“Elə aktyor var ki, 40 il sənətdə olsa da, onda heç nə çatışmır…” – Gənc rejissor İmran Ali Qurban – MÜSAHİBƏ

“Elə aktyor var ki, 40 il sənətdə olsa da, onda heç nə çatışmır…” – Gənc rejissor İmran Ali Qurban – MÜSAHİBƏbackend

“Hansısa gənc rejissor tamaşa hazırlamaq və ya film çəkmək istəsə, onu geri çevirəcəklər. Hər kəs dişiylə-dırnağıyla, kiməsə minnətlə nəsə edə bilirsə edir, əks halda oturub gözləyir”.

Gənc aktyor-rejissor İmran Ali Qurbanın Busaat.az-a müsahibəsini təqdim edirik:

– Özünüzü təqdim edərdiniz.

– 2018-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı ve kino aktyoru” fakültəsini bitirmişəm. Eyni ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” ixtisasına qəbul olmuşam. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərirəm.

– Adətən sənət adamları sahibləndikləri peşənin uşaqlıq arzuları olduğunu deyirlər. Bəs sizdə bu sahəyə maraq necə yarandı?

– Mənim arzum cərrah olmaq olub. Müxtəlif səbəblərdən ola bilməmişəm. Bir gün nənəm məni Kukla Teatrına aparmışdı. Tamaşa bitəndan sonra nənəmə “mən aktyor olacağam” dedim. Daha sonra nənəmlə babam məni İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinə apardılar. Mədəniyyət Mərkəzinin keçmiş bədii rəhbəri Mirəhməd Əskərov məni “Vurğun” poeziya teatrına götürdü. Orada “Mədəniyyət inciləri” adlı məktəblilərdən ibarət aktyor truppası olan bir uşaq teatrı vardı. Teatrın rejissoru Racu Şıxlı idi. Orada illərlə teatrla məşğul oldum və daha sonra sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Teatr və aktyorluq sevgisini aşılayan rejissor Racu Şıxlının üzərimdə əziyyəti və əməyi çox olub.

– Aktyor olduğunuz halda necə oldu ki, rejissor olmaq fikrinə düşdünüz?

– Universitetə qəbul olanda aktyorluğu bitirib, rejissorluğa magistr vermək olurdu. Lakin mən təhsilimi bitirən il bu qaydanı yığışdırdılar. Mən də aktyorluğu təkrarən magistr oxumamaq üçün, ikinci bakalavr təhsili kimi istəyim olan rejissorluğu seçdim.

– Sənət adamlarının özünəməxsus dünyaları olur. Onların hadisələrə və münasibətlərə yanaşması fərqlidir. Bu özünəməxsusluq qarşı tərəflə münasibətdə problemlər yaradırmı?

– Mütləq və mütləq yaradır. Sənət adamları, incəsənətlə məşğul olan insanların həyata baxışları digər insanların yanaşmasından fərqli olur. Yəni, sənət adamları 1-0 öndədir. Sənət adamları bir problemin həllinə hər kəsin verdiyi fikirdən daha fərqli və məqsədəuyğun fikir irəli sürürlər. Hər kəsə qəribə gələn onlara qəribə gəlmir, danışılan bir söhbəti daha tez qavrayır və ön fikir yaranır. Bəzi insanlar incəsənət adamlarına “seçilmişlər” deyir. Sənət adamlarının həyatı, düşüncələri, yaşam tərzləri çox fərqli olur, buna əmin ola bilərsiniz.

– Deyilənə görə, aktyorlar insan psixologiyasını çox yaxşı bilməlidir ki, obrazı tam olaraq mənimsəyə bilsinlər. Bu fikir nə dərəcədə doğrudur?

– Aktyor oynadığı bütün rolları, nəzəri dildə desək, psixofiziki aparatı sayəsində həyata keçirir. İndi elə bir vəziyyət yaranıb ki, aktyorun öz psixologiyasını lazım olan vaxtda idarə edə bilməsi daha vacibdir, nəinki başqa insanların psixologiyasını bilsin. Ümumən insan psixologiyasını bilmək aktyor üçün vacibdir. Bu məsələ nəinki aktyor, insanlarla bağlı olan bütün peşə sahibləri üçün vacibdir.

– Oynadığınız rollardakı xarakterlər real həyatdakı xarakterinizə təsir edirmi?

– Xeyr, mən rol oynamağa bir iş kimi baxıram. İşimi görürəm. Bir əczaçı düşünün, onun satdığı dərmanlar onun xarakterinə təsir edir? Xeyr. Bizdə də elədir. İşimi görürəm və bitir. İncəsənət sözü eşitdikdə insanların ağlına şən və pozitiv fikirlər gəlir. Buna görə də incəsənətlə məşğul olan insanların daha zarafatcıl olduğunu düşünürlər. Əslində sənət adamları arasında da bədbin, ciddi, ağır və ya yüngül xarakterli olanı var. Yəni, xarakterin peşəyə bir aidiyyatı yoxdur.

– Bir aktyorun əhvalı obraza girməyi, rola hazırlaşmağı, rolun abu-havasında olmağı ilə nə qədər bir-birinə bağlıdır?

– Əslində əhvalın hardasa biraz işə yansımağı ola bilər. Lakin çox hallarda bu fikir aktyor və aktrisaların özündən uydurduğu bir şeydir. Belə deyək, mənim bugün əhvalım yoxdursa, rolumu oynamamağıma əsas verməməlidir.

– Bu gün ölkədə kifayət qədər serial və filmlər çəkilir, amma izləyicilər o qədər də bəyənmirlər. Bunun səbəbi nədir?

– Kino sahəsi bahalı sənətdir. Bir işə pul xərcləməlisən ki, pul götürəsən. Sən 10 manatlıq işi 1 manata çəksən, əlbəttə keyfiyyətsiz olacaq. Bu problemlərlə bağlı çox suallar verilib, cavablar alınıb. Bəziləri deyir ki, yaxşı ssenarist yoxdur, ssenarilər zəifdir. Yaxşı ssenaristlər olsa belə, hansısa səhnəni yazanda fikirləşir ki, bu səhnəni “pulumuz yoxdur” deyib, çəkməyəcəklər. Ona görə də həmin ssenaristlər elə ssenari yazırlar ki, səhnə çəkilsin. Birdə bu gün çəkilən film və seriallara baxan tamaşaçı kontingenti var. Həmin film və serialların var olmasının səbəbi elə həmin insanlardır. Rejissorlar da camaatın izlədiyini görür və düşünürlər ki, elə belə də davam etməlidirlər. Necə ki, bayağı mahnı və müğənnilərə milyonlarla baxış sayı gəlir, film və seriallar da belədir.

Hazırda bizdə əsas problem film və serial istehsalçılarının olmamasıdır. Axı əvvəllər də Azərbaycan kinosu olub, o filmlər də bu ölkənin insanları tərəfindən çəkilib. O vaxtlar olurdusa, bəs indi niyə olmur?! Səbəbini yuxarıda qeyd etdim. Həmçinin əvvəlki dövrdə “Xut sovet” adlanan baş bilənlərdən ibarət bir heyət var idi. Bu heyətdə görülən baş bilənlər tərəfindən müzakirə edilir, qərar qəbul edilir və sonda tamaşaçı ixtiyarına verilirdi. Həmçinin kinostudiyamız var idi. Düzdür, indi də kinostudiya var, amma fəaliyyət göstərən bəzi otaqları təmirsiz və avadanlıqsızdır. Kinostudiyamız əsaslı təmir olunarsa, müasir avadanlıqlarla təmin edilərsə və işini bilən peşəkar kadrlar işə götürülərsə, kino sahəsində inkişaf gedər və uğurlu işlərə nail olunar. Bu mövzu çox genişdir, danışdıqca danışmaq olar.

– Gənc aktyorların çatışmayan cəhətləri hansılardır?

– Fikrimcə, hər hansısa çatışmazlıq gənclik və ya yaşlılığa baxmır. Elə aktyor var ki, 40 ildir sənətdə olsa da, onda heç nə çatışmır. Aktyor da var ki, universitet vaxtlarından bir sıra nəaliyyətlər əldə edir. Sadəcə insan “gənc aktyor” adını qazanıbsa, işinin ən yaxşısı olmağa çalışmalıdır. Mən gənc aktyor olan amma hansısa çatışmayan cəhəti olan birini tanımıram. Eləsi varsa, mən onu aktyor saymıram.

– Bu gün yaxşı film çəkmək üçün hansı şərtlər vacibdir?

– İlk öncə ortaya qoyulan məhsulun ideyası güclü olmalıdır. Yəni, biz bu işi çəkməklə nə demək istəyirik. Daha sonra rejissor, ssenarist, aktyor, operator, bəstəkar, bir sözlə işini bilən peşəkar və savadlı insanlardan ibarət komanda olmalıdır. Daha İvandan kamera götürməklə, Andreyə “evdən köynək geyin, gəl” deməklə, filankəsin mahnısını fonda verməklə, xalaoğlunun kafesində film və ya serial çəkilməz.

– Hazırkı dövrdə gənc rejissorlara dəstək varmı?

– Gənclərə dəstək hər dövrdə həm olur, həm də olmur. Baxır sən necə rejissorsan. Nə bilirsən, nə iş görmək istəyirsən. Belə deyək, hansısa gənc rejissor tamaşa hazırlamaq və ya film çəkmək istəsə, onu geri çevirəcəklər. Hər kəs dişiylə-dırnağıyla, kiməsə minnətlə nəsə edə bilirsə edir, əks halda oturub gözləyir. Əlavə olaraq qeyd edim ki, bir gənc rejissor və aktyor üçün məşq etməyə və tamaşanı hardasa oynamaq üçün yer tapmaq problem deyil. Yəni, dəstək bu deyil. Maddiyyata bağlı lazımi məqamlar var ki, onlar olmasa heç nə etmək olmur. Bax, bu zaman dəstək sözü leksikamızdan silinir.

– Aktyor olmaq üçün təhsil vacibdir?

– Bəli, bəli, olduqca vacibdir. Cərrah olmaq üçün təhsil, diplom nə qədər vacibdirsə, aktyor olmaq üçün də o qədər vacibdir. Çox təəssüf ki, indi yoldan keçən insanlar özlərinə aktyor deyirlər. Bəziləri isə həmin yoldan keçən insanların “aktyor” olması üçün şərait yaradır. Şükür ki, bu hal teatrda mövcud deyil. Təsəvvür edin, mən xəstəxanaya girib deyirəm ki, ürək əməliyyatı etməyə gəlmişəm, cərraham. Elə şey olar? Gülüncdür.

– Aktyor olmaq üçün nə lazımdır və kim aktyor ola bilər?

– Duyğuları üzdə olan insanlar aktyor ola bilər. Bununla yanaşı, oxumaq, öyrənmək və o duyğuları idarə etməyi bacarmaq lazımdır. Aktyor təhsili vacibdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti müəllimi, aktyor Ruslan İsmayılov mənə aktyor sənətindən dərs deyib. Mən o insandan çox şey öyrənmişəm və bugün də onun öyrətdikləri mənim üçün çox dəyərlidir. İlk kurslarda bəzən uşaq ağlımla Ruslan İsmayılovun öyrətdiklərinin səhv olduğunu düşünürdüm. Zamanla anladım ki, yanlış düşünmüşəm. Aktyor olmaq üçün düzgün müəllimin əlinə düşməlisən. Bu, çox vacibdir.

– Teatrlara olan marağı qənaətbəxş hesab edirsinizmi?

– Təsəvvür edin, deyirlər ki teatrda təmənnasız qızıl paylayırlar. Ora insan axını necə olar? Baxın, eyniylə insanlara o qızıl səviyyəsində tamaşalar təqdim etmək lazımdır ki, o təsəvvür etdiyimiz insan axını teatra, tamaşaya qarşı olsun. Birdə həmin qızıl paylanması car çəkilən kimi tamaşalar da car çəkilməlidir. Yəni, reklam olunmalıdır ki, tamaşalara maraq artsın. Teatr və tamaşalara marağı artırmaq üçün bu sahə üzrə cəmiyyətdə təbliğat işləri geniş aparılmalıdır. Teatra marağı qənaətbəxş yox, daha yaxşı hesab edirəm.

-Teatr aktyorlarına göstərilən diqqət sizi qane edir?

– Necə gözəl sualdır, necə gözəl sualdır… Amma mən bu suala cavab verməyəcəyəm.

– Kumir hesab etdiyiniz aktyor və rejissor kimlərdir?

– Rejissor kimi kumirim öz müəllimim Bəhram Osmanovdur. Bəhram Osmanov Azərbaycan və Kalmikiya Reslublikalarının Əməkdar İncəsənət xadimidir. Mən ondan aldığım təhsil nəticəsində bir ilin ərzində Edvard Olbinin “Zoopark Əhvalatı” əsərinin tamaşasını qurdum. Bu, mənim üçün böyük bir uğur idi. Uşaq vaxtı döyüş sənəti ilə bağlı filmlərdə hər zaman bir cavan oğlan döyülürdü, sonra yaşlı bir kişi – Ustad o uşağı götürüb, sənətin sirrlərini öyrədirdi. Bəhram Osmanov da mənim üçün həmin o yaşlı ustad kimidir. Mənim həmişə arzum idi ki, məşğul olduğum peşədə ustadım olsun. Mənim sənətdə qalmaqla bağlı çətin günlərim idi. Bu gün teatrda işləməyimi və aktyor fəaliyyətimi də Bəhram Osmanova borcluyam. Hazırda ikinci bir əsər üzərində işləyirəm. Bəhram Osmanovdan bütün məsləhətləri almışam. Pandemiya dövrü bitdikdən sonra məşqlərə başlayacağam.

Aktyor kimi isə bəyəndiyim və izlədiyim aktyorlar var. Amma kumirim yoxdur. Aktyor kimi formalaşmağımda xalq artisti Firəngiz Mütəllimovanın əziyyəti və dəstəyi çox olub. O, mənə dərs deyib, kurs rəhbərim olub. Xanımdan bəyə kumir olmur, əks halda kumirim Firəngiz Mütəllimova olardı. Firəngiz Mütəllimova mənim üçün çox əzizdir. Mənim ilk dəfə böyük səhnəyə çıxmağımın, teatr sahnəsində var olmağımın vasitəçisi və səbəbkarıdır. Universitet illərindən bu günə qədər əli hər zaman üstümdə olub. Tələbələrinin qayğısını çəkən gözəl aktrisamız və müəlliməmizdir.

– Belə bir fikir var ki, sənət adamları azadlığı çox sevir və buna görə də onların ailə qurması məsləhət deyil. Bu barədə nə deyə bilərsiniz?

-Yox, mən bunu qəbul etmirəm. Hər kəs azadlığı sevir. Ailə qurmağın peşəyə dəxli yoxdur. Türməylə evlənmirsən ki, azadlığın əlindən getsin.

– İmran Ali Qurban film və seriallarda niyə yoxdur?

– Səbəbini bilmirəm. Sonuncu dəfə rejissor Namiq Əlioğlunun “Bağlı Qapı” serialına çəkilmişəm. Yəqin ki, film və seriallarda çəkilməyimin vaxtı var. Bizim kino aktyorumuz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bir çoxu sənətkar yetişdirən Məhəmməd Verdiyev mənim çox yaxın bir müəllimim və hətta doğmamdır. Məhəmməd Verdiyevdən öz qiymətimi almışam. Hələ ki, kino və seriallar barədə bu qiymət mənim bəsimdir.

-Sizcə, məşhurluq nədir və məşhur olmaq istəyirsiniz?

-Hazırda məşhurluqla biabırçılıq yerlərini dəyişin. Aktyorundan tutmuş müğənnisinə kimi hər kəs instagramda çay, restoran, salon və bu cür nə gəldi reklam etməklə məşğul olur. Məqsəd pul qazanmaqdırsa, bunu öz sənətinlə də etmək mümkündür.Əgər məşhurluq instagramda “obyekt” reklam etməkdirsə, elə məşhurluğu istəmirəm. Allah Fuad Poladov, Yaşar Nuri, Siyavuş Aslan, Rəşid Behbudova qəni-qəni rəhmət eləsin. Onalr instagramda 1001 xırdavat reklam etməyən sənətkarlar idi.

– Aktyor və eyni zamanda bir rejissor kimi gələcəklə bağlı planlarınız nələrdir?

– Əsas planım uğurlu işlərə imza atmaqdır. Lakin gələcək fəaliyyətimi aktyorluqdan daha çox, rejissor kimi davam etdirmək istəyirəm. Hazırda bu istiqamət üzrə səy göstərirəm. Məni və ümumilikdə insanları narahat edən mövzuları, ideyaları tamaşa şəklində insanlara ötürmək istəyim var.

Gülay

      

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90