Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin oktyabr ayının 5-də İstanbulda, 9-da isə Ankara şəhərində premyerası keçirilib.
Bu barədə Busaat.az-a “Azərbaycanfilm” kinostudiyasının İctimaiyyətlə əlaqələr və reklam şöbəsinin müdiri Lətif Lətifsoy məlumat verib.
Premyerada filmin qəhrəmanı Fulya Öztürk, ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, filmin prodüserləri – “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, “Dada Yapım” şirkətinin rəhbəri Özcan Dada, filmin yaradıcı heyəti, Ankarada yaşayan diaspora nümayəndələrimiz və digər qonaqlar iştirak ediblər.
Film 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edir.
Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur. Filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakı ərazisində aparılıb.
“Fulya” filmi oktyabr ayının 8-dən etibarən Türkiyənin, oktyabrın ortasından etibarən isə Azərbaycanın kinoteatrlarında nümayiş olunacaq.