“İranın xarici siyasətində, xüsusən də Zəngəzur dəhlizi məsələsində qlobal dəyişikliklər olunacağı düşünmək sadəlövlük olar”.
Bu sözləri politoloq Kamran Məmmədli Busaat.az-a açıqlamasında deyib.
Məsud Pezeşkianın hakimiyyəti dövründə İranın Zəngəzur dəhlizi məsələsinə yanaşmasına dair ehtimalları dəyərləndirən politoloqa görə, yeni seçilmiş türk prezident dini lider Xamneyinin xeyir-duasını alanlardandır.
Onun sözlərinə görə, İranda hər şeyi, o cümlədən prezidenti belə seçən və yaxud seçdirən Ali dini lider və onun ordusu SEPAH-dır:
“İranda namizədlərin və dolayısı yolla kimin prezident olmasını Ali dini liderin tabeçiliyində olan İran Konstitusiyasının Keşikçiləri Şurası müəyyən edir və daha sonra prezident seçkiləri keçirilir. Demək olar ki, şuranın təqdir etdiyi bütün namizədlər İran dini təşkilatları ilə sıx əlaqəsi olan adamlardır. Eyni zamanda həmin şuranın qərarlarına müdaxilə edə biləcək yeganə ali güc də məhz Ali dini lider Xamneyidir. Hətta bir neçə ay öncə sabiq prezidenti Əhməd Nejat yenidən namizəd olmaq istəsə də, onun namizəd olmasını şura təsdiqləmədi. Eynən Məsud Pezeşkianin özünün də bundan öncəki seçkilərdə namizədliyi qeydə alınmamışdı”.
Pezeşkianın Zəngəzur dəhlizi məsələsi ilə bağlı mövqeyinə gəlincə, politoloq İranın mövqeyində dəyişiklik olmayacağını vurğulayıb.
“İranın Ali dini lideri və SEPAH-ın komandanları bundan öncəki və heç də uzaqda olmayan dövrlərdə dəfələrlə demişdi ki, Zəngəzur bizim qırmızı xəttimizdir. Bu baxımdan yeni prezidentin dönəmində də bu siyasət davam etdiriləcək”.
Kamran Məmmədli, politoloq
Müsahibimizə görə, Azərbaycan dövləti olaraq çalışmalıyıq ki, İranla bu məsələdə ortaq mövqe tapıb məsələni öz xeyrimizə həll edək.
“İranla əlaqələri yaxşılaşdıraraq onlara zəmanət verək ki, bu dəhlizin açılması onlar üçün təhlükə yaratmayacaq”, – deyə Kamran Məmmədli əlavə edib.