Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti (AİİNBX) FHN-in daha bir tenderini ləğv edib.Tribunainfo.az xəbər verir ki, söhbət FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin keçirdiyi tenderdən gedir.
Rəsmi qaynaqlarda qeyd edilir ki, FHN-in müvafiq qurumu Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 69 ədəd fərdi yaşayış evlərinin bərpası və 1 ədəd fərdi yaşayış evində drenaj xəttinin çəkilməsi üçün tender elan edib. Dəyəri 4.272.337,43 manat olan bu prosesin ləğvinə səbəb isə “Dövlət satınalmalar haqqında” qanunun 36.1.2-ci maddəsinin tələblərinin pozulması olub.
Qeyd edək ki, bu, AİİNBX-ın FHN-in sözügedən idarəsinə aid olan ləğv etdiyi 4-cü tenderdir. Bundan öncə də, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin bir neçə milyonluq müsabiqəsinin nəticələrinə stop qoyulmuşdu.
Xatırladaq ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri general Cəbrayıl Xanlarovdur. Onu da bildirək ki, FHN rəhbərinin müavini olan bu şəxsin adı heç də xoş olmayan məsələlərdə çəkilir. Xüsusən də Abşeron rayonunda inşa edilmiş çoxmərtəbəli binaların təhlükəsizliyi ilə bağlı verdiyi rəylərin reallığı əks etdirmədiyi iddia olunur.
Sonda onu da bildirək ki, FHN-in 70 evi təmir etmək üçün 4.2 milyon manat xərcləmək fikrinə düşməsi bir evin orta hesabla 60 min manata təmirinin başa gələcəyi deməkdir. Rayon yerində bu qədər vəsaitin xərclənə biləcəyi də inandırıcı görünmür. Görünür, AİİBNX bu məsələni də nəzərə alaraq, yəni, qiymətlərin şişirdildiyini və podratçı şirkətlə gizli sövdələşməni nəzərə alaraq, tenderin nəticələrini ləğv edib. Sadəcə, ləğv protokolunda bunu açıq yazmamaqla, generala güzəşt edib.
General Cəbrayıl Xanlarovun 4.2 milyonluq tenderi ləğv edildi
Loading...