Putin bu gün siyasi səhnədə tənha bir fiqura çevrilib…

image-fb_img_1748975760313backend

Bu dəqiqələrdə Rusiya Teleqram kanallarının əsas müzakirə mövzusu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun istefasıdır.

Ukrayna Təhlükəsizlik Xidmətinin bu gün Krım körpüsünü partlatması, iyunun 1-də isə Rusiyanın hərbi aerodromlarına qarşı “Hörümçək toru” əməliyyatı nəticəsində strateji bombardmançıları da daxil olmaqla 41 təyyarəsini məhv etməsi Bortnikovun istefasını şərtləndirib.

Putinin ətrafındakı “sədaqət maskası” sayılan, son dərəcə sadiq komandasına daxil olan Bortnikov da “Seçin”lərdən sayılır.

Bu komandadakıların çoxu karyerasına Rusiyanın təhlükəsizlik xidmətlərində başlayıb. On illərdir Putinlə bərabər addımlasalar da, bu savaşda Bortnikov və Narışkinin səssiz istəksizliyi əslində diqqətli siyasilər üçün gözdən qaçmırdı.

Rusiya-Ukrayna müharibəsi başladığı gündən bəri Kremlin içindəki sükut əslində böyük bir parçalanmanın əlamətidir. Vladimir Putin 2022-ci ilin fevralında tammiqyaslı işğala başlamaq qərarı verdikdə, yanında yalnız bir neçə şəxs var idi – Sergey Şoyqu, Valeri Gerasimov, Sergey Lavrov, Viktor Zolotovun rəhbərlik etdiyi şəxsi mühafizə ordusu “Rosqvardiya” və təhlükəsizlik elitasının başında duranlar: Nikolay Patruşev, Aleksandr Bortnikov və Sergey Narışkin.

Lakin müharibənin gedişatı göstərdi ki, nə bu qərarın nəticələrinə hazırlıq var idi, nə də daxildə real dəstək. Xüsusilə Ukraynanın davamlı hərbi və informasiya uğurları Kremlin içindəki “sədaqət” mifini dağıtmağa başladı. Əslində Putin “Rosneft”in rəhbəri İqor Seçin və milyarder qardaşlar Boris və Arkadi Rotenberqləri çıxmaq şərti ilə (Putinin uşaqlıq dostlarıdır), demək olar ki, hər kəsi qorxu və şəxsi maraqla idarə edirdi. Bu idarəetmə forması isə tarixdən də bilindiyi kimi, hər zaman sonda liderə qarşı sədaqətsizliklə tarixə yazılır.

Aleksandr Bortnikov – yuxarıda da qeyd etdiyim kimi – uzun illərdir Putinin “siloviki” (güc strukturlarının rəhbərləri) klanının əsas fiqurlarından biridir. Lakin onun fəaliyyəti daha çox qoruma və daxili nəzarət üzərində qurulub, siyasi liderlik və ya təşəbbüskarlıq göstərməyib.

Bortnikovun bir neçə dəfə Putinlə müəyyən məsələlərdə fikir ayrılığı yaşadığı haqda Qərb mənbələrində məlumatlar yayılıb. Məsələn, 2022-ci ildə işğal qərarı zamanı Bortnikovun daha ehtiyatlı yanaşma təklif etdiyi iddia olunur. Eyni zamanda o, KQB məktəbindən çıxan və “oğru qanunları” ilə işləyən adamdır – belə şəxslər üçün loyal olmaq yox, güc balansını qorumaq vacibdir.

Əgər Putinin gücü zəifləyirsə, Bortnikovun tərəf dəyişməkdə tərəddüd etməyəcəyini oxumaq mümkün idi.

Yeri gəlmişkən, Sergey Narışkinin 2022-ci ilin əvvəlində Təhlükəsizlik Şurasının iclasında Putinin Ukrayna ilə bağlı təzyiqlərinə məruz qaldığı həmin iclasın videoları dünya mediasında yayıldı və Narışkinin aşağılandığı, tərəddüd etdiyi aydın görünürdü.

Bu hadisə siyasi elitalar üçün açıq mesaj idi – Putin tək qərar verən, digərlərini isə sadəcə icraçı və təqsirkar kimi görən bir liderə çevrilmişdi.

Narışkinin həmin gündən etibarən daxildə narazılıq keçirdiyi, öz təhlükəsizlik aparatında müəyyən müstəqil əlaqələr qurmağa çalışdığı barədə iddialar var. Onun SVR-in (Xarici Kəşfiyyat Xidməti) rəhbəri kimi Qərb və Çinlə gizli kanallar qurmaq imkanları da bu ehtimalı artırır.

Putinin Tənha Qalması və Sonun Yaxınlaşması artıq 200 ildən çoxdur bizə baha başa gələn rus ayısı və Maşa tamaşasını yekunlaşdırmaqdadır.

Nəhayət, elə o cizgi filmində Maşanın dediyi kimi:
“Qoca ayı, sən siyasətdən heç anlamadın…”

Putin bu gün siyasi səhnədə tənha bir fiqura çevrilib. Ən yaxın saydığı Lavrov belə, yalnız formal loyallıq nümayiş etdirir. Digər şəxslər – Şoyqu, Zolotov, Bortnikov və Narışkin kimi – Putinin siyasi dayaqlarını qorumağa yox, öz mövqelərini və gələcək perspektivlərini təmin etməyə çalışırlar.

Ən təhlükəli məqam isə budur: Putin üçün strateji əhəmiyyət kəsb edən şəxslər, onun məğlubiyyətini hiss edən andan etibarən ilk olaraq onu tərk edəcəklər.

Bortnikovun bu günlərdəki “səhvləri”, onun bu anı gözlədiyinin göstəricisidir.

Ukraynadakı uğursuzluqlar, ölkədə iqtisadi sıxıntıların artması və beynəlxalq təcrid – bütün bunlar Kreml içindəki loyallığı sürətlə zəiflədir.

Qısacası, istefaya gedəcək tək adam var Rusiyada – o da Qoca Putindir…

ANAR ƏSƏDLİ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki