“Əvvəlcə müəyyən protokollar, sonra isə ilin sonuna yaxın sülh sazişinin imzalanması mümkündür…” – ŞƏRH

image-66b09931-7576-4744-b3db-57e80f6c2335backend

5 iyun 2023-cü il tarixində ADA Universitetində keçirilən tədbirdə Azərbaycan xarici işlər nazirinin mətbuata açıqlaması olub. Həmin açıqlamada nazir Ceyhun Bayramov Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu vurğulayıb. Eyni zamanda, yaxın günlərdə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da ilin sonuna qədər Azərbaycanla sülh sazişi ilə bağlı fikir bildirib. Qriqoryan qeyd edib ki, hazırda danışıqlar olduqca intensiv formada davam edir.

Daha sonra vurğulayıb ki, bu intensivlik belə davam etdirilsə və beynəlxalq təşkilatlardan lazımi dəstək olarsa, 2023-cü ilin axırına kimi sülhün əldə edilməsi ehtimalı çox böyükdür.

Ümumiyyətlə 2023-cü ilin axırlarına qədər sülhün əldə olunmasını nə dərəcədə mümkün hesab etmək olar? Sülh sazişi hansı şəhərdə imzalana bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Natiq Cəfərli Busaat.az-a açıqlamasında bildirib ki, çox güman sülh müqaviləsindən öncə Azərbaycanla Ermənistan arasında bir neçə başqa sənədlərin imzalanması baş verəcək:

“Yəni, bir neçə istiqamətlər üzrə protokollar imzalanandan sonra ilin sonuna yaxın bunların əsasında böyük sülh sazişinin imzalanması mümkündür. Əvvəlcə kommunikasiyaların açılması ilə bağlı protokol imzalana bilər. Daha sonra isə qarşılıqlı ərazi bütövlüyünün tanınması protokolu reallaşa bilər. Sərhədlərin demarkasiyası və delimitsiyası ilə bağlı ümumi razılaşma protokolu imzalana bilər. Bütün bunlar sonda böyük sülh sazişinin tərkib hissəsi kimi sülh sənədinə daxil edilə bilər.

Hesab edirəm ki, sənədlər müxtəlif yerlərdə imzalanacaq. Həm Qərbdə, həm Rusiyada, həm də digər platformalarda gedən danışıqlar treki bir-birinə maneə olmasın. Beləliklə obrazlı desək, hər iki tərəfi qane edəcək bir qrafik təşkil oluna bilər. Əgər protokolun biri Rusiya ərazisində imzalanacaqsa, digərinin isə ya Brüsseldə ya da ki, Vaşinqtonda imzalanması mümkündür”.

Bünyamin Bünyadzadə
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki