Son günlər Azərbaycan ictimaiyyətinin fikri əsas məsələlərdən uzaqlaşdırılıb. Əsas məsələlər sərhəddə baş verən təxribatlar, Azərbaycanın öz ərazi bütövlüyünü və Zəngəzur dəhlizinin açılmasını təmin etmək üçün Ermənistan, onun havadarları ilə yaşadığı gərgin hərbi-iyasi qarşıdurmalardır.
Ancaq indi Azərbaycan xalqının diqqəti belə taleyüklü məsələdən alınıb xırda bir problemə fokslandırılıb: Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun başına gətirilənlərin günahkarı kimdir?
Şəhid qardaşının üzləşdiyi problemin xırdalığı isə, onun siyasiləşməsindədir. Əks-təqdirdə, bu Azərbaycan xalqı üçün çox böyük mənəvi sarsıntı ehtiva edir. Yəni Sənanın yaşadıqlarının böyük mənəvi zərbəyə malik olduğu həqiqətdir. Saatlar içində və ağrısız həlli mümkün olan bu problem niyəsə siyasiləşib və indi daha cidi və ürəkbulandırıcı nəticələr doğub.
Sənanın iddialarının doğruluğu, yaxud yanlışlığı barəsində fikir bildirmək münəccimlik etmək olardı, ancaq bildirmək lazımdır ki, istintaq prosesi iddiaçını kamera qarşısına keçirib “üzrsayağı” ifadə verdirib bu ifadəni yaymaqla bitmir. Belə istintaq olmur və bu hesablaşma yöntəmidir. Şəhid qardaşı ilə kimin nə hesabı var?! İstintaqın nəticəni xalqa elan etməsi kifayət idi..
Təbii, yəqin fikirləşiblər ki, xalq bu istintaqın nəticəsini qəbul etməyəcək, rəsmi mənbəyə inanmayacaq. Cənablar, bunun günahı da yenə sizin üstünüzdədir. Özünüzə sual verin və elə özünüz sulanınızı cavablandırın ki: “Niyə bu qədər ciddi qurum olan biz, etibarsız mənbə olaraq xatırlanırıq?!”
Əsas məsələyə fokslanaq. Hazırda böyük geosiyasi rəqabətin tam mərkəzində olan Azərbaycan xalqı an etibarilə daxildə yaşanan üç tərəfli anlaşmazlığa fokslanıb: Müdafiə Nazirliyi (MN) elan edib ki, Sənan Əhmədovun məlum videosu onların məsuliyyətində deyil, Eynulla Fətullayev videonun MN-ə aid binaların birində çəkildiyini bildirib, əvəzində Baş Prokurorluq isə, məsələnin nəzarətə alındığını, istintaq aparıldığını açıqlayıb.
Yaxşı bəs, kimdir müqəssir?!
Əvvəla, Baş Prokurorluq sadəcə problemi araşdırır və düzgün qiymət verməyə çalışır. Yəni, Sənana o videonu çəkdirən tərəf Baş Prokurorluq ola bilməzdi. İndi baş Prokurorluq problemin həlli üçün üçüncü tərəf olmağa məcbur qalıb.
Elə isə, geriyə Eynulla Fətulllayev və Müdafiə Nazirliyi qalır.
Hər halda, bu iki tərəfinin hansının müqəssir olmasından asılı olmayaraq, ikisinin də pay sahibi olduğu açıq-aydın görünür. Birincisi, əgər Müdafiə Nazirliyi deyirsə ki, məlum video görüntülər onların məsuliyyətində deyil, o halda ortaya sual çıxır: Müdafiə Nazirliyinin əməkdaşı olmayan, ümumiyyətlə heç bir dövlət vəzifəsi icra etməyən bir şəxs – Eynulla Fətullayev necə olur ki, birbaşa Müdafiə Nazirliyində rüşvətxorluq iddiasına qarşı istintaqa müdaxilə edəcək video görüntü çəkir və paylaşır? Üstəgəl bu görüntülər elə Müdafiə Nazirliyinin binalarının birində çəkilib. Ən azından Eynulla Fətullaytev bu iddia ilə çıxış edib. Yox əgər, o bu barədə yalan danışırsa, MN niyə yalanı ifşa edib Eynulla Fətullayev haqqında hüquqi qiymət verilməsini təmin etmir?
Məsələ ilə bağlı artıq cəmiyyətdə fikir ayrılıqları yaşanmağa başlayıb. Bu fikir ayrılıqlarından ən qorxuncu isə,məsələnin dövlət təhlükəsizliyinə zərbə vuracaq səviyyəyə çatmasıdır. Çünki məlum video görüntülərin Azərbaycanda daxili narazılıq formalaşdırılmasına hesablandığı yönündə fikirlər səsləndirilir. Bu isə, yanlış olması haldında belə, ciddi təhlükələrin xəbərçisidir.
İndi Baş Prokurorluq məsələni maksimum dəqiqliklə tamamlamalı, xırda bir məsələdən böyük siyasi şou hazırlanmasının önünə keçməlidir. Bu problem maksimum tez zamanda tamamlanaraq, Azərbaycan xalqının diqqətləri yenidən geosiyasi məsələlərə fokslandırılmalıdır.
Çünki biz, güclü və özünə inamlı şəkildə haqqımız olanları geri almağa başlamışıq. Hətta haqqımızı almaq üçün yumuşaq siyasətin işləmədiyi məqamlarda güc istifadə edir, Ermənistan və onun havadarlarına lazımi cavab veririk. Ortada təxribat var, ya yoxdur demək mümkünsüzdür, ancaq Müdafiə Nazirliyi və Eynullah Fətullayev arasındaki ziddiyətin dövlət maraqlarımıza xələl gətirməsinə imkan vermək olmaz.
Busaat.az/Həşim Səharblı