“Qarşıdurma zamanı Ermənistan Xüsusi Təyinatlı Korpusunun komandiri Armen Gözəlyan da yaralananlar sırasındadır. Buradan belə nəticə çıxara bilərik ki, təxribatın planlanmasında və həyata keçirilməsində bilavasitə Armen Gözəlyanın əli var”.
Bunu aprelin 11-i Ermənistanın törətdiyi təxribatın pərdəarxası motivləri haqqında danışan politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Paşinyanın sülhə razılıq bəyanatından sonra təxribat törədilməsi artıq dəfələrlə müşahidə olunub:
“Ermənistan dəfələrlə bu cür təxribatlar törədərək məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışıb. Hər bir təxribat kimi aprelin 11-i hadisələri də əvvəlcədən planlanmışdı. Təxribat törədərək ərazilərimiz minamyotlardan atəşə tutuldu, əsgərimiz şəhid edildi. Azərbaycan cavab atəşi ilə erməniləri bir daha yerində oturtdu. Qarşıdurma zamanı Ermənistan Xüsusi Təyinatlı Korpusunun komandiri Armen Gözəlyan da yaralananlar sırasındadır. Buradan belə nəticə çıxara bilərik ki, təxribatın planlanmasında və həyata keçirilməsində bilavasitə Armen Gözəlyanın əli var. Fikrimcə Paşinyan təxribat olacağından xəbərdar olmayıb. Çünki o, parlamentdə çıxışı zamanı erməni əsgərləri arasında xarici agenturanın olduğunu, sərhəd qoşunları komandanının istefaya göndərilməsini tələb edib”.
“Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması uğrunda Qərb və Rusiyanın ciddi mübarizəsi var. Qərb Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına çalışsa da bu hələki imkansız görünür. Çünki Ermənistan iqtisadiyyatının 70%-i Rusiyanın əlindədir. Əlavə olaraq Ermənistanda Rusiya hərbi bazası var. Bunları nəzərə alaraq Rusiyanın Ermənistandan çıxmasını düşünmək sadəlövhlükdür. Hazırda Fransa moderatorluğu ilə Qərb birləşərək Ermənistandan Rusiyanın çıxarılmasına çalışır. Ermənistan-Azərbaycan liderləri arasında görüşün Moskvada, yaxud Vaşinqtonda olacağı hələki dəqiq deyil. Lakin dəqiq olan məsələ gec-tez Azərbaycanın Ermənistanı sülhə məcbur edəcəyidir”, – politoloq əlavə edib.
Ələsgər / Busaat.az