri ya içkili vəziyyətdə olanda saxlaya bilər. Başqa qayda pozuntuları ilə bağlı saxlasaq, yaxud stasionar postda saxlasaq, yalnız onunla ünsiyyət zamanı aşkar edə bilərik. Ona görə bu işdə bütün vətəndaşlar özləri də polisə kömək etməlidirlər”.

Piriyev qeyd edib ki, taksi xidmətləri ilə bağlı konkret qaydalar olmalıdır: “Sürücülər bir dəfə sürücülük vəsiqəsini alan zaman imtahan verir, sağlamlıq haqqında tibbi arayış gətirərək əldə edirlər. Amma sonra ondan heç kim tibbi arayış tələb etmir. İnsan ola bilər ki, xəstələnər, pis vərdişlərə aludəçiliyi də yarana bilər. Bunun üçün müəyyən tələblər qoyulmalıdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki