“Şuşaya “İsgəndər” raketlərinin atılması Rusiyanın səmimi tərəfdaş olmadığını göstərir”

image-susa-iskender-1backend

Azərbaycan işğaldan azad edilmiş Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketlərinin atıldığını bildirib və Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bunun sübutu kimi raket qalıqlarının fotolarını yayıb. ANAMA raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib.

Buna qədər də Ermənistanda Azərbaycana raket atılması ilə bağlı iddialar səslənsə də, rəsmi Bakı bunu təkzib edirdi. Hətta, ölkə Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” raket kompleksinin istifadəsi barədə dediklərinin onda sual doğurduğunu demişdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə ölkənin keçmiş Prezidenti Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin 44 günlük Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavabında raketin atıldığını, lakin partlamadığını bildirmişdi. Hətta, Paşinyanın bu bəyanatı Rusiya siyasi elitasının qəzəbinə səbəb olmuş və Rusiya Müdafiə Nazirliyi Paşinyanın iddialarını rədd edərək, Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə edilmədiyini bildirmişdi. Yalnız bundan sonra rəsmi İrəvan Rusiyanın bu açıqlamasını dəstəkləyən mövqe sərgiləmişdi.

Politoloq Natiq Miri mövzu ilə əlaqədar olaraq Busaat.az-ın suallarını cavablandırıb:

“Məsələ ondan ibarətdir ki, artıq “İsgəndər-M” raket sistemlərinin Şuşa şəhərinə Ermənistandan atılması sübut olunub. Baxmayaraq ki, Ermənistana məxsus “İsgəndər-M” raketləri mövcud deyil. Çünki “İsgəndər-M” raketləri ixrac variantı deyil, ixrac variantı olan “İsgəndər-E” variantıdır ki, bunların da atılması məsələsi hələ də açıq olaraq alır. Yəni, bu sualın cavabı hələ ki, təsdiqini tapmayıb. O ki, qaldı Rusiyanın bu məsələni təkzib etməsinə, rəsmi qaydada Rusiya Ermənistana “İsgəndər-M” raketləri satmadığı üçün bu gün Kreml bunu birmənalı olaraq təsdiqləyə bilmir. Çünki Rusiya hakimiyyəti etiraf etsə ki, “İsgəndər-M” raketlərini Rusiya Ermənistana verib, bu, birinci növbədə beynəlxalq hüququ pozmaq olardı. Bu da ki, beynəlxalq səviyyədə Rusiyaya çox ciddi reaksiyaların verilməsi ilə nəticələnərdi. Çünki Nüvə başlıqları daşıya biləcək raketlər digər ölkələrə satıla bilməz və bununla bağlı bütün qlobal güclər öz üzərinə öhdəlik götürüblər.

-Bəs, Rusiya etiraf etsə ki, bu raketlər hansısa yolla məhz Rusiyadan Ermənistana verilib və Ermənistan bundan istifadə edib, o zaman nəticə necə ola bilər?

-Əgər, belə olsa, bu, Rusiyanın özündə hakimiyyət boşluğunun olduğuna dəlil olacaq. Çünki Nüvə başlıqları daşıyacaq raketlərə çox ciddi nəzarət var. Bu, təkcə Rusiyada deyil, bütün qlobal güclərin hamısında belədir. Bu gün Nüvə başlığı daşıya biləcək raketlərə Rusiya hakimiyyəti nəzarət edə bilmirsə, bu, o anlama gəlir ki, bu ölkə heç bir zaman etibarlı tərəfdaş ola bilməz. Yəni, bu məsələ Rusiya dövlətinin imicinə çox ciddi zərbə olardı. Ancaq fakt ondan ibarətdir ki, bu raketlər Ermənistandan Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinə atılıb. Hətta, çox gülünc versiyalar da səsləndirilir ki, guya bu raket qalıqları Suriyadan Şuşaya gətirilib. Ancaq hər bir silahın konkret tarixçəsi var və Rusiyada istehsal olunduğu zamandan Suriyaya aparılmasına qədər bütün tarixlər Rusiyada mövcuddur. Ona görə də bu cür absurd və gülünc versiyaların ortalığa atılması, sadəcə, Rusiya hakimiyyətini bu məsuliyyətdən qurtarmaq xarakteri daşıyır.

-Maraqlıdır, araşdırmalar nəticəsində “İsgəndər-M” raket sistemlərinin Ermənistana qeyri-rəsmi də olsa, nə zaman verilməsi məlum ola bilərmi?

-Təbii ki. Biraz əvvəl də qeyd elədiyim kimi, hər bir silahın konkret tarixçəsi var və istehsal olunduğu zamandan hara aparılmasına qədər bütün tarixlər istehsalçı ölkədə mövcuddur. Məlumdur ki, 44 günlük Vətən müharibəsinin xüsusən də son iki həftəsində intensiv olaraq Rusiyanın müxtəlif şəhərlərindən mülki və hərbi təyyarələr vasitəsi ilə Ermənistana silahlar daşınırdı. Düşünürəm ki, məhz bu silahların daşınması prosesində bu raketlər Ermənistana aparıla bilər. Xüsusi ilə də bu məsələnin içində ola bilsin ki, erməni lobbisinin başında duran Rusiyanın xarici işlər naziri Sergey Lavrov dayana bilər. Proseslərin bu nöqtəyə qədər inkişaf etməsini isə heç Rusiya hakimiyyəti də istəmir. Ona görə də Rusiya hakimiyyəti səmimi olasa və Federal Təhqiqat Bürosu (FTB) bu məsələni səmimi olaraq araşdırsa, həmin raket nömrəsinin tarixçəsinə uyğun olaraq nə zaman və hansı anbarlarda saxlanıldığı dərhal üzə çıxacaq və bunu ortalığa çıxarmaq o qədər də problem yaratmır. Ona görə də tezliklə bu məsələ sübut olunmasa, bu, onun göstəricisi olacaq ki, Rusiya sadəcə olaraq özünü dünyada biabır etməmək üçün yenə də özünün dezinformasiya insitutlarından istifadə edib. Çünki Rusiya mediasında çox ciddi təlaş yaranıb və Rusiyanın üzdəniraq hərbi ekspertləri bu məsələni müxtəlif gülünc və absurd versiyalarla Rusiya rəhbərliyindən uzaq tutmağa çalışırlar. Ona görə də hesab edirəm ki, artıq təkzib olunacaq heç nə yoxdur və məhz belə olduğu üçün Azərbaycan hakimiyyəti bu məsələnin təsdiqi ilə bağlı birmənalı fikirlər səsləndirir. Mənə elə gəlir ki, bu məsələ dolayısı ilə həm də Azərbaycan hakimiyyətinə Rusiyanın heç vaxt bərabərhüquqlu və səmimi tərəfdaş olmadığını göstərir və Rusiyaya inanmaq özünü aldatmaq anlamına gəlir.

image-nnn
Natiq Miri-Politoloq

-“İsgəndər-M” raketlərinin Ermənistana Rusiyadan aparıldığı öz təsdiqini tapsa, rəsmi Bakı necə cavab verməlidir?

-Ən azından, Azərbaycan tərəfi mütləq mənada Rusiyadan bunun izahını istəməlidir. Bunun da izahı yoxdur. İzahı da yoxdursa, bunun müqabilində Rusiya Azərbaycanın xeyrinə ola biləcək müəyyən şərtləri qəbul etməlidir. Bu şərtlərdən ən ümdəsi isə təcili qaydada bütün erməni yaraqlılarının Dağlıq Qarabağ ərazisindən çıxarılması ola bilər. İkinci məsələ isə, təbii ki, bu cür qeyri-səmimi tərəfdaşlıq kontekstində regionda, xüsusən də Azərbaycan ərazisində Azərbaycanın Rusiya ilə tərəfdaşlıq etməsi ciddi mənada sual doğuracaq və bu konteksdə bir neçə il ərzində, yəni, ən azından razılaşdırılmış müddətin yarısında Rusiya öz sülhməramlılarını Qarabağ ərazisindən çıxarmaq məcburiyyətində qalmalıdır. Çünki Rusiyaya olan inam tamamilə sarsılarsa, Rusiyanın tərəfsiz sülhməramlı missiyası Azərbaycan ərazilərində mümkünsüz sayıla bilər. Hesab edirəm ki, bu məqam Azərbaycanın mövqeyini ciddi şəkildə gücləndirən amildir və Azərbaycan mütləq mənada bundan istifadə etməlidir.

-Proseslərin bu şəkildə gərginləşməsi Azərbaycan və Rusiya arasında hansısa bir soyuqluq yaranmasından da qaynaqlana bilər?

-Mənə elə gəlir ki, Rusiya ilə Azərbaycan arasında əvvəlcədən razılaşdırılmış məqam olub. Sadəcə olaraq, bu məsələ bu günə qədər etiraf olunmayıb. Çüki 10 noyabr Üçtərəfli bəyannaməsi sponton olaraq ortaya çıxmış bir məsələ deyil, bu prosesin içində Azərbaycan və bilavasitə Türkiyə də iştirak edib. Yəni, bütün məqamlar əvvəlcə Rusiya və Türkiyə arasında razılaşdırılıb. Ki, hadisələr bunu bir daha ortaya qoyur. Sadəcə olaraq Azərbaycan bu günə qədər ona görə susa bilərdi ki, Rusiyanın öz üzərinə düşən öhdəlikləri tamamilə yerinə yetirəcəyinə inanırdı. Ancaq zaman keçdikcə bəlli olur ki, Rusiyanın bu günə qədər göstərdiyi fəaliyyət yalnız özünün geosiyasi maraqlarını təmin etmək üçün baş verib. Bu da onu göstərir ki, artıq Azərbaycanda Rusiyanın səmimiyyətinə ciddi şübhələr var və Azərbaycan onu da anlamamış deyil ki, bu faktorun ortaya çıxarılması Rusiya dövlətinin imicinə çox ciddi zərbə vuracaq. Əgər, bu fakt ortalığa çıxəbsa demək ki, Azərbaycanda Rusiyanın fəaliyyətinə qarşı ciddi narahatlıqlar yaranıb.

Bundan əlavə, Türkiyədə bir neçə gün bundan əvvəl istefada olan 103 admiralın “Montrö” anlaşması ilə bağlı növ hərbi çevrilişə çağırış etmələrini də sıradan qəbul etmək olmaz. Bu məsələnin içində Amerika Birləşmiş Ştatları-Rusiya-Türkiyə qarşıdurması da mövcuddur. Təbii ki, proseslər araşdırılıb, hüquqi cəhətdən ortalığa çıxandan sonra bu məsələnin içində dövlətlərin arasını vurmağın əsas qayə olması bəlli olacaq. Yəni, bu gün o qədər həssas hadisələr baş verir ki, düşünürəm ki, yaxın zamanlarda hər şey bəlli olacaq.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90