Eyni mənzil iki nəfərə satılıb – Zərərçəkənlər “Atlant”ın satışını tələb edir

image-o0rtt62x6cyobxlopisipdqgirdvha4aixlvuz6u_1200backend

Dələduzluq və digər cinayət əməllərində təqsirləndirilən – “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə kecirilən iclasda müdafiə tərəfləri cavabdeh olan MTK-nın balansına aid bütün daşınmaz əmlakların siyahıya alınaraq üzərlərinə həbs qoyulması ilə bağlı vəsatət təqdim ediblər.

Prosesdə iştirak edən zərərçəkənlər də vəsatəti müdafiə edərək məhkəmədən onun təmin olunmasını, cinayət yolu ilə əldə edilmiş əmlakların satılaraq dəymiş zərərlərin ödənilməsinə yönləndirilməsini istəyiblər.

Vəkillər və müdafiəçilərin əsas tələbi “Atlant” istirahət mərkəzinə qoyulmuş həbsin götürülərək, satılıb pulunun zərərçəkənlərə ödənilməsi olub.

Prosesdə eyni mənzilin satıldığı iki zərərçəkən ifadə verərək bildiriblər ki, müqavilələrdən biri 2018-ci il, digəri isə 2029-ci ildə bağlanılıb. Təqsirləndirilən Nofəl Hacıyev isə eyni mənzilin hər iki sahibini tanımadığını deyib.

İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın Nərimanov rayonu ərazisindəki tikilmiş binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə, 172 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

Qeyd edək ki, Nofəl “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb.

Onu da qeyd edək ki, məhkəmə istintaqı ilə əlaqədər “Təbriz” MTK-nın Nərimanov rayonu ərazisində sözügedən yaşayış binası və Nabran qəsəbəsində, dəniz sahilində yerləşən “Atlant” İstirahət Mərkəzinə həbs qoyulub.

İstirahət mərkəzinin sahibi Tahir Qədəşov da həmçinin şahid kimi prosesə dəvət edilərək sualları cavablandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki