Azərbaycan Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası üçün davamlı səy göstərir.
Busaat.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, beynəlxalq sənədlərdə, milli qanunvericilikdə milli mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunsa da, dünyada insanların milli və etnik mənsubiyyətinə görə təqib olunması, ayrı-seçkiliyə, soyqırımı kimi dəhşətli cinayətlərə məruz qalması hallarına rast gəlinir:
“Azərbaycan bu siyasətin nəticələrindən ən çox zərər çəkmiş ölkələrdən biridir. XX əsrin əvvəllərində soyqırımına məruz qalmış xalqımız, həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünü göstərən nifrət siyasətinin qurbanına çevrilib”.
S.Əliyeva bildirib ki, Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrinin dağıdılması, özgəninkiləşdirilməsi məhz milli mənsubiyyətinin inkar olunmasının, Azərbaycanofobiya və etnik nifrət siyasətinin göstəricisi idi:
“XX əsrdə dəfələrlə deportasiyaya məruz qalmış, eləcə də 1987-ci ildən başlayaraq Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və bu məsələnin beynəlxalq gündəmdə yer alması üçün hazırda Azərbaycan dövləti davamlı səylər göstərir”.
Ombudsman xatırladıb ki, bu il Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür:
“Bu qanlı hadisə insanların milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyi ən ağır faciələrdən biridir. Hər il tərəfimizdən bu mövzuda bəyanat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilir, bu soyqırımına hüquqi qiymət verilməsinə, təqsirkarların məsuliyyətə cəlb edilməsinə dair çağırış edilir”.