Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb.
Busaat.az bu barədə Belarus mətbuatına istinadən xəbər verir.
Mərkəzin açılışında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla, Minsk Dövlət Linqvistika Universitetinin rektoru Natalya Laptyeva, Belarus Təhsil Nazirliyinin peşə təhsili Baş idarəsinin rəisi Sergey Pişov, Belarus Xarici İşlər Nazirliyinin MDB Baş idarəsinin rəis müavini – MDB ölkələri və Gürcüstanla ikitərəfli əməkdaşlıq şöbəsinin müdiri Sergey Molunov, Azərbaycanın Belarusdakı müvəqqəti işlər vəkili Nizami Rüstəmov və başqaları iştirak ediblər.
“Ölkələrimiz arasında güclü işgüzar, mədəni, siyasi əlaqələr qurulub. Dövlətlərimizin rəhbərləri bunun nümunəsini göstərdilər. Hesab edirəm ki, bu mərkəzin açılması ilk növbədə gənclərimizi, mədəniyyətşünaslarımızı, dilçilərimizi, ədəbiyyatşünaslarımızı bir araya gətirmək üçün çox faydalı layihə rolunu oynayacaq”, – ADU rektoru akademik Kamal Abdulla bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılışı gözlənilir və qeyd edib ki, ADU-da 20-dən çox dil mərkəzi fəaliyyət göstərir: “Hesab edirəm ki, onların arasında Belarus mərkəzi də olmalıdır. Bu, burada ediləcəklərə güzgü cavabıdır. Biz Bakıda da bunu sevgi, hörmət və böyük sevinclə edəcəyik”.