Sahibə Qafarova: Azərbaycan və Qazaxıstan parlamentləri arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

image-6825e2fe7c1fb6825e2fe7c1fc17473134066825e2fe7c1f86825e2fe7c1fajpeg-1747314176backend

Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.

Bu barədə Busaat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova ötən il Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində Milli Məclisə də gəldiyini və dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

Söhbət zamanı xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğu qeyd edilərək, xalqlarımızın hər zaman bir–birinə qarşılıqlı dəstək verməsindən məmnunluq ifadə edilib.

Parlamentlərimiz arasında əlaqələr haqqında danışan Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Bu istiqamətdə əlaqələrin yüksələn xətt üzrə inkişafı təqdir edilib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində parlamentarilərimizin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti də vurğulanaraq, xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Milli Məclisin sədri ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edərək, vurğulayıb ki, parlamentarilər də TÜRKPA-nı daha da gücləndirmək üçün birgə səyləri davam etdirməlidir. TÜRKPA çərçivəsində fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır, ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsi üçün böyük imkanlar yaradır.

Səfir Alim Bayel də ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirərək, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki