“Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü…”

image-heyder-eliyevbackend

“1991-ci ilin 30 avqust tarixində ölkəmiz üçün daha bir əlamətdar hadisənin – müstəqilliyə gedən yolun təməli qoyuldu. Məhz həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi oktyabrın 18-də qəbul ediləcək Konstitusiya aktının özəyini təşkil etdi. Əslində, bu tarix həm də bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulmasının ayaq səsləri idi. Hadisələrə nəzər salanda bir daha əmin oluruq ki, məhz müasir dövlətimizin inkişaf tarixi 1990-cı ilin iyulundan başladı. Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi, daha sonra Naxçıvan Muxtar Respublikasına gedərək, orda həm Azərbaycan Ali Sovetinin, həm də Muxtar Respublikanın Ali Sovetinin deputatı seçildi. Xalqın iradəsi, Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasətinin məntiqi davamı, müstəqilliyimizin və özünüdərkin ilk anonsu olaraq 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Ali Soveti tərəfindən qəbul edildi. Muxtar respublikanın rəmzi olaraq qəbul edilmiş üçrəngli bayrağımız 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı olmaqla bərabər, həm də müstəqilliyimizin ilk rəmzi idi. Məhz 1991-ci ildə tarixin keşməkeşli dövründə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar iclası çağırıldı. Məhz bu iclas zamanı Ulu Öndər Heydər Əliyev çıxışında müstəqillik məsələsinə toxunaraq, 70 illik imperiyadan ayrılmağın vaxtının çatdığını qeyd etdi. Məhz bu çıxışdan sonra Azərbaycanın müstəqilliyinin bərpası məsələsi gündəmə gəldi və müstəqilliklə bağlı real addımlar atılmağa başladı. Təsadüfi deyildir ki, məhz həmin gün – avqustun 30- da müstəqilliyin elan edilməsi ilə bağlı qəbul olunmuş bəyannamə ilə Azərbaycan öz tarixi müstəqilliyini bərpa edirdi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Müstəqillik haqqında Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918- ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”. Təəssüf ki, 1991-1993-cü illərdə bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarı Müstəqillik haqqında Konstitusiya Aktının norma və prinsiplərinə sadiq olmadılar. Dövlətçiliyin maraqlarından daha çox öz maraqlarını rəhbər tutan hakimiyyət nümayəndələrinin səriştəsizliyi nəticəsində Ermənistan torpaqlarımızı işğal etməyə başladı. Siyasi səriştəsizlik, hakimiyyət uğrunda aparılan intriqalar əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Məhz siyasi ambisiyalarını dövlətdən, Konstitusiya Aktından, müstəqillikdən üstün tutan bəzi qüvvələr hakimiyyətdə qalmaq üçün bütün yollara əl atırdılar. Nəhayət ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev hakimiyyətə gəldi və bununla da ölkəmizin parçalanmasının qarşısı alındı, inkişaf yoluna qədəm qoyuldu. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da sözügedən Bəyannamədə olan insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı”

 

Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbin tarix müəllimi

Həsənova Aytən Fazil qızı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki