“Biz aktyorların teatrın açılmasını tələb etməklə iş bitmir. Əgər yoluxma sayı çoxdursa, necə açılsın? Hər şey qanuna uyğundur. Amma teatrdan daha qapalı məkanlar açılıb. Bunu da bir formada açmaq olar”.
Busaat.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib. Aktrisa bir müddətdir sənət adamları arasında teatrın açılması ilə bağlı gedən mübahisələrə toxunub:
“Hər şey sağlamlıqla bağlıdır. Yaxşı, tamaşaçılar aralı otuzduruldu. Bəs səhnədə oynayan aktyorlar? Axı biz ana-bala, nənə-nəvə, sevgili obrazını oynayırıq. Bizim yaxın davranışlar necə olsun?
Dünyanın bir çox yerində teatrlar açıldı. Bəlkə, bizdə açılıb, aktyorlarla başqa layihələr etmək olar. Nürəddin Mehdixanlı bu günlərdə açıqlamasında deyib ki, şəhid övladları ilə görüş keçirilsin. Bu cür idyealar çoxdur. Biz sənət adamları çətinlik çəkirik. Balıq sudan çıxanda necə olar, biz də eləyik hazırda.
Teatr canlı məktəbdir. Mədəniyyətimizin inkişafı üçün bu mütləqdir. Səbirsizliklə yenidən teatra qayıdacağım günü gözləyirəm. Ora mənim ikinci evimdir. Səhnəsiz qala bilmirik. Biz də tamaşaçı nəfəsi duymaq üçün darıxmışıq. Kulis başqa bir aləmdir. Biz “qarabağnamə” tamaşasını hazırlamışdıq. Amma pandemiyaya görə oynaya bilmədik. Təsəvvür edin indi biz onu necə oynayacağıq. Tamaşanı hazırlayanda torpaqlarımız işğal altında idi. İndi qalib bir ölkənin aktyorları kimi səhnəyə çıxacağıq”.
F.Mütəllimova koronavirusdan qorunmaq üçün evdən çıxmadığını deyib:
“Bu yay iki serial təklifi aldım. Amma razılaşmadım. Xəsətlikdən qorunmaq üçün heç yerə getmirəm. İlk növbədə yayda səhhətimə görə işləmirəm. Həm də mən risk qrupuna aidəm. Verilişlərə də qatılmıram. Qorxuram, heç yerə getmirəm. Telekanallar məndən inciməsinlər, başıma bir iş gəlsə, onlar cavabdeh deyil. Özüm cavabdehəm, mən də bacardığım qədər qorunuram”.