“Ruslar imkan versə idi, Azərbaycan Şuşanı azad edəndən sonra…” – Əfşar Süleymani 

image-7826bf8d-13fb-4f01-8b5b-468647bf2617_cx0_cy2_cw0_w1080_h608_sbackend

Busaat.az İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymaninin “Yeni Sabah”a müsahibəsini təqdim edir:

– 44 günlük Qarabağ savaşından sonra bölgədəki durumu necə dəyərləndirirsiniz?

44 günlük savaşda Azərbaycan böyük naliyyətlər əldə etdi və bu naliyyətlər 30 ildən sonra xüsusi əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də region üçün. Bundan sonra azad olunan ərazilərin bərpası ilə bağlı sürətli işlərin başlanması sevindirici haldır. Bununla bəraabər məsələ tam şəkildə bitməyib. Hər halda ərazidə rusların sülhməramlı qüvvələrri var, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəranda hələ də ermənilər var, orada məsələ yekunlaşmayıb. Xankəndiyə ermənilərin köçü davam etdirilir, son xəbərlərə görə 60 min erməni köçürülüb. Bunlar bəzi narahatlıqlar yaradır. Görünən odur ki, ərazidə hələ də böhran nöqtəsi qalmaqdadır.

-Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi sizcə onun regional və həmçinin beynəlxalq münasibətlərinə hansı təsirləri göstərə bilər?

– Azərbaycanın öz hərbi gücünü, milli birliyini göstərməsi böyük uğur idi. Təbii ki, bu, Azərbaycanın regionda və beynəlxalq aləmdə öz nüfuzunu artırdı. Azərbaycana baxış artıq dəyişib. Ərazilər 30 il işğal altında idi, problem dondurulmuş vəziyyətdə qalmışdı. Bəzən məsələnin həllinə inam belə itmişdi. Müharibə xalqın öz dövlətinin arxasında necə dayandığını göstərdi. Açıq mesaj verildi ki, Azərbaycanın torpaqlarına heç kim göz dikə bilməz. İşğal altında olan torpaqların böyük hissəsi geri qaytarıldı. Bu proses Azərbaycanın gücünə güc qatacaq. Azərbaycanın istiqlaliyyətinin dayanıqlı olmasına öz təsirini göstərəcək. Azərbaycanın müstəqilliyindən sonrakı dövürdə bu, ən böyük müsbət hadisə oldu.

– Ölkə daxilində 44 günlük müharibənin yekunları ilə bağlı fərqli fikirlər var. Bəziləri problemin həll olunduğunu, bəzi qism isə tam həll olunmadığını düşünür. Azərbaycandan kənarda olan bir şəxs kimi siz necə fikirləşirsiniz?

– Təbii ki, müxtəlif fikirlər ola bilər. Amma real baxanda Azərbaycanın uğurları aydındır, göz qabağındadır. Amma qalan məsələlər də var. Hələ də Xankəndidə iclaslar keçirirlər, Arutyunyan özünə kabinet qurur, nazir təyin edir filan… Ermənistan rəsmiləri rahat şəkildə gəlib-gedir. Orada Rusiyanın sülhməramlı adı ilə başqa işlərlə məşğul olması narahatlıq yaradır. Düzdür, bir neçə gün əvvəl Fransa jurnalistlərini əraziyə buraxmayıblar və deyiblər ki, Azərbaycandan icazə alın. Bu xəbər ürəkaçandır. Və yaxud həmin ərazidən qaçqın düşən azərbaycanlıların nə vaxt qayıdacağı da sual altındadır. Arutyunyan hələ də oradadır. Bəs ərazi nə vaxt Azərbaycanın idarəçiliyinə keçəcək? Mən də buradan müşahidə edirəm və istəyirəm ki, bu məsələ tam həll olunsun. Azərbaycan azad edilmiş ərazilərin bərpası ilə yanaşı digər ərazilərin də azadlığı üçün iş aparmalıdır. Azərbaycanın suverenliyi tam bərpa edilməlidir, deyə düşünürəm.

– Hələ də ermənilərin və sülhməramlıların nəzarətində olan ərazilərin tam olaraq Azərbaycanın nəzarətinə keçməsi üçün sizcə nə lazımdır? Diplomatik yolla bu məsələnin öz həllini tapacağını düşünürsünüzmü?

– Mən də arzulayıram ki, diplomatik yolla həll olunsun. Amma son hadisələr göstərdi ki, diplomatik yolla da həll olunmaya bilər. Azərbaycan 30 il gözlədi, atəşkəsdən sonra Minsk qrupu heç nə etmədi. Azərbaycan göstərdi ki, bu problemi özü də həll edə bilər. Azərbaycan indiki halda diplomatik gücünü də göstərməlidir ki, digər ərazilər də azad edilsin. Ermənilər tərəfindən bəzi siqnallar gəlir ki, gərək hərbi cəhətdən güclənsinlər və torpaqları yenidən işğal etsinlər. Azərbaycan bunu da nəzərdən qaçırmamalıdır. 24 saat göz yummamalıdır, daha da güclənməlidir. Rusiya ilə daha sıx əlaqədə olmalıdır ki, problem çox uzanmasın. Çünki ruslar imkan versə idi Azərbaycan Şuşanı azad edəndən sonra Xankəndini də azad edəcəkdi. İndi pərdəarxasında nə var, onu bilmirik. Amma istənilən halda Azərbaycan daim güclənməlidir. Ümumilikdə düşünrəm ki, qalan torpaqların azad olunması üçün Azərbaycan bütün imkanlardan istifadə etməlidir. Əgər əvvəlki kimi dondurulmuş vəziyyətdə saxlanılacaqsa, bu Azərbaycanın xeyrinə olmayacaq.

– Rusiya sülhməramlıları haqda fikir də birmənalı deyil. Onların tərəfsiz olmadığı deyilir. Onların fəaliyyəti İrandan necə görünür?

– Ümumiyyətlə, rusların ora gəlməyinə ehtiyac yox idi. Aydın bir məsələ idi ki, Azərbaycanın ərazisi işğal olunmuşdu və indi həmi əraziləri qaytarır. Və tam şəkildə qaytaracaqdı da. Sonra da ikitərəfli müzakirə aparıb sülh müqaviləsi bağlanardı. Orada ruslar iki halda ola bilərdi: Ermənistan çox güclü ola, Azərbaycan ərazisini ala bilməyə və təklif oluna ki, arada ruslar dursun. Və ya əksinə, Azərbaycan öz torpaqlarını azad edəndən sonra Ermənistan ərazisində də torpaqlar tutaydı. Azərbaycanın da belə bir niyyəti yox idi.

Rusiyanın Ermənistanda hərbi bazaları var və onlar hərbi müttəfiqdir. Sülhməramlılar isə bitərəf qüvvələrdən ibarət olmalıdır. Amma hamı bilir ki, ruslar bu münaqişənin yaradıcılarındandır. Ona görə də rusların bu məsələyə müdaxiləsi lazım deyildi və bu olmasaydı, problem də tam həll olunardı. Vasitəçi BMT olmalı idi. Bu gün onlar orada sadəcə sülhü təmin etmirlər, başqa işlərlə də məşğuldurlar. Bunlar hamısı şübhə doğuran məsələlərdir. Əgər rusların Qarabağda dayaqları möhkəmlənərsə, bu o deməkdir ki, rus ordusu Azərbaycan torpaqlarına qayıdıb. Bir zamanlar rus ordusu Azərbaycandan çıxarılmışdı. Amma indi bu bəhanə ilə Laçına, Xankəndinə qayıdıblar. Azərbaycan onların Qarabağda möhkəmlənməsinə imkan verməməlidir. Bu təkcə dövlətin işi deyil, hamı – KİV, siyasi partiyalar iş görməlidir.

– İşğaldan azad olunan ərazilərdəki məscidlərdə ermənilərin donuz saxlandığı, bir çoxunun isə dağıdıldığı bəlli oldu. Prezident İlham Əliyev də İslam ölkələrinə müraciət edərək bu məsələni onların diqqətinə çatdırdı. Amma bununla bağlı hər hansı bir müsəlman ölkəsinin ciddi bəyanatına rast gəlmədik.

– Mən bu fikirlə razıyam ki, ermənilərin bu hərəkətlərinə qarşı müsəlman ölkələrindən lazımı reaksiya olmadı. Bu haqda filmlər hazırlanmalı, vəziyyət izah olunmalı və islam ölkələrinə, BMT-nin müvafiq qurumlarına göndərilməlidir. Yəni bunları sənədləşdirməyə ehtiyac var. Ermənistanın Azərbaycana nə qədər ziyan vurduğu dəqiq hesablanmalıdır və əsas istiqamətlərdən biri də dini, tarixi abidələr olmalıdır. Bu təbliğat dayanmadan aparılmalıdır. Beynəlxalq telekanallara çıxmağa ehtiyac var. Bunlar olsa, ciddi reaksiyalar da olacaq. Buna əminəm. Hətta özünü görməməzliyə vuran dövlətlər də reaksiya vermək məcburiyyətində qalacaq. Ermənilər özlərini məzlum göstərir və indi dünyaya yaymağa çalışırlar ki, guya Azərbaycan onların torpaqlarına təcavüz edib. Bu təbliğatı ifşa etmək lazımdır.

– Müharibədən sonra Azərbaycanla-İran arasında münasibətlərcə necə davam edəcək? Xudafərin SES-də əməkdaşlıq olacaq və həmçinin azad olunmuş ərazilərin bərpasında da İran şirkətlərinin iştirakı haqda fikirlər var. Zaman-zaman iki ölkə arasında müəyyən problemlər olub. Sizcə bundan sonra bu problemlər həllini tapacaqmı?

– İran-Azərbaycan arasında olan münasibət indiki durumda bir az da inkişaf edəcək. Düzdür, iki ölkə arasındakı münasibətlərdə eniş-yoxuş çox olub. İndi Azərbaycan öz torpaqlarını azad edib və başqa problemlər olmasa, düşünürəm ki, Ermənistanla da münasibətlərin yaxşılaşmasına doğru addım atar. Bu daha çox Ermənistana lazımdır. Sonra Türkiyə ilə də Ermənistan münasibətləri düzələ bilər. İranla Ermənistan arasında bəzi əlaqələr vardı ki, onlar da artıq əhəmiyyətdən düşür. Yəni bu əməkdaşlığa qarşı Azərbaycanın həssaslığı vardı, düşünürəm ki, bu həssalıq da aradan qalxacaq. Azad olunan ərazilərin bərpasında təbii ki, İran da iştirak edə bilər. Bu, Azərbaycanın seçimi olacaq. İstənilən halda İranla Azərbaycan sərhədi bərpa olunub və orada yeni sərhəd-keçid məntəqələri ola bilər. Düşünürəm ki, İran şirkətləri ilə bərpa işlərinin aparılması daha ucuz başa gələ bilər. Hazırda isə Qarabağda Türkiyə şirkətlərinin daha aktiv olduğu görünür, çünki Türkiyə Azərbaycanla daha yaxındır. 44 günlük müharibədə də Türkiyə Azərbaycanı daha çox dəstəklədi. İran da imkan dairəsində torpaqların azad olunmasında öz dəstəyini ifadə etmişdi. Ümumilikdə Qarabağın bərpa olunmasında İranın ciddi dəstək verəcəyini düşünürəm.

Mən həmişə demişəm, İran-Azərbaycan arasındakı münasibətlər sıx əməkdaşlıq şəraitində qurulmalı, qarşılıqlı inam olmalıdır. Anlaşılmazlıq olanda isə onları qarşılıqlı müzakirə ilə həll etmək lazımdır. Yoxsa, problemlər həll olunmasa, əməkdaşlıq da dərinləşməz. Bəzən bəzi məsələlər olur ki, o məsələlərdə müştərək hərəkət edib ortaq nöqtələri tapmaq lazımdır. Hər halda xarici siyasət məsələlərində İranın Azərbaycanla müqayisədə baxışları fərqlidir, hətta orada ixtilaflar da ola bilər. Amma onlar ikitərəfli əlaqələrə təsir etməməlidir. Maraqlar üst-üstə düşəndə əməkdaşlıq etməlidirlər. O cümlədən də Qarabağda bərpa işlərində də müştərək əməkdaşlıq olmalıdır. Məsələn İranın Rusiya ilə də əlaqələri var. Amma bu ölkə ilə də yalnız bəzi məsələlərdə fikirlər üst-üstə düşür. Rusiyanın Amerika, İsrail, Səudiyyə ilə əlaqəsi var və İranla da əlaqələr qurub. Amma İranın həmin 3 dövlətin heç biri ilə əlaqəsi yoxdur. Yəni xarici siyasətdə hər bir ölkə üçün balans siyasəti vacibdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90