Rusiya maliyyə nazirinin müavini Vladimir Koliçyev Rusiyanın neft və təbii qaz gəlirlərinin bu il arta biləcəyini bildirib.
Busaat.az xəbər verir ki, Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Koliçyev Rusiyanın neft gəlirlərindəki azalma və sanksiyalar ilə bağlı qiymətləndirmələr edib.
“Neftimizə tətbiq etdiyimiz endirim getdikcə azalır. Mart ayında Ural neftinin bir barelinin qiyməti 50 dollar idisə, indi 60 dollardır”.
Neftin qiyməti ilə bağlı proqnoz verməyin asan olmadığını dilə gətirən Koliçyev qeyd edib: “Hazırda neftin qiyməti artıb. Neftimizə tətbiq etdiyimiz endirim getdikcə azalır”.
Rusiya neftinə endirimin azalması sayəsində neft və təbii qaz gəlirlərinin arta biləcəyini vurğulayan Koliçyev, “Bu kontekstdə neft və qaz gəlirlərinin mərhələli şəkildə artacağına dair gözləntilər üçün ilkin şərtlər var. Biz bunu indi də görürük. Martda Ural neftinin bir barelinin qiyməti 50 dollar idisə, indi 60 dollardır. Bu 10 dollarlıq fərq əhəmiyyətli dəyərdir”, – deyə şərh edib.
Qeyd edək ki, Çin və Hindistan başda olmaqla Rusiya neftini almağa davam edən bir çox ölkə, mümkün sanksiya risklərinə işarə edərək, Rusiyadan endirimlər tələb edir.
Aİ ölkələri də 2022-ci ilin dekabrında Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar/barel maksimum qiymət həddi tətbiq etmək barədə razılığa gəliblər.
Bu arada, Rusiya Maliyyə Nazirliyi aprelin 7-də ölkənin neft və təbii qaz gəlirlərinin bu ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalaraq 1,6 trilyon rubla (təxminən 19 milyard dollar) düşdüyünü açıqlayıb.









