Farsın təyyarəsi, rusun sülhməramlıları: Azərbaycanın bəlaları – TƏHLİL

image-russia-iranbackend

Məlum olduğu kimi, bir neçə gün əvvəl İranın döyüş təyyarəsi Azərbaycan sərhədləri yaxınlığında, sərhədləri pozmamaq şərtilə müəyyən uçuşlar keçirib. Bu hadisədən qısa müddət öncə Laçın yoluna alternativ Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda erməni təxribatı yaşandı və Azərbaycan ordusu da şəhid verdi. Ardınca Rusiya sülhməramlı qüvvələrinin müşaiyəti (əslində qoruması) ilə separatçı erməni birləşmələrinə yardım daşıyan avtomobillərin Qarabağa silah-sursat daşıması təmin edildi ki, Azərbaycanın müvafiq qurumları buna etiraz olaraq rəsmi bəyanatlar yayımladı.

Maraqlısı odur ki, bütün bu hərarətlilik Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin ardından baş verirdi..
Görüşdən sonra müxtəlif ekspert və siyasətçilər Lavrovun Bakı səfərində istəklərinə nail olmadığını qeyd edirdi. Görünən odur ki, bu fikirlər həqiqəti əks etdirir, Lavrovun Bakı səfəri ilə istəklərinə nail olmayan rəsmi Moskva bölgədəki təsir rıçaqlarını işə salaraq bu hədəflərini təmin etməyə çalışır. Burada incə məqamı var: İran hazırda Moskvanın bölgədəki təsir rıçaqı mövqeyində çıxış edir. Ancaq İran məsələsinə daha sonra toxunacağıq.

Hər nə qədər Nikol Paşinyan iqtidarı İrəvanı Moskvanın “köləsi” olmaqdan xilas etməyə çalışsa da, açıq-aşkar görünür ki, bu an etibarilə mümkün olmayıb, mümkün olmaq ehtimalları aşağıdır.

Birincisi, Ermənistan iqtisadiyyatının böyük bir qismi Rusiya dövlət və özəl şirkətlərinin sayəsində ayaqdadır və xarici kapital amilində Rusiya digər ölkələrin ümumi göstəricilərini üstələyir. Rusiyada yaşayan və oradan Ermənistan iqtisadiyyatına töhvə verən milyonlarla ermənini nəzərə alsaq, Ermənistanın Rusiyadan qopması, yaxud onun “köləliyi”ndən qurtulması mümkün deyil.

İkincisi, Ermənistan siyasi elitası Qərbmeyilli Nikol Paşinyanın və onun komandasının əlində olsa da, bu iqtidara qarşı ciddi rusmeyilli müxalif qüvvələrin olduğunu da unutmamaq lazımdır. Robert Koçaryan faktoru bu amillərin başında gəlir və güclü “Qarabağ klanı”nın effektivliyini qoruyur.

Üçüncüsü, Ermənistan ordusunda ciddi rus izləri açıq-aşkar görünür. Ordunun Ermənistana deyil, Rusiyaya aid olması görünüşü daha gözəçarpandır. Nikol Paşinyan iqtidarı orduda nəzarət məsələsində uğurlu addımlar atsa da, Ermənistan ordusunda Rusiya təsirinin olmadığını iddia etmək mümkün deyil. Bu orduda əhəmiyyətli dərəcədə Rusiya diqtəsi müşahidə olunur. Gümrüdə yerləşən 102-ci Rusiya bazası, Qarabağdakı separatçıların Rusiya hərbi-siyasi dairələri ilə dərin işbirliyində olması da Ermənistan dövlətinin, ümumən ermənilərin əslində Rusiyanın təsir rıçağı olduğunun sübutudur. Onlar eyni zamanda, Fransa və digər havadarları üçün də təsir rıçağı ola bilirlər…

Bu nöqtədə hər şey aydın olur ki, Laçın yoluna alternativ Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş verən təxribat əslində Rusiyanın planlarının tərkib hissəsi idi və Moskva Bakıya öz gücünü göstərərək, istədiklərinin “verilməsini” tələb edirdi. Hansı ki, Lavrov onu ala bilmədən Bakıdan ayrılmışdı…

Görünən odur ki, effektivliyini itirən “erməni kartı” da Rusiyanın bu təhdidlərini hədəfə çatdırmadı. Əksinə Azərbaycan sülhməramlı qüvvələrin özünə vəzifələri barədə xatırlatma etdi. Ardınca isə, Rusiya sülhməramlıları Laçın yoluna alternativ Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda hərəkət edən və separatçılara silah daşıyan hərbi maşınları özü müşayiət etməyə başladı. Bu tamamilə erməni separatizmini qorumaq, onların Azərbaycan tərəfindən hədəf alınmasını əngəlləmək üçün atılmış addımdır. Eyni zamanda, Rusiyanın bölgədə “sülhə verdiyi töhvələrin” sübutu, erməni havadarlığının isbatıdır. Diqqət edək: Rusiya artıq birbaşa anti-Azərbaycan addımlar atır, əvvəl isə bunu ya ermənilərin, ya da bir başqa vasitə ilə edirdilər.
Hadisələrdən az sonra isə, İran tərəfi Azərbaycan sərhədləri boyunca qırıcı təyyarə qaldırdı. Uçuş trayektoriyası təxminən işğaldan azad edilmiş bölgələrimizlə qonşu dövlətin sərhədləri olan məlum uçuş bir neçə məqsədə hesablanmış ola bilər:

1. İran Azərbaycanı səfirlikdə törədilən terror aktını izləməkdən imtina etməyə məcbur edir. Azərbaycana öz gücünü göstərməklə Bakını qorxutmağı hədəfləyir;

2. Azərbaycan-İsrail əlaqələri, eyni zamanda Azərbaycan-Türkiyə müttəfiqliyi İranın hər gün qorxulu yuxusuna çevrilməyə davam edir və İran öz varlığını göstərərək, bu iki ölkə ilə əlaqələrində rəsmi Bakının “diqqətli olması” mesajını verir;

3. ABŞ və İsrailin İrana müdaxiləsi gündəmə gəldiyi zamanda Cənubi Azərbaycan məsələsini maksimum “zərərsizləşdirməyə” çalışan İran güneyli soydaşlarımızın ümid yerini – Bakını “game out” (oyundan kənar – red.) vəziyyətinə salmaq üçün gücünü göstərir;

4. Uçuşun işğaldan azad edilmiş ərazilərlə sərhəddə həyata keçirilməsi deməyə əsas verir ki, İran tərəfi bu uçuşdan həm də kəşfiyyat məqsədilə istifadə etmiş ola bilər. Yəni yeni yerləşilən ərazilərdə hərbi infrasturukturun necə qurulduğu, nələrin olduğu və digər məsələləri öyrənmək İranın məqsədləri arasındadır. Kim bilir, bəlkə də onlar bu ərazilərdə “xarici amil” axtarışında olublar? Əlbəttə ki, bu axtarışın nəticəsi omayacaqdı…

Bu dörd səbəbin hər dördü ayrı-ayrılıqda da, eyni zamanda dördü də eyni planın tərkib hissələri də ola bilər.

Ancaq hər dörd səbəbin dördü də İranın təkbaşına cürət edəcəyi addımlar deyil. İran tərəfi yaxşı başa düşür ki, onun Azərbaycana qarşı mübarizəsi iki ölkə ilə sərhədlənməsi qeyri-mümkün qarşıdurmadır. Burada həm regional faktorlar, həm də dünyəvi amillər özünü göstərir.

Regional faktorlar olaraq Türkiyə, Rusiya və İsrailin maraqları Azərbaycanın “yem” olmasını istəmirsə, dünyəvi faktorlar sırasında İngiltərə və Çinin Cənubi Qafqaz siyasətini əsas götürə bilərik.

Hər kəsə bəllidir ki, “Bir kəmər, bir yol”, “Orta dəhliz” kimi əsas, həmçinin bir sıra digər tranzit layihələr London və Pekinin imtina etməyəcəyi və özündə böyük məbləğdə mənfəəti ehtiva edən düynəvi layihələrdir. Nəzərə alaq ki, bütün dünya ilə normal əlaqə qura bilməyən, əhəmiyyətli dərəcədə düşməni və sanksiyalar altında olan mollkratiya İranı fiasko vəziyyəti ilə üz-üzə qalıb. İranı düşdüyü bu vəziyyətdən həmişə iki ölkə – Çin və Rusiya xilas edib.

Çin Qərbə qarşı güc yarışında ucuz enerji kimi gördüyü Çini (başqa bir sıra amillər də var – red.), Rusiya öz məqsədlərinə çatmaq, diqqətləri öz üzərindən daha radikal təhlükəyə yönəltmək üçün istifadə edir. Həm də Rusiya anlayır ki, İranda rejimin dəyişməsi Qərblə əlaqələri normallaşdıra bilər. Bu isə, İranın enerji resurslarının Qərbə tranzitinə, beləcə Rusiyanın ən effektiv silahını (enerjini – red.) itirməsinə səbəb ola bilər. Qısacası, İran rejimi bu gün bütün təhdidlərə qarşı hələ də dözüb ayaqda qalıbsa, bu özünün deyil, Rusiya və Çinin məharətidir.

Xülasə, İranın Azərbaycana təcavüzü onun ilk növbədə əsas dəstəkçisi Çini itirməsi ilə nəticələnəcək. Bu isə, ABŞ-İsrail blokunun İrana müdaxilə etməməsinin əsas səbəbini ortadan qaldıracaq. Çin Azərbaycanı İrandan daha vacib tərəfdaş saymasa da, onu dünyanın ən nəhəng iqtisadiyyatına və dünyanın əvəzedilməz iqtisadi mərkəzinə çevirəcək layihələrə İranın kölgə salmasını bağışlamayacaq. Rusiya isə, Qafqaza “öz torpağı” kimi yanaşır. İran Azərbaycana qarşı təcavüz etməklə, (Rusiya nöqteyi-nəzərindən) Rusiyaya təcavüz etmiş olacaq.

Ona görə də, İranın son addımlarının Rusiyanın anti-Azərbaycan siyasəti ilə üst-üstə düşdüyünü təsadüf adlandırmaq olmaz. Məsələn, Azərbaycan Rusiyanın bütün istəklərinə “boyun əymiş” olsa idi, İran Bakıya qarşı addım atmaq cürətində olmazdı. Rusiya-İran ikilisi Azərbaycanın artan əhəmiyyət və gücünü sərhədləməyə, onun İsrail və Qərb ilə əlaqələrinin genişlənməsini dayandırmağa çalışır. “Erməni kartı”nın işləmədiyi yeni status-kvoda artıq Rusiya-İran ikilisi birbaşa müdaxilələrə məcbur qalıb.
Bəli, bu müdaxilələr təhlükəlidir. Hər kəs İran və Rusiyanın gücünə bələddir. Amma İran və Rusiya da son hadisələrdən dərs alıblar. 2020-ci ilə qədər Azərbaycan torpaqlarında işğalı dəstəkləyərək, regionda öz status-kvolarını qurmuş olsalar da, güc və hərbi üstünlüyün yararsızlığı fonunda Azərbaycanın beynəlxalq amilləri doğru dəyərləndirərək hər iki ölkənin ortaq “status-kvosu”nu öz xeyrinə dəyişdiyinin şahidi olublar.

Azərbaycan tərəfi indi də eyni təcrübəni təkrar edir: İsrailin və Türkiyənin hərbi-texniki qüdrəti bizimlədir, İngiltərə və Çinin iqtisadi potensialı və iqtisadi maraqları Azərbaycanın tərəfində, Şərqi Avropanın, Balkanların, Ərəb dövlətlərinin diqqəti yenə Azərbaycandadır. Siyahını uzatmaq olar, amma tək bu amillər İran təyyarəsi və rus sülhməramlısı kimi bəlaların Azərbaycanı “məhv etmək” iqtidarında olmadığını deməyə əsas verir. Uzağı “mesaj” veriləcək, amma rəsmi Bakının qərarlarını dəyişə bilməyəcəklər.

Həşim Səhrablı / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki