Bir neçə ildir ki, ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə hayata keçirilən kadr islahatları davam etməkdədir. Nəticədə yüksək post tutan şəxslər öz vəzifələrindən çıxarıldılar, onların bir neçəsi hazırda həbsxanalarda cəza çəkirlər. Eyni zamanda, gənc və perspektivli şəxslərə etimad göstərildi.
Lakin uzun illərdir yüksək vəzifə tutan bir neçə şəxs var ki, onlar hələ də ölkədəki islahatlar dalğasından “sığortlanmağı” bacarırlar. Məsələn, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev! S.Mehdiyev ölkədə ictimai reputasiyası tamamilə zədələnmiş məmurlar siyahısında ilk yerdə qərarlaşır. Ancaq əldə edilən informasiyalar Gömrük şefinin fəaliyyəti ilə bağlı çox ciddi məqamların ortaya çıxarılacağı ehtimalını artırır. Bildirilir ki, S.Mehdiyevin fəaliyyətinin yoxlanılması və Gömrük sistemində islahatların aparılması ilə bağlı ortaya ciddi siyasi iradə qoyulub.
Busaat.az-ın əldə etdiyi məlumatlardan aydın olur ki, yaxın aylarda S.Mehdiyev Gömrük Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılacaq. Hətta onun fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatası və hüquq-mühafizə orqanları hazırlıqlı hala gətirilib.
Etibarlılığı şübhə doğurmayan mənbənin verdiyi məlumata görə, S.Mehdiyevi əvəzləyəcək şəxsin kimliyi də artıq bəllidir. Belə ki, S.Mehdiyevi Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevin əvəzləyəcəyi bildirilir. Hətta vəzifə təyinatı ilə bağlı Ə.Abdullayevin özünün də müəyyən danışıqlarda iştirak etdiyi əldə olunan məlumatlar sırasındadır.
Məsələnin aktullağını nəzərə alan Busaat.az Ə.Abdullayevlə bağlı qısa araşdırma aparıb. Onun 59 yaşı var. Babək rayounun Nehrəm kəndində anadan olan (S.Mehdiyevlə eyni kənddəndir- red.) Ə.Abdullayev 2006-cı ildən Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışır. Sual olunur, o, ölkədə aparılan sağlam kadr islahatlarının tələblərinə cavab verirmi? Ə.Abdullayev siyasi elitada “köhnə komanda”nın ən üst eşalonunda oturan şəxslərin əmrlərinin Gömrük Komitəsindəki əsas icraçılarından biri olub. Yeni komanda prinsiplərindən, müasir islahatlar prizmasından tamamilə fərqli reputasiyaya malik Ə.Abdullayevin Gömrük sisteminə rəhbər gətirilməsi bu sahədəki problemləri daha da dərinləşdirə bilər.
Onu da qeyd edək ki, Busaat.az adı Ə.Abdullayevlə bağlı maraqlı foto əldə edib. Fotodan göründüyü kimi, Ə.Abdullayev təm-təraqlı məclislərin birində rəqqasənin sinəsinə dollar qoyur.
Emin Fərzəliyev