“Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin dağıdılması bölgədə sülhə, əmin-amanlığa yol açdı. Bu qələbə, əslində illərdir ki, kriminal xunta rejiminin girovuna çevrilən erməniəsilli sakinlərin də qurtuluşu oldu. Artıq nə separatçıların təhdidləri, nə də onlardan asılılıq var. Azərbaycan dövləti erməniəsilli sakinlərin təhlikəsizliyinə təminat verir. Ünvanına çatan və davam etdirilən humanitar yardımlar da Azərbaycan dövlətinin onlara diqqətinin, qayğısının təzahürüdür.
Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə məlumatı açıqlayır. Atıcı silahlar, qumbaraatanlar, top və haubitsalar, minaatanlar, tank əleyhinə silahlar, zirehli texnika, raketlər… Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus bu silah-sursat Azərbaycan Ordusu tərəfindən Qarabağın müxtəlif ərazilərində aşkar edilərək müsadirə olunur. Ermənistan bu cəbbəxanaları bölgədə təxribatlar törətmək, sülhə, sabitliyə imkan verməmək üçün yaratmışdı.
Azərbaycan dövləti bütün bölgələrində olduğu kimi, Qarabağda da erməniəsilli vətəndaşlarının qorxusuz, təlaşsız, sülh və əmin-amanlıq içərisində yaşamalarını istəyir, bunun üçün böyük səy göstərir.
Ermənistanın işğal zaman xarabalığa çevirdiyi, Azərbaycanın yenidən qurduğu Zəngilanda sentyabrın 29-da keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik, bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır: “Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır”.
Azərbaycan heç zaman müharibə istəməyib. Bölgədə bütün münaqişələr, qarşıdurmalar, müharibələr Ermənistanın işğalçılıq siyasəti nəticəsində baş verdi. Qarabağ və Şərqi Zəngəzur ərazilərimiz otuz ilə yaxın Ermənistanın işğalı altında qalanda da Azərbaycan dövləti məsələni yalnız dinc yolla həll etməyə çalışdı. Dövlətimizin başçısı qeyd etdiyimiz forumda çıxışında vurğuladı: “Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik. İndi isə müharibədən sonra və sonuncu hərbi əməliyyat ki, baş verdi, on gün əvvəl biz yenidən bunu bəyan etdik: Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları – beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”.
Qeyd edək ki, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri arasında görüşlər keçirilir, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılır. İlk görüş Yevlaxda, ikincisi Xocalıda təşkil edildi. Sentyabrın 29-da Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri arasında üçüncü görüşün yeri yenə də Yevlax şəhəri oldu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatına əsasən, görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.
Məlumatda qeyd edilib ki, mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib: “Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər”.
Görüşdə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib. Təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulduğunu bildirib.
Göründüyü kimi, Qarabağda erməniəsilli əhalinin qalıb yaşamaları üçün heç bir problem yoxdur. Öz istəyi ilə, könüllü şəkildə gedənlərin də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən maneəsiz keçidi təmin olunur. Ermənistan istiqamətində hərəkət edən erməniəsilli sakinlər onlarla çox yaxşı davranıldığını söyləyərək, minnətdarlıqlarını bildirirlər”.
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü, Vahid Xəlilov