Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi

image-download-7backend

Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Qarabağ işğaldan azad olundu.

Biz Vətən müharibəsində xalqımızın böyüklüyünü, yenilməz ruhumuzu, güclü iradəni göstərdik. Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək.

Vətənpərvərlik işinə çox böyük önəm verirdik. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi – bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir.

Bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.

Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmadı. Budur Azərbaycan övladının ruhu, Vətənə olan bağlılığı. Qarabağın tacı olan Şuşanı – bu alınmaz qalanı alaraq biz Şuşada Azərbaycan bayrağını ucaltdıq. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və o vaxt işğal altında qalan ərazilərdən çıxmağa məcbur olub.

Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq.

 

Talıbzadə Fatimə – Nəsimi rayon təhsil işçisi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90