Bakıda yerləşən bəzi univeristetlərin regionlara köçürülməsi mövzusu olduqca populyardır. Mövzu illərdir gündəmə gətirilir və müzakirələr az sonra öləziyir. Paytaxtın Baş planı ortaya çıxandan universitetlərin köçü yenidən dil-ağızdan düşmür.
Buna Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində çıxışı rəvac verib.
O deyib: “Bəzi universitetlərin Bakıdan kənara köçürülməsi istisna deyil”.
Komitə sədri bildirib ki, bu addımlar Elm və Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır.
Busaat.az xəbər verir ki, sözügedən mövzu ilə bağlı Yenisabah.az-a danışan memar Muxtar Ərturan deyib ki, bunun üçün ən ideal variant xüsusi universitet şəhərlərinin təyin olunması və universitetlərin ora köçürülməsidir:
“Bakıdan bəzi qurum və təşkilatların, o cümlədən universitetlərin köçürülməsi şəhərdəki sıxlıq və avtomobil tıxaclarının aradan qaldırılması üçün nəzərdə tutulur. Bir-birinin ardınca olan çoxmərtəbəli binalar, ofislər və universitetlər bir arada həqiqətən böyük sıxlıq əmələ gətirir.
Universitetlər üçün hansısa şəhər modelinin tətbiqi ən yaxşı variantdır. Bu, Türkiyə və bir çox Avropa ölkəsində uğurla tətbiq edilib. Yəni hansısa bir şəhər təyin olunaraq, bütün universitetlər o şəhərə köçürülsün. Belə olan təqdirdə hər kəs bilər ki, hansısa universitet konkret bu şəhərdədir və orada təhsil alacaq. Belə şəhərlər tələbə şəhərləri kimi tanınır. Həmin şəhərdə universitet binaları, kitabxanalar, tələbə yataqxanaları yaradılır, bu isə həmin şəhərin istər iqtisadi, istərsə də memarlıq üslubu baxımından daha çox inkişafına və çiçəklənməsinə xidmət edir. Məncə, bu addım daha məqsədyönlü olar”.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov universitetlərin paytaxtdan köçürülməsi yerinə daha fərqli həll yolları təklif edib:
“Azərbaycanda universitetlərin regionlara köçürülməsi tez-tez müzakirə olunur. Çoxları elə düşünür ki, universitetlərin regionlara aparılması daha yaxşı olacaq. Bu yanaşma kökündən yanlışdır. Universitet həm də şəhərin mədəni mühitini formalaşdırır.
Bu məsələnin müzakirəsini ümumiyyətlə gündəlikdən çıxarılmalıdır. Bakıda tıxacların, sıxlığın səbəbi həm də nəqliyyatın idarə olunması ilə bağlıdır. Belə dırnaqarası parlaq ideyalar verməkdənsə, regionlarda yeni iş yerlərinin, zavodların fabriklərin açılması istiqamətində düşünmək lazımdır.
Paytaxtda axının qarşısını ancaq bu qaydada almaq olar. Mən bu mövzuda çıxış yolunu regionlardakı universitetlərə qəbulu daha çox artırmaqda görürəm. Digər tərəfdən, lazımsız ixtisasların açılmasına, yersiz tələbə artımına son qoymaq lazımdır”.