Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, bunun üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdrəsi tərəfindən hər il olduğu kimi 2024-cü ildə də bir sıra işlər həyata keçirilib. Belə ki, şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.
Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovun sözlərinə görə, ərazilər sayğaclaşdırılır. Köhnə xətlər yeniləri ilə əvəz olunur. Su itkisi demək olar ki 50 faiz aşağı endirilib. Hazırda su itkilərimiz şəhər üzrə 27-30 faiz təşkil edir: “Qarşımıza su itkilərini minimum endirməyi hədəf qoymuşuq”.
İl ərzində su xətlərində 1627, kanalizasiya xətlərində isə 1472 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb. Ümumiyyətlə, şəhər ərazisində baş verən bütün qəzalar dərhal aradan qaldırılır. Şirvan sakinləri əvvəlki illərdə içməli su ilə bağlı yaşadıqları problemlərin artıq aradan qalxdığını bildirirlər.
Şirvan şəhər sakini Azər Şükürovun bildirdiyinə görə, Şirvan şəhərində vaxtilə su problemi olsa da, indi demək olar ki, problem həll olunub. “Bütün borular dəyişdirilib, hər yerə sayğac qoyulub, su təminatı 100 faiz yaxşıdır”.
2024-cü il ərzində layihənin davamı olaraq şəhərdə əsasən, “Köhnə şəhər” yaşayış massivinin Şıxbalaoğlu, 1 May, İsmət Qayıbov, Səməd bəy Mehmandarov, Nizami Gəncəvi, Həzi Aslanov, Seyid Əzim Şirvani, Şirin Şükürov və digər küçələrini əhatə etməklə 14160 paqonometr müxtəlif diametrli yeni su xətti, H. Əliyev prospekti ilə paralel ictimai-iaşə obyektlərinin qarşısında və digər küçələrdə, ümumilikdə 224 paqonometr 150 mm-lik, 1997 paqonometr 200 mm-lik, 2294 paqonometr 300 mm-lik yeni kanalizasiya xətləri çəkilib, 316 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Bundan başqa 1122 ədəd mexaniki sayğac quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 9205 kvadratmetri bərpa edilib. Su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulan ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılıb.
Fərhad Hüseynov qeyd edib ki, hazırda Şirvan şəhərində M.F.Axundov, Məhəmməd Əsədov, Şəhidlər, Şirvan küçələrində 488 abonentə su və kanalizasiya xətlərinin çəkilişi davam edir. Şəhərin digər hissəsində İsmət Qayıbov, Şirin Şükürov, Gülbala Şıxbalaoğlu küçələrində 1800 abonentə su xətlərinin çəkilişi başa çatdırılıb.
Qeyd edək ki, Şirvan şəhər Sukanal İdarəsinin xidməti ərazisində 1 ədəd nasosxana fəaliyyət göstərir ki, həmin nasosxananın sazlığı daim diqqətdə saxlanılır.