“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 25 sentyabrda Naxçıvan görüşü keçirilib və görüşdə mühüm iqtisadi-siyasi anlaşmalar əldə olunmuşdur.
Azərbaycanın dünyaya neft-qaz inteqrasiyasının daha bir təməlqoyma mərhələsi – Naxçıvan-İğdır qaz kəmərinin əsasının qoyulması həyata keçirilmişdir. Yeni iqtisadi təməlin həm də qardaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addım olduğu nəzərə çatdırılıb.
Qərbi Zəngəzur regionunun sovet hakimiyyətinin təsiri ilə itirilməsi nəticəsində Naxçıvanla coğrafi əlaqələrin kəsilməsi ermənilərin Naxçıvana ərazi iddialarının başlamasına səbəb olması, Naxçıvanın blokadaya salınması ilə əsas hissəsini Azərbaycanın təmin etdiyi qaz xətlərinin də nəzarətdən çıxaraq illərlə Naxçıvanın qazsız qalması, Azərbaycan Respublikasının Ümummili Lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ermənilərin məkrli planlarının puça çıxması və Naxçıvanın öz ərazi bütövlüyünü qoruya bilməsi kimi siyasi-tarixi məqamlara toxunulmuşdur.
İran İslam Respublikası ilə anlaşmaya əsasən, Naxçıvan mübadilə yolu ilə qazla təmin edilmişdir.
Bundan əlavə, alternativ enerji mənbələrindən istifadənin mümkünlüyü və gələcəkdə bununla bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Görüşdə diqqət çəkilən əsas məqamlardan biri də 44 günlük Vətən müharibəsindən sonra 19-20 sentyabr tarixlərində 24 saatlıq antiterror əməliyyatları zamanı Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, həm də öz suverenliyini tam təmin etməsi, Xankəndi və yaxın ərazilərə humanitar yardımların göndərilməsinə başlanmasıdır.
Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olmaları, onlara qarşı humanist prinsiplərlə addımların atılması və erməni icması ilə Yevlax görüşünün ilkin anlaşmaların başlanğıcı olması da əsas faktorlardan biridir.
BMT-nin Baş Assambleyasında Türkiyə Respublikasının Azərbaycan haqqında bəyanatları qardaşlıq jesti olaraq müsbət qiymətləndirilmiş, İkinci Qarabağ müharibəsində Türkiyənin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, müharibədən sonrakı dövrdə Şuşa bəyannaməsi və mühüm strateji layihələr əlaqələrimizin daha da gücləndirilməsinə yönəldilmişdir.
Azərbaycan və Türkiyə Respublikalarının ortaq maraqlarının humanist dəyərlər, müharibəsiz, sülh şəraitində yaşayan və ərazi bütövlüyünün qorunması yönündə olması da nəzərəçarpan məqamlardandır.
İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi; “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”; “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” kimi sənədlərin imzalanması və təməlqoyma mərasimi böyük əhəmiyyət kəsb edir”.
İlhamə Cabbarova, Nəsimi rayon 16 N-li Texniki Humanitar Liseyin Azərbaycan dili müəllimi