“Putin Paşinyandan Qarabağı Zəngəzurla dəyişdirməyi tələb etdi” – KUZNETSOV

image-aynabackend

Tanınmış analitik: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər, lakin bu, Rusiyaya heç cür sərf etmir”

Ermənistanda keçirilən seçkilərdən sonra Paşinyanın Moskvaya anlaşılmaz səfəri baş tutdu. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Proseslə bağlı AYNA-nın suallarını tanınmış rusiyalı politoloq Oleq Kuznetsov cavablandırıb.

– Bu günlərdə Paşinyan Moskvaya səfər etdi. Nəticədə heç bir sənəd imzalanmadı və səfərin özü kifayət qədər qısa oldu. Bu ziyarətə nə səbəb oldu və bunun əsas nəticələri nədir?

– Paşinyanın Moskvaya səfəri ilə əlaqəli ilk və ən açıq fakt – onun Moskvaya, Putinlə görüşə, ölkəsinin Milli Məclisi tərəfindən hələ təsdiqlənməmiş, Ermənistanın Baş naziri vəzifəsində uçmasıdır. Təbii ki, bir neçə gün ərzində yeni seçilən deputatların onu ölkənin ən yüksək hökumət postuna təsdiqləyəcəyi aydındır, amma bu günə qədər bu, baş verməyib. Bu, o deməkdir ki, Paşinyan Rusiyaya hökumət başçısı kimi deyil, vəzifəsinə təsdiqlənməmişdən qabaq audiensiya üçün kralın yanına gələn, bir növ orta əsr vassalı kimi tamamilə müəyyən olmayan bir vəziyyətdə uçdu. Əvvəllər rus şahzadələri tarixdə bu şəkildə davranırdılar, hökmranlıq üçün bir yarlık almaq üçün Qızıl Orda xanının qərargahına gəlirdilər. Deməli, Ermənistan və Paşinyanın şəxsən Kremlin tərəfindən alçaldılması sürətlə davam edir və hətta Paşinyanla görüşmək üçün aeroportda fəxri qarovul dəstəsinin düzüldüyünə də əmin deyiləm. Hər şey elə görünürdü ki, xozeyin bir vilayət kəndinin kəndxudasını oradakı ot biçinlərinin necə getdiyini öyrənmək üçün çağırıb.

Paşinyanın Moskvaya səfərindən sonra heç bir yekun sənəd olmadığını söyləməkdə tam haqlısınız – bu, ola da bilməzdi, çünki səfərə gedənin heç bir təsdiq edilmiş rəsmi statusu yox idi. Rusiya Prezident Administrasiyasının mətbuat xidmətindən, yalnız “RİA Novosti” tərəfindən yayımlanan bir məlumat mesajı verildi: görüş faktı təsdiqləndi və jurnalistlər üçün açıq fotosessiya və başqa bir şeyin olmadığı açıqlandı. Paşinyanın Moskvaya səfərinin bu formatı onun məzmunu ilə bağlı spekulyasiyalar üçün geniş bir sahə açır. İndi Ermənistanda qanuni bir hökumət yoxdur və buna görə də Paşinyan hökumətin yeni tərkibini ilk olaraq Lubyankada, daha sonra isə Kremldə razılaşdırmaq üçün Moskvaya uçduğunu qəbul etmək tamamilə mümkündür.

Çox ola bilər ki, bu görüş Paşinyan üçün daxili siyasi baxımdan son dərəcə vacib olub: Prezident Putinlə görüşündə bədnam “Qarabağ klanı”nın yüksək vəzifəli şəxslərinin taleyi də müzakirə edilib və Paşinyan və ətrafındakıların Rusiyanın Cənubi Qafqazdakı maraqlarına şəxsi sədaqəti bu amildən asılı olacaq. Bu məsələdə Paşinyan, əminəm ki, israrlı və iddialı idi, “qarabağlıları” iki dəfə – 2018-ci ildə bir dövlət çevrilişi və sonrakı dekorativ parlament seçkiləri zamanı və 2021-ci ildə keçirilən parlament seçkilərində məğlub etdi. Seçkilər Kremlin Qarabağ kölələrinin istənilən xarici siyasət ssenarisində Ermənistanda heç bir şəkildə populyar olmadığını daha çox açıq şəkildə göstərdi. Prezident Putin xalqın dəstəyinin Paşinyanın arxasında dayandığını söyləməklə, bu həqiqəti açıq şəkildə etiraf etdi və bununla da indi Ermənistan dövlətçiliyinin yeni bir konstruskiyasının yaradılmasının tamamilə həmkarının əlində olduğunu açıq şəkildə bildirdi.

Əlbəttə ki, müharibədən sonrakı Dağlıq Qarabağ nizamlanması məsələsi də bu görüşün gündəminin mərkəzində idi, çünki İrəvan və Moskvanın bu məsələdəki mövqeləri kökündən fərqlidir. Paşinyanın Qarabağdan imtina etmək niyyətində olduğuna və Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğuna daha çox əminəm, çünki bu addım rəqiblərini – “Qarabağ klanı”nı siyasi mövcudluğun maddi əsaslarından məhrum edəcək və Ermənistandakı hakimiyyətini gücləndirəcək. Amerikalı sosioloqların hesablamalarına görə, bu gün Ermənistanda əhalinin dörddə üçü Qarabağı ölkə üçün ağır bir yük hesab edir və buna görə də ilin sonuna qədər İrəvanın Azərbaycanın 1975-ci il hüdudlarında ərazi bütövlüyünü tanıması təəccüblü olmazdı.

Ancaq bu, Kreml üçün sərfəli deyil, çünki ölkənin ərazi bütövlüyü tanınarsa, Rusiya sülhməramlılarının bir kontingentinin suveren Azərbaycan bölgəsində – Qarabağda qalması mənasızdır. Və əgər “sülhməramlılar” Qarabağdan çıxsalar, bu, Kreml üçün təhlükəli bir presedent yaradacaq, daha sonra Dnestryanıya, Abxaziyaya, Cənubi Osetiyaya, Donbassa və hətta Krıma yayıla bilər. Buna görə də Paşinyana, çox güman ki, bu məsələyə “son Qarabağ ermənisinə qədər dirənmək” tapşırığı verildi. Çünki, yalnız belə situasiya Kremlin xarici siyasət konstrusiyasını dağılmaqdan xilas edəcək. 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində belə vəziyyət Putin üçün ikiqat təhlükəlidir. Buna görə, mənə elə gəlir ki, Paşinyanla bir görüşdə Vladimir Putin Qarabağı Zəngəzurla dəyişdirməsini tələb etdi, bununla da Qarabağdakı sülhməramlı qüvvələrin varlığını 2020-ci il 10 noyabr sazişinin müddətində qoruyub saxladı. Yəni, bununla da ölkədəki daxili siyasi vəziyyətin pisləşməsi fonunda 3 ildən sonra keçiriləcək prezident seçkilərində istənilən nəticəsini təmin etmək üçün Kreml xarici siyasətinə nəfəs almağa möhlət verdi.

Bütün bunların belə olub-olmadığını yaxın gələcəkdə öyrənəcəyik. İndi isə yalnız bir şey dəqiqliklə bildirilə bilər: Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın bu statusda Moskvaya səfəri rəhbərlik etdiyi ölkənin addım-addım beynəlxalq aləmdə hüquqi subyektliyini itirdiyini və xarici nəzarət altında olan bir ölkəyə çevirildiyini göstərir. Ancaq bu xarici nəzarətin rus deyil, Azərbaycan tərəfindən həyata keçirilməsi reallaşsa, Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi üçün çox faydalı olacaq.

– Mətbuatda yazılanlara görə, Rusiya sülhməramlıları artıq Azərbaycan-Ermənistan sərhədinə də nəzarət edəcək və birbaşa demarkasiya və delimitasiya prosesində iştirak edəcəklər. Bu prossesdən gözləntilər nədir?

– Rusiya sülhməramlılarının bu prosesə cəlb olunacağına qətiyyən əmin deyiləm, bunu iki məqam ilə izah etmək olar: Əvvəla, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin sayı zirehli texnika və xüsusi texnika ilə birgə 1960 nəfər müəyyənləşdirilib. Bu sayda hərbçi birmənalı şəkildə Ermənistan-Azərbaycan dövlət sərhədinin bütün xəttinə nəzarəti təşkil etmək üçün kifayət etmir, bu missiyanı uğurla yerinə yetirmək üçün onların sayı ən azı dörd dəfə çox olmalıdır. Ancaq kontingentin sayını artırmaq mümkün deyil, çünki bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma ilə müəyyənləşdirildiyi üçün onların xidməti və döyüş fəaliyyətinin ərazisi – Dağlıq Qarabağda dəqiq müəyyənləşdirilib, ona görə də bu iki mövqe sabitdir, dəyişməzdir və rəsmi Bakı bu müqavilənin mətnini dəyişdirməyə razılıq verməyəcək.

İkincisi, Ermənistan ərazisində bu ölkənin bir sıra qonşu dövlətlərlə dövlət sərhədinin qorunması funksiyalarını həyata keçirən Rusiya FSB-nin Ermənistan Respublikasındakı Sərhəd Qurumları İdarəsi var. Bu qurumu Ermənistan ilə Azərbaycan arasındakı dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə cəlb etmək daha məqsədəuyğun və effektivdir, çünki Rusiya FSB-nin Ermənistandakı sərhəd qurumlarının hərbi heyətinin sayı və tərkibi Rusiya ilə Ermənistan arasında Azərbaycanın iştirakı olmadan ikitərəfli razılaşma ilə müəyyən edilir. Və bu ölkədəki rus sərhədçilərinin sayının artmasını siyasi və texniki baxımdan razılaşdırmaq üçtərəfli razılaşmaya düzəliş etməkdən daha asan və daha sürətlidir. Buna görə də Rusiya sülhməramlılarını Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiya funksiyalarını yerinə yetirməyə cəlb etməkdə bir az da olsa sağlam düşüncə görmürəm. Bu, yanğın söndürənlə mismar vurmağa bənzəyir.

– Azərbaycan Prezidentinin fərmanı ilə Şərqi Zəngəzur iqtisadi zonası yaradıldı. Bu, təbii olaraq erməni tərəfinin reaksiyasına səbəb olur və bunu indi Ermənistanda olan Qərbi Zəngəzurun gələcək ələ keçirilməsi üçün bir siyasət kimi qiymətləndirirlər. Ermənilər bunun Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından başqa bir şey olmadığını iddia edirlər…

– Prezidentin bəyanatlarının məzmununa görə, Azərbaycan Ermənistandan əvvəllər ilhaq edilmiş bütün torpaqları geri qaytarmasını tələb etdiyini başa düşürəm, amma bu vəziyyətdə hansı ərazilərin nəzərdə tutulduğunu qətiyyən bilmirəm. Hal-hazırda Zəngəzur, Qafan, Meğri və Gorusda 80 mindən çox erməni yaşamır – bir kvadrat kilometrə düşən əhali sıxlığı 5 nəfərdən çox deyil, bu da Rusiya tundrasında əhalinin sıxlığı ilə eynidir. Bu ərazilərin normal iqtisadi cəhətdən inkişaf etdirilməsi üçün ən azı 10 dəfə çox əhaliyə ehtiyac var. Bölgədəki belə bir demoqrafik vəziyyəti nəzərə alsaq, Ermənistan, xüsusilə Zəngəzur nəqliyyat dəhlizinin açılışından sonra orta müddətdə bu əraziləri heç vaxt əlində saxlaya bilməyəcək. Bu bölgələrdə məskunlaşmaq üçün Ermənistan hakimiyyət orqanlarının tarixi vətənlərinə ən azı iki milyon ermənini qaytarması lazımdır.

Amma ölkədəki mövcud sosial-iqtisadi vəziyyət nəzərə alınmaqla, bu, gələcəkdə qətiliklə qeyri-mümkün və inanılmazdır. Önümüzdəki iyirmi ildə Ermənistanın Azərbaycan tərəfindən iqtisadi cəhətdən mənimsənilməsi ehtimalı barədə artıq bir neçə dəfə yazmışam və bu perspektiv mənə olduqca real görünür. Onu hansı sözlərlə ifadə etmək sizin ixtiyarınızdadır.

Ayna

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90