Prezident İlham Əliyevin cari ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat

image-16589282211832931202_1200x630backend

Fevralın 19-da İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir.

Azərbaycan lideri İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar.

O, fevralın 7-də keçirilən prezident seçkilərinin əhəmiyyətindən danışaraq deyib: “Prezident seçkiləri Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün tarixi əhəmiyyət kəsb edir”. Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Cənubi Qafqazda sülh və sabitliklə bağlı atılan addımları da müzakirə etdiklərini bildirib. O, Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh üçün tarixi imkan pəncərəsi açıldığını deyərək, pozuculuqla məşğul olan üçüncü qüvvələri əməkdaşlığa dəvət etdiyini deyib. Türkiyə Prezidenti Şuşa Bəyannaməsi əsasında iki ölkənin əməkdaşlığı davam etdirəcəyini bildirib.

Prezident İlham Əliyev Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq yardımı və dəstəyindən bəhs edərək deyib: “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”.

O qeyd edib ki, Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir: “Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi”.

O vurğulayıb ki, Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək: “Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır”.

Azərbaycan lideri nəqliyyat sahəsində də oxşar mənzərənin yarandığını bildirib: “Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini bir milyon tondan beş milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir”.

Prezident İlham Əliyev iki ölkə arasında hərbi sahədə əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb: “Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır”.

Prezidentlərin çıxışlarında Şuşa Bəyannaməsinin bir daha vurğulanması tərəflərin bu sənədə sadiqliyinin göstəricisidir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı liderlərinin Şuşada qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyinin bu görüşdə açıqlanması üzv dövlətlərin ortaq marağının da olduğunun bir daha bəyan edilməsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında əməkdaşlığın yeni hədəfləri müəyyən edilməklə yanaşı, bu istiqamətdə yeni layihələr açıqlandı.

Həsənova Aytən
Nəsimi rayon Təhsil işçisi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki