Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında diqqət çəkən məqamlardan biri də mərkəzdə yerləşən bəzi ali təhsil müəssisələrinin yaxın gələcəkdə köçürülməsi ilə bağlıdır.
Baş planda Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması da təklif olunur. Məqsəd isə, mərkəzi küçələrdə nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaqdır.
Belə ki, universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrasiya ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək.
Burada özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama, eləcə də yaşayış yerləri təmin ediləcək.
Mərkəz daxilində əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları da yerləşəcək. Bu da tədqiqat klasteri və İNYŞ sistemi ilə birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.
Yalnız 4 universitetdən 90 minlik kontingent…
Məlumat üçün bildirək ki, hazırda paytaxtın mərkəzində 10 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların məhz dördü ən böyük kontingentə məxsusdur.
Belə ki, Bakı Dövlət Universitetində 23756 tələbə bakalavriat və magistratura pillələri üzrə təhsil alır. Professor-müəllim heyətini, eləcə də aspirantura və doktorantura pillələrini bura əlavə etsək, ümumi say 35 min nəfərdən çox olacaq.
Digər böyük təhsil müəssisəsi olan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) isə hazırda 18 400 tələbə müxtəlif pillələr üzrə üzrə təhsil alır. Professor, müəllim və heyətini bura əlavə etsək ümumi say 25 min nəfərə yaxındır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hazırda müxtəlif pillələr üzrə 16 183 tələbə ali təhsil alır. Burada çalışan 611 nəfər professor, müəllim və heyətini diqqətə alsaq, universitetin ümumi kontingentinin 17 min nəfərə yaxın olduğunu görərik.
Azərbaycan Tibb Universitetində hazırda 7270 tələbə ali təhsil alır. İşləyən akademik heyətin sayı isə 2086 nəfərdir. Bunlarında ümumi sayı 9356 nəfər təşkil edir.
Təkcə bunların bütün kontingenti 90 min nəfərdən çox olur. Yəni, yalnız bu universitetlərin şəhər mərkəzindən bir qədər kənara köçürülməsi ilə paytaxtın yükü xeyli yüngülləşmiş olacaq.
Bəs, universitetlər paytaxtdan köçürülərsə, hansı yeniliklərə səbəb olacaq? Hazırda buna ehtiyac varmı?
Busaat.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Bizim.Media-ya açıqlamasında, əvvəlcə dünya təcrübəsindən bəzi sitatlar gətirib:
“Bəzi ölkələrdə ali təhsil müəssisələri meqapolislərdən kənarda fəaliyyət göstərir ki, bu da onların daha geniş əhatədə fəaliyyət göstərmələrinə şərait yaradıb. Onların təcrübəsində böyük kampusların yaradılması, tikintisi və işləməsi böyük üstünlük təşkil edir”.
Kampusların çox böyük üstünlüklərə malik olduğunu deyən müsahibimiz müəllim və tələbə şəhərciyi funksiyasiyasının əhəmiyyətli olduğunu hesab edir:
“Yəni tələbələr heç yer getmədən və əlavə vaxt itirmədən müəllimlərlə əlaqəli olurlar. Bir kampusun daxilində inşa olunan yataqxanalar, yaşayış məkanları, evlər, idman meydançaları, kitabxanalar və digər məkanlar xüsusi əhəmiyyətə malik olur və sağlımlıqla yanaşı, sosiallaşmağa səbəb olur”.
Kampusu və qapısı olmayan universitetlər…
Hazırkı universitetlərin 95-98 faizinin kampusunun olmadığını deyən deputatın sözlərinə görə, yalnız ADA Universiteti və Bakı Ali Neft Məktəbinin kiçik kampusları yaradılıb:
“Bir çoxunun qapıları birbaşa küçələrə çıxır və buna görə də tələbələrin asudə vaxtının rasional təşkili mümkün olmur. Reytinqlərdə isə ali məktəblərin kampusların həcmi və funksionallığı əsas kriteriyalar kimi götürülür. Tələbə şəhərciyinin olması, keyfiyyətli təhsilə, insan kapitalının inkişafına öz töhfəsini verə bilər”.
Ekspertin fikrincə, ali təhsil tələbənin yalnız auditoriyada hansısa bir mühazirəni və ya seminarı dinləməkdən ibarət olmamalıdır:
“Onların asudə vaxtlarının təşkili, idmanla məşğul olmaları, sosiallaşması, kitabxanada mütaliəsi çox vacibdir. İstənilən halda ali məktəblərin köçürülməsi üçün dövlətin maliyyə dəstəyinə ciddi ehtiyac olacaq:
“Onların özünün elə də böyük büdcəsi və əlavə vəsait qazanmaq imkanları yoxdur. Çünki, tələbə ödənişləri hesabına yaşayırlar. Yəni, tələbələrin köçürdüyü vəsaitlərin 80-85 faizi professor-müəllim heyətinin əmək haqlarına və universitetlərin saxlanmasına sərf olunur. Bu baxımdan da dövlət əlavə investisiyalar ayırmalıdır. Qarabağda bərpa-quruculuq işlər tam başa çatandan sonra bu işlərin gerçəkləşməsi üçün müəyyən layihələr həyata keçiriləcək”.
Əcnəbilər oxumaq üçün Azərbaycana axışacaq…
Bəzi universitetlərin regionlara köçürülməsinin bir çox məsələdə mühüm rol oynayacağını deyən deputat bunun həm də tələbələrin sağlamlığı baxımından da vacib olduğunu vurğulayıb:
“Bu, həm də paytaxtda sıxlığı, nəqliyyat problemlərini aradan qaldıracaq və tələbələrin paytaxta axınının qarşısını alacaq, Bunlar isə daim hökumətin və aidiyyatı orqanların diqqət mərkəzində olmalıdır. Hamımız istəyirik ki, bizim yüksək reytinqli ali məktəblərimiz olsun və reytinq siyahılarında yer alsın. Əgər belə olarsa, o zaman əcnəbi tələbələrin axınına səbəb olacaq, dövlətin gücünü ortaya qoyacaq və təhsilin keyfiyyətinin yüksəlməsində böyük əhəmiyyətə malik olacaq. Yaxın gələcəkdə Azərbaycan Dövlət Pedoqoji, Xarici Dillər və Bakı Dövlət universitetlərinin regionlara köçürülməsi öz aktuallığını itirməməlidir”.
Qeyd edək ki, Bakı şəhərinin Baş Planında, yaxın gələcəkdə universitet şəhərciklərininin iki məkanda inşa edilməsi nəzərdə tutulub. Bunlardan biri, Xocasən Bilik Mərkəzi, digəri isə Mərdəkan Regional Mərkəzində bilik mərkəzləridir.
Bu məkanları nümunə gətirən müsahibimiz, Dövlət Aqrar Universitetində yaradılan şəraiti də xatırladıb:
“Universitet üçün böyük kampus yaradılıb və çox böyük əhəmiyyətə malikdir. Aqrar sahəsində peşəkarlaşmaq üçün təcrübə-sınaq mərkəzləri yaradılıb və tələbələr orada praktiki təcrübələr əldə edirlər. Heç bir ölkədə universitet korpuslarında kimyəvi və digər laboratoriyalar olmur. Onlar üçün ayrıca korpuslar tikilir. Ona görə ki, laboratoriyalarda aparılan kimyəvi analizlər zamanı iylər olur və tədris üçün diskomfort yaranır”./bizim media