Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni iş adamı, Qarabağdan qovulmuş separatçıların “keçmiş dövlət naziri” Ruben Vardanyanın Bakıda həbsdə saxlanması ilə bağlı suala cavab verib.
Busaat.az xəbər verir ki, erməni jurnalist Hayk Xalatyan Zaxarovadan Rusiya-Azərbaycan danışıqlarında Vardanyanın və Bakıda həbsdə saxlanılan digər separatçı rəhbərlərin azadlığa buraxılması məsələsinin qaldırılıb-qaldırılmadığını soruşub.
Zaxarova suala belə cavab verib: “Mən də bilmək istərdim ki, Ermənistan-Azərbaycan danışıqları zamanı Ruben Vardanyanın Azərbaycan həbsxanasından buraxılması məsləsi qaldırılırmı? Mən Ermənistan-Azərbaycan təmasları zamanı bu məsələnin qaldırıldığını bilmirəm. Amma bu barədə bilmək mənim üçün də maraqlı və faydalı olacaq”.
O qeyd edib ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib və bunu açıq şəkildə edib.
Zaxarova sözügedən məsələ ilə bağlı İrəvan və Bakıya müraciət ünvanlamağı tövsiyə edib.
Xatırladaq ki, bir müddət əvvəl Səbail Rayon Məhkəməsi Ruben Vardanyan barəsində həbs qətimkan müddətini daha 5 ay uzadılıb.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.