“Heydər Əliyev 1990-cı il 30 sentyabrda Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildikdən sonra onun təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etmiş, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada Heydər Əliyevin təklifi ilə qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi və Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmiş və sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edilmişdir. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Parlament, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul edib.
1991-ci ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmişdir.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçiliərək müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuş və bu amil qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açmışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmiş, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir.
Adını tariximizə Vətənin və xalqın xilaskarı kimi yazdıran dahi şəxsiyyət 1991-ci ilin 3 sentyabrında keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında çıxışı zamanı qeyd edir ki, bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.
Müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Dahi şəxsiyyətin təşəbbüsü ilə qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin bərpasının əsasını qoydu. 1991-ci il 30 avqust tarixindən keçən zaman xalqın düzgün seçiminin haqlı olduğunu sübut etdi”.
Nəsimi rayon 247 N-li tam orta məktəbin Coğrafiya müəllimi.
İradə Nəbiyeva