“Peyvənd olunmayan hamilə qadınlarda “COVID-19″ ciddi fəsadlar yaradır”.
Busaat.az xəbər verir ki, bunu vaksinin hamilə qadınlarına təsirlərinə münasibət bildirən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev qeyd edib.
Tibb elmləri doktoruna görə, dünyanın bir çox ölkələrində hamilə qadınlara vaksin vurulması prosesinə başlanılıb. Çünki vaksin olunmayan hamilə qadınlarda müəyyən fəsadların üzə çıxması elmi cəhətdən sübut olunub:
“Hamilə qadınlara ilk 3 aydan sonra və ya hamiləliyin ikinci yarısında uyğun peyvəndlərin vurulması elmi əsaslıdır. Artıq Fransa, Amerika və bir çox inkişaf etmiş ölkələrdə tövsiyə və tətbiq edilir. Peyvənd olunmayan hamilələrdə “COVID-19″un yaratdığı ciddi fəsadlar artıq elmi olaraq sübut edilib. Bu fəsadlardan bəhs edən tədqiqat nüfuzlu elmi jurnal olan “JAMA Pediatrics”də dərc edilib.
Tədqiqata görə, 18 ölkədən olan hamilələrdə “COVID-19″la bağlı qiymətləndirmə aparılıb. Burada çox önəmli məqamlardan biri də bu ölkələrin çoxunun səhiyyə sisteminin yüksək səviyyədə inkişaf etməməsidir. Bütün bu elmi əsaslı məlumatlar bir daha onu deməyə əsas verir ki, hamilələrə də uyğun peyvənd təklifi elmi əsaslıdır. O cümlədən, Azərbaycanda da bu barədə düşünülməlidir”.
Gülay