“Cuvarlıda bir qəbirdə 7 əsgər dəfn olunub”

“Cuvarlıda bir qəbirdə 7 əsgər dəfn olunub”backend

İgid oğullarımız Vətən torpağının işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşdülər, şəhid oldular, ya da qazi…

 

Azərbaycanımız 1-ci Qarabağ müharibəsində torpaqların 20 faizini itirməklə acı məğlubiyyət yaşadı. Torpaq, Vətən qeyrətli oğullar bu məğlubiyyətlə barışmadı.  O, VƏTƏNin azadlığı naminə 2020-ci il sentyabrın 27-də, 30 ildən sonra öz haqqı uğrunda Vətən Müharibəsinə qalxdı. Bu gün nə Azərbaycan, nə də ordunun hərbi hazırlığı 30 il əvvəlki deyil. Bunu Vətən müharibəsinə 1-ci Qarabağ savaşından baxan əsgər də deyir…

 

Busaat.az xəbər verir ki, Hafta.az-ın budəfəki qonağı qazimiz, həmkarımız – “Vətəninfo” xəbər portalının rəhbəri Nahid Canbaxışlıdır.

 

“Cəbhə xatirələrim çoxdur”, – deyən 1-ci Qarabağ döyüşçüsü, II Qarabağ döyüşlərinin əsgər atası Nahid Canbaxışlı ilə o illərə mayak olacağıq…

 

“1-ci Qarabağ müharibəsi qazisi olduğum üçün aparmadılar”

 

– Mənim üçün bu müharibə o qədər tanışdı ki… 27 sentyabrdan bu yana  müharibəni hər gün ruhən yaşayıram. Bir neçə dəfə müraciət etsəm də, 1-ci Qarabağ müharibəsi qazisi olduğum üçün aparmadılar. Buna baxmayaraq, cəbhə bölgəsinə gedib-gəlir, oradakı uşaqlarla davamlı əlaqə saxlayıram.

 

Qazimiz geriyə çevrilərək, o illərin xatirələrini bu günə caladı, dedi:

 

– Düşmən güllələri, topu başımızın üstünə yağırdı. Bu, uşaqların deyib-gülməsini, döyüş ruhunu azaltmırdı. Bizim hissədə Qubadan Əfqan var idi, ləqəbi “Malış”idi. Bir gün ermənilər möhkəm atırdı, “Malış” da nəsə deyinir, öz-özünə danışırdı. Soruşdum, Əfqan nə öz-özünə danışırsan? Qayıtdı ki, “Naxçıvanik”, bilirsən, ürəyim necə makaron istəyir?.. Mənim ləqəbim “Naxçivanik” idi. Bilmirik öləcəyik, qalacağıq, bu rəhmətliyin oğlu da güllə ata-ata gözünün qabağına makaron gətirirmiş…

 

N.Canbaxışlı döyüş yolunu böyük sevgi və unudulmayan bir tarix olaraq yada salır, bugünün Vətən Müharibəsinin qalibi kimi, gözlərində qalan kədər, qələbə sevinci ilə içində əriyir…

 

Qazimiz deyir ki, 1-ci Qarabağ savaşında Azərbaycan əsgəri uduzmadı.

 

– Uduzmağımızın səbəbi siyasi hakimiyyətin yarıtmazlığı, hərbi rəhbərliyin naşıların əlində olması, ordu daxilində, əsasən də yuxarı eşalonda olanlar içərisində satqınların mövcudluğu idi. Ordumuzun silah-sursat baxımından düşməndən zəif olması idi. Azərbaycan əsgəri uduzmadı. Əksinə, Vətən üçün canından keçdi, döyüşdü, amma nə edək ki, belə oldu. Ona görə də əsgəri qınamaq olmaz. Unutmaq olmaz ki, o dövrdə Azərbaycan əsgəri Xankəndinin 4 km-nə qədər çatmışdı. Siyasi hakimiyyət hərisliyində olanlar o ordunu sona kimi getməyə qoymadılar.

 

Əlbəttə ki, bugünkü ordu ilə yeni qurulan ordu arasında fərq yerlə-göy qədərdir. Bu gün bizim ağır dağ şəraitində döyüşən xüsusi təyinatlı qüvvələrimiz var, bizim müxtəlif ordu qüvvələrimiz var, bu gün Azərbaycan Ordusu ən son, müasir silahlara sahibdir. Əlbəttə, müasir silahlar, dronlar var və sair. O zaman isə bu dediklərim yox idi. Biz bir qarnıac, bir qarnıtox döyüşürdük. Bu gün ordumuz bütün təminatla əhatə olunub. Xalq-dövlət birliyi mövcuddur. Siyasi hakimiyyət vahiddir. Ali Baş Komandan qərarlı və mətindir. Bütün bunlar qələbələrə açılan qapı üçün nur saçır.

 

1-ci Qarabağ müharibəsi zamanı hərə bir dəstə yaratmışdı. Əlikram bir batalyon, Surət bir batalyon, digəri bir batalyon. Ermənilər isə rus ordusu ilə üstümüzə gəlirdi. Fikirləşin ki, döyüşmək üçün yüzlərlə Vətən oğlu gəlirdi. Onlara verməyə silah yox idi. Mənim istifadəmdə olan silahı ermənidən götürmüşdük. İbad olmasaydı yerli müdafiə dəstəsi silahsız qalardı. İbad kəşfiyyata gedib erməniləri məhv edirdi. Onların silahlarını gətirirdi. Bu gün Ordumuzda müasir silahlar göz oxşayır, fərq böyükdür. Bu cür təminatı olan ordu döyüşdə uduza bilməz.

 

“28 ildir yuxularım cəhənnəmə dönüb”

 

1-ci Qarabağ müharibəsindəki uğursuzluqlarımıza görə, əsgəri necə qınamaq olar. Mən əsgərəm, əlimdə silah sona kimi döyüşdüm. Biz düşmən səngərini darmadağın edib, düşməni o səngərdən qovub, həmin səngərdə oturan əsgər olmuşuq. O postları almaq üçün yüzlərlə oğul şəhid oldu, yüzlərlə oğullar yaralandı. Qolu, qıçı, bədəni qopdu. İndi onları, bizi necə qınaya bilərlər?

 

1992-ci ilin sentyabrın 6-da yaralanmışam. O gündən bu günə bədənimdəki mərmi parçaları nə zaman bədənimin hansı hissəsinə xələl verəcək deyə ağrı ilə yaşayıram. Ayağımda 8 plastik damar var. Sağ ayağımda pəncə işləmir, hissiyyat yoxdur. Hər gecə bədənimin o hissəsi sızlayır, şəhid olan dostlarımı düşünürəm. 28 ildir yuxularım cəhənnəmə dönüb. Fiziki sağlamlığım məhv olub. Bizi kim qınaya bilər? O qınamaq düşüncəsində olanlar dezertirlər, pul ilə hərbi bilet alanlardı.

 

Hindarxlı Akifi, muğanlılı Rövşəni, qubalı Əfqanı unuda bilmirəm.Yaralandığım yerə gedəcəyəm. Cuvarlıda bir qəbirdə 7 əsgərin hərəsinin bir hissəsi dəfn olunub. O təpəyə qalxıb, o məzarı ziyarət edəcəyəm. Onlar mənim, bu torpağın qəhrəmanlarıdır.

 

Qazimiz deyir ki, 1-ci Qarabağ döyüşləri bizə çox şey öyrətdi. Bizə xatırlatdı ki, əsrlərboyu bu erməni zilləti ilə yan-yana yaşamağa məhkumuq. Düşmənə qarşı hər zaman ayıq olmalıyıq. Ordumuz güclü olmalı, müasir silahlara yiyələnməlidir. Bütün çətinliklərə sinə gərən güclü, peşəkar ordu. Milli Orduya sabib olduqca, biz ən güclülərdən olacağıq. Bu Vətən müharibəmiz bütün xalqların dərs kitablarına düşəcək.

 

Danışan xatirələr

 

–  Müharibə hər birimizdə xatirələr buraxdı. Mənim də çox xatirələrim var. Bu haqda heç bir zaman danışmamışam.

 

…Günlərin birində bir nəfər Bakıdan gəlmişdi döyüşməyə. Postda düşmənlə aramızda, təqribən, 100 metr məsafə vardı. Gecə onu həmin posta apardım. Axşam narın yağış yağırdı. Səhər postdan hərbi hissəyə qayıtdıq. Mən istirahətə çəkilmişdim. Oyandım, eşitdim ki, həmin gələn silahı təhvil verib Bakıya qayıdıb. Sonralar bir kərə Bakıda qarşılaşdıq. Utandığından başını aşağı saldı. Müharibə asan deyil. Elə insan var ki, kompüter arxasında şirə dönür. Güllə qulağının dibindən keçəndə ürəyi gedir. Salyan uşaqları da canavar kimi döyüşürdülər. Onlarla da çoxlu xatirələrim var.

 

Bu gün o düşmənlə üz-üzə olmamağıma heyfsilənirəm. Kaş 28 il öncəki gənc olardım, yaralı olmayaydım. Qürurluyam, məni oğlum Fərid əvəz edir. Fərid 1998-ci ildə doğulmuşdu. Hərbi xidmətini bir neçə il öncə tamamlayıb. İkinci dəfə getdi. Niyə də getməsin? İnşallah, şücaəti ilə məni qürurlandırar. İstər şəhid olar, istər qazi… fərq etməz, Vətən sağ olsun.  Əminəm ki, oğlum qəhrəman əsgər kimi dönəcək.

 

Allah bütün cəbhədə olan balalarımızı qorusun!

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90