Dünyanın aparıcı restoranlar şəbəkəsi “McDonald`s”ın Azərbaycandakı təmsilçisi – “McDonald`s Azərbaycan” QSC cərimələnə bilər.
Şirkət haqqında İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin pozulması ilə bağlı Səbail rayon Məhkəməsində iş qaldırılıb.
Bildirilir ki, avans yolu ilə ödənilmiş valyuta müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilməyib və ya işlər, xidmətlər göstərilməyib. Bununla belə, ödənilmiş valyuta xaricdən geri qaytarılmayıb.
İXM-nin sözügedən maddəsinə əsasən, “McDonald`s Azərbaycan”ın vəzifəli şəxsi inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək, şirkət özü isə qaytarılmayan valyutanın iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.
Qeyd edək ki, hakim Azər Tağıyevin sədrliyi ilə sentyabr ayının 24-nə bununla bağlı məhkəmə iclası təyin edilib.
Xatırladaq ki, “McDonald`s Azərbaycan” QSC 1 mart 1999-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 340-da yerləşən QSC-nin nizamnamə kapitalı 2 milyon 845 min manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir./Yenisabah.az