Çörəyin düzgün bişirilməsi bu xəstəliyi yaradırbackend

Əgər vətəndaşlarda aldıqları çörəyin tərkibi və təhlükəsizliyi ilə bağlı hər hansı şübhələr yaranarsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Müraciət daxil olduqdan sonra Agentlik tərəfindən dərhal araşdırmalara başlanacaq və qanunamüvafiq tədbirlər görüləcək.

Busaat.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq, Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.

Agentlikdən qeyd edilib ki, çörəyin bişirilməsi zamanı texnoloji prosesə düzgün riayət olunmadıqda, çörək məhsulları bişirildikdən sonra soyudulmadan, dərhal satışa verildikdə və düzgün saxlanma qaydalarına əməl edilmədikdə məhsulun tərkibində yapışqanlıq yaranır.

Çörəkdə yapışqanlığın meydana gəlməsinə “Bacillus mesentericus” bakteriyası səbəb olur və bu bakteriyanın əmələ gətirdiyi xəstəlik kartof xəstəliyi adlandırılır. Yüksək temperatura dözümlü olduğu üçün bu bakteriyanın sporları bişirmə zamanı belə məhv olmur. Çörək soyuq şəraitdə saxlanıldıqda bu sporlar vegetativ formaya keçir və əlverişli mühitdə yenidən çoxalırlar. İlkin əlamət olaraq yemiş qoxusuna bənzər bir qoxu ilə özünü biruzə verir və tədricən çörəyin rəngində dəyişikliklər baş verir. Sözügedən bakteriyaların artması çörəyin tərkibində yaranmış yapışqanlığın daha da çoxalmasına səbəb olur. Belə çörəklərin istehlakı isə insan orqanizmi üçün bir sıra fəsadlar törədə bilər:

“Kartof xəstəliyinə səbəb olan Bacillus sporlarının bəziləri toksinlər ifraz edir ki, bu da septisemiya və bir sıra arzuolunmaz hallara gətirib çıxarır. Kartof xəstəliyi əmələ gələn çörəkləri istehlak edən insanlarda ürək bulanması, qusma, ishal, baş ağrısı və titrəmə kimi simptomlar müşahidə edilir. Belə halların qarşısını almaq üçün çörək məhsularının saxlanma qaydalarına əməl edilməlidir. Çörək istehlaka hazır məhsul olduğundan tam qablaşdırılmalıdır. Gün ərzində istehlak ediləcək çörəyin təzə və yumşaq qalmasından ötrü qaranlıq, sərin və quru yerdə saxlanılmalıdır. İsti hava və nəmli mühit mikroorqanizmlərin inkişafına əlverişli şərait yaratdığından çörəyin dondurucuda saxlanılması daha məqsədəuyğun hesab edilir.