Qarabağda rus dili: “Rusiya separatçılara bilərəkdən dəstək verir”

image-muradovbackend

Məlum olduğu kimi, Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasında hələ də fəaliyyət göstərdiklərini iddia edən keçmiş, qondarma “dqr”də rus dilinin “rəsmi dil” elan olunması barədə məlumat yayılıb. Məlumat qondarma “dqr”-in “parlamenti”nin saytında yerləşdirilib.

“Dağlıq Qarabağın rəsmi dilləri erməni və rus dilləridir”,– məlumatda bildirilib.

Sənədə əsasən “dövlət orqanları”, hüquqi şəxslər, müəssisə və təşkilatlar ofis işlərini erməni dilində, lazım gələrsə rus dilində aparmağa borcludurlar.

Maraqlıdır,  Ermənistanda belə rus dilinin qadağan olunduğu, rus kanallarının ölkədə yayımının dayandırıldığı halda, erməni separatçıların belə bir addım atması nəyə işarədir? Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə separatçıların növbəti həyasızlığını necə başa düşmək olar?

Sualları Busaat.az-a cavablandıran AĞ Partiya sədri Tural Abbaslı Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə baş verən bütün siyasi, iqtisadi, sosial və digər məsələlərə Rusiyanın cavabdeh olduğunu bildirib: “Ən azından bu, Üçtərəfli bəyannamədə göstərilib, təsdiq olunub. Yəni, sülhməramlıların məsuliyyət çərçivəsini Üçtərəfli bəyannamə tənzimləyir. Amma biz rusların Qarabağa gəldiyi ilk gündən bəyannamədən irəli gələn tələbləri həyata keçirmək əvəzinə, ermənipərəst və separatçılara dəstək nümayiş etdirən mövqeyin şahidi olmuşuq”.

“Əslində isə guya keçmiş qondarma rejimin “parlament”inin rus dilini ikinci dil elan etməsi və digər özbaşınalıqlar heç separatçı rejimin deyil, Rusiyanın gedişləridir. Çünki Rusiya çalışır ki, Qarabağdakı bir qrup özbaşına erməninin vasitəsi ilə regionda varlığını möhkəmləndirsin və ona görə də onları belə addımlar atmağa sövq edir. Yəni, necə ola bilər ki, Azərbaycanda rəsmi axtarışda olan və barəsində cinayət işi açılmış Arayik Arutunyan sülhməramlıların nəzarət zonasında özünü hansısa qurmun rəhbəri elan eləsin və heç kim tərəfindən tanınmayan həmin qurumun rəhbəri Rusiya ordusunun Generalı ilə bərabərhüquqlu masa arxasında oturub danışıqlar aparsın? Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya bilərəkdən bu addımlara göz yumur. Nəinki göz yumur, özü rəvac verir və planını cızır. Bütün məqsəd də Rusiyanın regionda varlığının davam etməsi üçün münbit şəraitin yaradılmasına xidmət edir”-deyə, Abbaslı vurğulayıb.

image-tural-abbaslijpg-1580281613
Tural Abbaslı-AĞ Partiya sədri

Partiya sədri əlavə edib ki, Rəsmi Bakı bu cür addımları cavabsız qoymamalıdır: “Bildiyiniz kimi, bəyannamə üçtərəfli olsa da proseslərdə dördüncü tərəf-Türkiyə də var. Biz elə öz müttəfiqimiz olan Türkiyə ilə bu addımlara qarşı adekvat addımlar atmalıyıq və əgər, belə davam edərsə, Azərbaycan birtərəfli qaydada Üçtərəfli bəyannamədən çıxacağı barədə ultimatum verməli və konkret şərtlər irəli sürməlidir. Necə ki, atəşkəs dönəmində Kəlbəcər, Laçın və Ağdamın boşaldılması ilə bağlı konkret təqvim verildi, indi də Üçtərəfli bəyanatın şərtləri Ermənistan tərəfindən icra olunmadığına görə, Azərbaycan  birtərəfli qaydada razılaşmadan çıxıb anti-terror əməliyyatı başlatmalı və Qarabağdakı erməni separatçılarını təmizləməlidir. Təbii ki, Üçtərəfli bəyannamə qüvvədən düşdüyünə və Rusiyanın Azərbaycandakı varlığının heç bir hüquqi əsası olmadığına görə, Rusiya Azərbaycan ərazisini tərk etməlidir. Yox, Rusiya anti-terror əməliyyatı istəmirsə, əzizləri olan ermənilərin qanlarının tökülməsini istəmirsə, o zaman Üçtərəfli bəyanatın bəndlərinə əməl etmək lazımdır”.

“Bəyanatda əsas bəndlərdən biri də o idi ki, Azərbaycan ərazisindən bütün erməni silahlı birləşmələri çıxarlmalı idi. Lakin bu maddə hələ də öz əksini tapmayıb. Azərbaycan da bunu əsas gətirərək Üçtərəfli bəyanatdan çıxaraq anti-terror əməliyyatına başlamalıdır. Təbii ki, Rusiya da bunun qarşılığında boş dayanmaz, lakin bəzən siyasətdə risk almağı da bacarmaq lazımdır. Yəni, biz öz qətiyyətimizi göstərməliyik. Necə ki, biz sentyabrda müharibəyə başlayacağımızı desəydik, yenə də Rusiyanın icazə verib-verməyəcəyi sual olunacaqdı. Demək ki, riks alınmalı, qətiyyət nümayiş etdirilməli və dirəniş göstərilməlidir. Düşünürəm ki, artıq elə bir an gəlib çatb ki, Rusiya diplomatiyası və cəmiyyəti Azərbaycanın bu məsələdə prinsipiallığını, güzəştə getməyəcəyini və qətiyyətini görməlidir. Bu qətiyyət də əməllərlə sübut olunmalıdır, qruru bəyanatlarla yox”-deyə, müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90