Qurban Qurbanov istefaya göndərilir? – AÇIQLAMA

image-2backend
image-ad_qayo_720x110px
“Qarabağ”ın bu mövsüm Avropa Liqasının qrup mərhələsində uğursuz çıxış etməsi hələ də tənqidlərə səbəb olur. 

Ağdam təmsilçisinin 36 komanda arasında sonuncu olması, bərbad futbol oynaması və futbolçular arasındakı anlaşılmazlıqlar sərt təpkilərə gətirib çıxarıb. Üstəlik, “Qarabağ” həmin matçların bəzilərində də böyük fərqlə məğlub olub.  Bütün bunlardan sonra “Qarabağ”ın baş məşqi Qurban Qurbanovu istefaya göndərə biləcəyi iddiaları yayılıb. Bəzi azarkeşlər və ekspertlər bunun doğru qərar olacağını düşünürlər. Onunla yola davam edilməsini istəyənlərin sayı da az deyil. Bəs bundan sonra hansı addım atılmalıdır? Qurban Qurbanov istefaya göndərilə bilər?

Mövzu ilə bağlı tanınmış futbol eksperti Mehman Süleymanov “Cebheinfo.az”-a danışıb. O hesab edir ki, “Qarabağ” Qurban Qurbanovu istefaya göndərməyəcək:

“Artıq 11 ildir ki, Azərbaycanı sadəcə “Qarabağ” Avropada təmsil edir. Ondan başqa hansısa komandamız bu uğura nail ola bilmir. Ağdam təmsilçisi Avropada qruplardan çıxır, tarixi nəticələrə imza atır, amma başqa komandalarımız heç qrupa düşə bilmir. Yəni bu reallıqları da nəzərə almaq lazımdır. Üstəlik, ölkəmizin iddialı klublarının tez-tez baş məşqçi dəyişməsinin fəsadları da göz önündədir”.

Ekspert Qurban Qurbanovun istefaya göndərilməsi ilə bağlı təzyiqlərin yersiz olduğunu düşünür:

“O, çox təcrübəli mütəxəssisdir və ən titullu baş məşqçimizdir. Qurban Qurbanovun “Qarabağ”ı haradan hansı səviyyəyə gətirdiyini hamımız görmüşük.

Hətta yaxın gələcəkdə hansısa baş məşqçinin onun rekordlarını qıracağına inanmıram”.

Onun sözlərinə görə, “Qarabağ”ın uğursuzluğuna səbəb Avropa Liqasının yeni formatı olub: “Görünür, yeni format da nəticələrimizə təsir etdi. Ona uyğunlaşmaq üçün bizə vaxt lazımdır. Əvvəl uzun illər qrupda sadəcə 3 komanda ilə oynayırdıq. Bu mövsümdən isə 8 komanda ilə qarşılaşdıq. Bu da bir qədər təsir etdi. Lakin “Qarabağ”ın yeni mövsümdə bundan nəticə çıxararaq daha yaxşı nəticələr əldə edəcəyini gözləyirik”.

Ekspert qeyd edib ki, hər bir komandanın uğursuz dönəmləri ola bilər:

“Unutmayaq ki, “Qarabağ” cəmi bir mövsüm əvvəl Avropada çox uğurlu nəticələrə imza atırdı. “Braqa” və “Bayer Leverkusen” matçları hələ də xatirimizdədir.

Sadəcə komandanın heyətinə əl gəzdirmək lazımdır. Bu, çox vacib məsələdir.  Hesab edirəm ki, xüsusən də hücum xəttinin güclənməsinə ehtiyac var. Kadinin transferi də bu istiqamətdə atılan addım idi. İnşallah, yeni mövsümdə tam fərqli və uğurlu bir “Qarabağ” görəcəyik. Komandanın uğursuz çıxışı uzun müddət davam etməyəcəyini və indiki məqamda hansısa radikal qərarların veriləcəyini düşünmürəm”.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki