Dünyanın ən populyar mesajlaşma xidməti olan “WhatsApp” 15 may 2021-ci ildən sonra yenilənmiş gizlilik siyasətini hələ də qəbul etməyən istifadəçiləri gözləyən təhlükələri açıqlayıb. Şirkət hesabları silməyəcəyini qəti şəkildə bildirsə də, istifadəçilərə qarşı ‘hədə’ siyasəti tətbiq etdiyi görünür.
“Facebook” platformasında fəaliyyət göstərən populyar mesajlaşma xidməti olan “WhatsApp”ın, şərtlərinin dəyişdiyini açıqlaması geniş reaksiyalara səbəb olub. Bu ilin əvvəlində yeni məxfilik siyasətini elan edən şirkət, istifadəçilərə bu yenilənmiş qaydaları qəbul etmək üçün müraciət göndərərək, onlara 8 Fevrala qədər bir müddət təyin etmişdi.
Sonradan şirkət bu müddəti 15 may tarixinə qədər uzadıb.Şirkətin son açıqlamasına görə, müəyyən edilən son tarixdən sonra da müqaviləni qəbul etməyənlər davamlı olaraq bununla bağlı elanı görməli olacaqlar. Sonrakı mərhələdə bu müraciət daimi xarakter alacaq və istifadəçilər artıq söhbət siyahısına daxil ola bilməyəcəklər. Yalnız daxil olan telefon və video zənglərə cavab vermək mümkün olacaq.
Bir neçə həftəlik məhdudiyyətlərdən sonra istifadəçilər artıq daxil olan zəngləri və bildirişləri görə bilməyəcək və “WhatsApp” həmin istifadəçiyə mesaj göndərməyi, zəng etməyi qadağan edəcək.
Nəticədə, istifadəçilər iki seçimlə üz-üzə qalacaqlar: Onlar ya “WhatsApp”ı silib yeni bir tətbiqə keçməli, ya da “WhatsApp”ın məxfilik şərtlərini qəbul etməlidirlər.
WhatsApp tərəfindən tətbiq olunanan bu qadağa siyasətinin istifadəçilərin qərarlarına necə təsir göstərəcəyini yaxın günlərdə görə biləcəyik.
Busaat.az