Londonda Qafqaza həsr olunmuş yeni jurnal fəaliyyətə başlayır

Londonda Qafqaza həsr olunmuş yeni jurnal fəaliyyətə başlayırbackend

Böyük Britaniyada, Ermənistan-Azərbaycan münaqişəsi bir daha dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrildiyi bir dövrdə Qafqaza həsr olunmuş yeni, öz səhifələrində aktual problemləri işıqlandıracaq jurnal fəaliyyətə başlayır.

Busaat.az xəbər verir ki, bu barədə məşhur “Yahoo Finace” internet portalı xəbər yayıb.

“Azerbaijan in Focus” siyasət, beynəlxalq münasibətlər, biznes, iqtisadiyyat, enerji layihələri, multikulturalizm, mədəniyyət, səyahət, tarix, etnoqrafiya, kitab aləmi və təhsil də daxil olmaqla hərtərəfli mövzuları əhatə edəcək ingilis dilində, çox platformalı bir nəşrdir.

Naşir Taleh Bağıyev bildirib ki, “Azerbaijan in Focus” nəşrinin məqsədi tarixi inkişaf və islahatlar mərhələsində olan bu dinamik, dünyəvi ölkə ilə maraqlanan və sayı sürətlə artan ingilis dilli oxuculara xitab etmək, informasiya boşluğunu doldurmaq, hələ kəşf edilməmiş sahələri kəşf etməkdir.

Jurnalda Azərbaycan və qərb araşdırmaçılarının, media mənsublarının, akademik dairələrin və digər mütəxəssislərin məqalələri, dərin araşdırmaları və rəyləri dərc ediləcək.

Geniş video və sosial media məzmunu ilə dəstəklənən internet portalı (www.azerfocus.com) hazırda fəaliyyətə başlayarkən, aylıq çap nüsxələri 2021-ci ildən etibarən Avropanın böyük şəhərlərində yayılacaq.

Bağıyev qeyd edib ki, Londonda “Azerbaijan in Focus” jurnalının nəşri zərurəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizi və Azərbaycanın dostlarını informasiya məkanında daha çox fəallıq göstərmək barədə etdiyi çağırışdan yaranıb. Bu yaxınlarda “TREND” analitik-informasiya agentliyinə verdiyi müsahibəsində Mehriban xanım Əliyeva, “Onların haqq səsi tarixin saxtalaşdırılması hallarını aşkar etməyə və tamamilə əsassız, açıq-aydın yalan, təhrikçi materialların yayılmasının qarşısını almağa kömək edir. Onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur” deyərək vurğulayıb.

Jurnalın Baş redaktoru Neil Vatson ““Azerbaijan in Focus” Birinci vitse-prezidentin ölkə üçün bu tarixi və həlledici dövrdə beynəlxalq informasiya məkanında daha çox iştiraka çağırışının birbaşa nəticəsidir”,- deyə bildirib.

N.Vatson: “İngiltərədə yerləşən, Azərbaycan üzrə ixtisaslaşmış ilk media platformalarından biri olaraq Azərbaycanın ədalət səsi olmaq üçün güclü bir jurnalist, tədqiqatçı və akademik komandası yaratmağı hədəfləyirik. Qərəzsiz, ədalətli və cəlbedici məzmun təqdim etməklə bərabər, yalan və saxta məlumatları müəyyən etmək və düzəltmək  üçün çox çalışacağıq”.

“Son həftələrdə Ermənistanla Azərbaycan arasında hərbi gərginlik, təxminən otuz il əvvəl Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətrafdakı yeddi rayonun işğal olunmasından bəri misli görünməmiş həddə çatdı. Erməni silahlı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan işğalı altındadır.

Otuz ilə yaxındır ki, Ermənistan beynəlxalq hüquqa görə öhdəliklərini yerinə yetirmir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək üçün öz torpaqlarında mübarizə aparır”, – deyə jurnalın naşiri və Ermənistan- Azərbaycan müaqişəsinə dair “Qafqazda erməni məsələsi” və “Xocalı faciəsi: beynəlxalq baxış” kitablarının müəllifi Taleh Bağıyev vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90