Rayonlara avtobuslarla gediş-gəlişlə bağlı RƏSMİ AÇIQLAMAbackend

Şəhərlərarası və rayonlararası sərnişindaşımanın bərpası yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra bəlli olacaq.

Busaat.az  xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, ölkə üzrə avtovağzallara artıq təlimatlar verilib və sərnişindaşıma ilə bağlı qərar verildiyi gündən tam gücü ilə işə başlaya biləcəklər:

“Hazırda bununla bağlı nəsə demək tezdir, belə ki, bir qurum olaraq Operativ Qərargahın tapşırığını gözləyirik. Ona görə bu barədə ilk açıqlama yalnız Operativ Qərargah tərəfindən olacaq. Mən də öz növbəmdə media qurumlarından xahiş edirəm ki, bu məsələ ilə bağlı digər qurumlardan sorğu almasınlar, hər hansısa xəbər insanlarda çaşqınlıq yarada bilər. Avtobusların bölgələrə işləməsi ilə bağlı sorğu yalnız Nazirlər Kabinetinə ünvanlanmalıdır”.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.