17 oktyabr 2022-ci il tarixdə Şirvan şəhər 21 saylı tam orta məktəbdə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətənim Azərbaycandır!” layihəsi çərçivəsində 8-12 yaş məktəblilər arasında vətənpərvərlik haqqında şeir müsabiqəsi keçirilib.
Busaat.az xəbər verir ki, tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbiri giriş sözü ilə Şirvan şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva açaraq hər kəsi salamlayıb və vətənpərvərlik haqqında, vətən sevgisinin önəmi barəsində danışıb.
Sonra söz “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışınskiyə verilib. E.Talışınski milli-mənəvi dəyərlərimizin qorunmasından, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs edib.
Növbəti çıxış üçün söz tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanova verilib. A.Qurbanov vətənə məhəbbətdən, vətən sevgisindən danışıb. Bu hisslərin kiçik yaşlarından uşaqlarda formalaşdırılmasından, inkişaf etdirilməsi məsələlərinə toxunub.
Növbəti çıxışçılar Şirvan Təhsil sektorunun müdiri Fəzilə Mahmudova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Şirvan şəhər 21 saylı tam orta məktəbin direktoru Səadət Quliyeva və “YOL” yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin sədri Rüfət Axundov bu cür tədbirlərin və müsabiqələrin həyata keçirilməsinin vacibliyini, eyni zamanda yeniyetmə və gənclərdə formalaşdırılması istiqamətində işlərin görülməsinin daha çox olmasını dəstəklədiklərini bildiriblər. Daha sonra “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev ümumi layihə haqqında məlumat verib. Təşkilatın bu günə qədər gördüyü işlərdən danışıb.
Çıxışçılardan sonra söz şeir müsabiqəsinin iştirakçılarına verilib. Müsabiqə iştirakçıları yaradılmış münsiflər heyəti tərəfindən hər biri tək-tək dinlənilib. İştirakçılar arasından Ağazadə Ayla 1-ci, Qəfərli Əlişan 2-ci, Ağacanova Aysun 3-cü yerlərin qalibləri olublar.
Sonda müsabiqə və tədbir iştirakçıları ilə birgə xatirə foto şəkil çəkdirilib.