“Bu baxımdan Babacanyanın belə bəyənatlar verməsi üçün Qərbdəki bəlli dairələrdən sifariş alması istisna deyil”.
Bunu erməni deputat Armen Babacanyanın “Rusiyanın Qərbyönümlü siyasət aparan İrəvana daxildən zərbələri gözlənilir” sözlərini şərh edən politoloq Elşən Manafov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Babacanyanın bu açıqlamasına birmənalı münasibət bildirmək fikrimcə ədalətli olmaz:
“Babacanyanın sözlərində korporativ maraqların olmadığı istisna deyil. Onun 2020-ci ildə təsis etdiyi “Respublika ugrunda” partiyası qərbyönümlüdür. 2021-ci ilin parlament seçkilərində bu partiya cəmi 1,5% səs yığaraq erməni parlamentindən kənarda qaldı. Bu baxımdan Babacanyanın belə bəyənatlar verməsi üçün Qərbdəki bəlli dairələrdən sifariş alması istisna deyil. Xatırladım ki, Babacanyanın 2015-ci ildən təmsil etdiyi “Maariflənmiş Ermənistan” partiyasi da neoliberal baxışları ilə qərbyönümlü olub”
.Politoloq Rusiyanın erməni maraqlarına da toxunub: “Paşinyan əvvəlki iqtidarları korrupsiyada ittiham edərək erməni seçicilərinin rəğbətini qazanıb. Proseslər Rusiyanın hələ də Ermənistanda ciddi təsir riçaqlarına malik olduğunu göstərir. Paşinyanın Qərbə güvənməsi və Rusiya siyasi elitası ilə məsafə saxlamaq istəyi Ermənistana baha başa gəldi. Rusiya erməni xalqının deyil, Ermənistan hakim siyasi elitası ilə münasibətləri özünün regional maraqlar müstəvisi üzərinə gətirmək üçün bəzi tədbirlərə əl ata bilər. Lakin bu tədbirlərin doğurduğu reallıqların legitimliyi üçün Rusiyanın kifayət qədər düşünüb addım atacağı birmənalıdır”.
Ələsgər / Busaat.az